Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
5 yaşına qədər uşağı xəstəxanada saxlatdıran valideynlər məhkəməyə cəlb olunub
5 yaşına qədər uşağı xəstəxanada saxlatdıran valideynlər məhkəməyə cəlb olunub

Moskvada 6 yaşlı Saşanın ata-anasının valideynlik hüququndan məhrum edilməsi üçün məhkəmə prosesi başlayıb. Səbəb isə budur ki, 6 yaşlı uşaq səhhətində ciddi problemlər olmasa da, doğulandan xəstəxanada saxlanılıb.

Bizimyol.info xəbər verir ki, 2020-ci ilin aprelində bir ailə xəstəxanadan uşağı öz himayəsinə götürüb. Azyaşlı qıza analıq edən Yuliya “Kommersant”a danışıb ki, uşaq il yarıma yaxın müddətdə xəstəxanadakı həyatı, bioloji valideynləri haqqında heç nə danışmayıb. Valideynlərin özləri də ötən ilin avqustundan qəyyum ailə ilə əlaqə saxlamayıb.

Yuliyanın sözlərinə görə, xəstəxanadan çıxarıb bağ evinə apardıqları ilk vaxtlarda uşaq adamları görəndə ağlayır, başqa uşaqlardan qorxurdu, küçəyə çıxmaq istəmirdi, sağlamlığıyla bağlı da müəyyən problemlər vardı: “Biz onu götürəndə qarnı və yanaqları sallanmışdı, boğazı şişmişdi. Şirin nəsə yeyən kimi dərisi kağız kimi quruyurdu, bütün bədəni qaşınırdı. Saşanın əməliyyata ehtiyacı yarandı”.

Yeni ailədə ilk vaxtlarda qız, hətta evin içində də Yuliya ilə birlikdə hərəkət edirdi. O, tək qalmaqdan qorxurdu.

“Əgər mən tualetdəyəmsə, gəlib qapının arxasında dayanıb gözləyirdi. Yemək hazırlayıramsa, yanımda dayanıb, paltarımdan yapışırdı. O, təxminən yarım ildən sonra evin içində sərbəst hərəkət etməyə başladı”, - Yuliya danışır.

Yeni ailə uşağı əvvəlcə 10 dəqiqə gəzintiyə çıxarırdı. Zaman keçdikcə müddəti artırıblar: “Həyətə mənim kiçik uşaqlarım daxil olan kimi, Saşa qorxub evə qaçırdı. Uşaqları sanki təhlükə kimi görürdü. Amma indi saatlarla həyətdə oynayır”.

Keçən yay qızı dənizə aparanda o, suya yaxınlaşmağa qorxub. Bu yay isə o qədər xoşuna gəlib ki, onu dənizdən çıxarmaq olmurmuş.

Yuliyanın dediyinə görə, qız bioloji valideynlərini xatırlamır. Doğmalarından yalnız ana babası ilə əlaqəsi var. Uşaqla xeyli vaxtdır ki, psixoloq işləyir. Övladlığa götürənlər onu rəsm dərnəyinə, şahmat məşqlərinə də yazdırıb. O, bu ildən birinci sinfə gedir.

“Bəzən onun hansısa ifadələrindən ehtimal edirəm ki, xəstəxanada nələr baş verib”, - Yuliya belə deyir.

Saşa haqqında ilk dəfə 2019-cu ildə “Meduza” məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, 2014-cü ildə anadan olmuş qız uşağını valideynləri Moskvadakı “Ana və uşaq” adlı perinatal mərkəzdə ödənişli dayə ilə saxlatdırır.

Valideynlər iddia edir ki, uşaq sağalmaz xəstədir. Amma həkimlər bildirib ki, qız sağlamdır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »