Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın Ermənistandan yeni Konstitusiya tələbi
Azərbaycanın Ermənistandan yeni Konstitusiya tələbi

Türkiyənin Anadolu Agentliyinin Azərbaycan Prezidenti İlham Əliyevdən aldığı müsahibə çox mühüm mesajlarla yadda qaldı. O müsahibənin çox maraq doğuran hissələrindən biri də Ermənistanın baş naziri Nikol Paşinyanın Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanla görüş istəməsinə Azərbaycan dövlət başçısının münasibəti ilə bağlıdır.

Jurnalist İlham Əliyevdən soruşur: “Paşinyanın bu sözlərini Siz necə dəyərləndirirsiniz? Üstəlik, bu düşüncə Türkiyə və Azərbaycan üçün yetərlidirmi? Yəni, Ermənistanın görüşlərə başlaya bilməsi üçün etməli olduğu, yerinə yetirməli olduğu öhdəlikləri varmı?”

Prezident Əliyev bu suala xeyli geniş cavab verib. Əslində bu, müsahibənin əsasını təşkil edir. Məlumdur ki, Ermənistanın Türkiyəyə yanaşmasında qeyri-səmimilik mşahidə olunur: bir tərəfdən, Türkiyə Prezidentinin 3+3 formatında regional əməkdaşlıq təklifini rədd edir, sülh müqaviləsinə yanaşmır, sərhəd problemlərinin həllini uzadır, yolların, dəhlizlərin açılmasına müsbət cavab vermir (razılıq versə də, əməl etmir), Türkiyəyə qarşı ərazi iddialarından əl çəkmir, o biri yandan da, Türkiyə ilə münasibətləri normalaşdırmaq istədiyini bəyan edir, Türkiyə Prezidenti ilə görüş istəyir. Hətta Gürcüstandan bu görüş üçün vasitəçilk etməsi xahişində bulunur.

Prezident Əliyev də bu məsələni şərh edərkən, əslində, Ermənistanın oyun oynaması cəhdinə diqqət çəkir. Ona görə də deyir ki, Ermənistan öz Konstitusiyasında Türkiyəyə qarşı ərazi iddialarından geri çəkilsin: “Ermənistan Konstitusiyasında Türkiyəyə qarşı torpaq iddiası var. Bundan vaz keçməlidirlər. Öncə Konstitusiyanı yenidən hazırlayıb qəbul eləməlidirlər”.

Bu sitatın özü Azərbaycan-Türkiyə münasibətlərinin səviyyəsini bir daha gözlər özünə sərir. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da Ermənistanın görüş xahişini şərh edərkən: “Əgər niyyətlərində səmimidirlərsə, görüşə bilərik” demişdi. İlham Əliyev də Türkiyəyə münasibətdə öz siyasi səmimiyyətini ortaya qoymaq üçün Ermənistan hökumətinə açıq-aydın yol göstərir. Əlbəttə, bunu Azərbaycan Prezidentinin deməsi xüsusi məna kəsb edir: Azərbaycan-Türkiyə münasibətlərində səmimiyyət o həddədir ki, ölkə Prezidentləri bir-birinin ölkəsinin maraqlarını başqa ölkələr qarşısında açıq və qətiyyətlə ifadə və müdafiə edə bilirlər. Və burada bir maraqlı məqam da var: əgər Ermənistan Konstitusiyasındakı məlum ərazi iddialarını Prezident Ərdoğan ondan görüş istəyən Paşinyana demiş olsa, bu zaman Ermənistan və onun təbliğat maşını bunu Ankaranın normallaşmadan uzaqlaşmaq cəhdi kimi dünyaya yayacaqdı. Nikol Paşinyan Prezident Ərdoğanla görüş istəyini ona görə ifadə etməyib ki, həqiqətən də belə bir görüşün olmasını istəyir. Əksinə, Türkiyədən ən yüksək səviyyədə “yox” cavabını almaq istəyir ki, özünün üçtərəfli bəyanatda Azərbaycana verdiyi “hə” cavablarından yayına bilsin və Türkiyənin regional əməkdaşlıqla bağlı təklifinə müsbət yanaşmadığına “əsaslandırma” əldə etsin.

Əslində Azərbaycan Prezidenti Türkiyənin rəsmi dövlət agentliyi olan Anadolu Agentliyi vasitəsilə Ermənistana lazımi cavabı verib. Yəni Türkiyənin verəcəyi cavabı. Bunu “hə” şəklində “yox” və ya “yox” şəklində “hə” kimi şərh etmək olar. Azərbaycan Prezidenti Türkiyə cəmiyyətinin də məsələyə münasibətindən çıxış edərək deyir ki, Ermənistan Türkiyə ilə münasibət qurmaq istəyirsə, əvvəlcə Türkiyəyə qarşı torpaq iddialarından əl çəksin. Həm də siyasi bəyanatlarla deyil, hüquqi addımlarla. Çünki Ermənistan Türkiyənin ərazilərinin bir hissəsini öz ərazisi olaraq Konstitusiyasında göstərib. Və bu gün bu iddialar Konstitusion normalar şəklində qüvvədə qala-qala Türkiyə ilə normallaşmadan danışır. Türkiyə dövləti isə Anadolu Agentliyini göndərir ki, gəlib, bu sualı Azərbaycan Prezidentinə versin. Yəni Paşinyana deyirlər ki, İlham Əliyev necə desə, elə olacaq. Münasibətlərdəki yaxınlıq, mövqelərdəki sinxronluq o dərəcədədir ki, İlham Əliyev də elə Türkiyənin deyə biləcəyini deyib. Türkiyə bu addımı ilə görüşdən, təmaslardan imtina etmədiyini deyir, ancaq həm də bu məsələlərdə Azərbaycanın mövqeyini əsas götürdüyünü də bir daha xüsusi olaraq vurğulamış olur. Və bir daha dünya görmüş oldu ki, Azərbaycanla Türkiyə arasında olan münasibətin eynisi bir yana qalsın, hətta oxşarı belə başqa iki dövlət arasında yoxdur.

Bütün bunlarla yanaşı Ermənistanın Türkiyə siyasətinə Prezident İlham Əliyevin verdiyi şərh çox koloritlidir. Əslində Azərbaycan dövlətinin başçısı Ermənistan siyasətinin politoloji deyil, tibbi baxımdan təhlil etməyi doğru sayır. O deyir: “Ermənistan kimi gücsüz və bu gün tamamilə darmadağın edilmiş ölkə Türkiyə kimi nəhəng ölkəyə qarşı necə torpaq iddiasında ola bilər? Bu, psixi xəstəliyə bənzəyən bir şeydir”.

Prezident bu yanaşmasını əsaslandırır və Ermənistan siyasətçilərinin qeyri-adekvat davranışlarını şərh edərək deyir: “...onların bir çox addımları “irrasional addımlardır, yəni, reallıqdan uzaq, hansısa mifologiyaya, xülyalara və gerçəkləşməmiş arzulara əsaslanmış bir yanaşmadır. Onu da siyasi aləmdə düzgün təhlil etmək çox çətindir. Bu, yəqin ki, tibb aləmində təhlil olunarsa, daha düzgün olar”.

Beləliklə, bir yandan Türkiyənin böyük bir parçasını “Qərbi Ermənistan” adlandırıb rəsmən Konstitusiyada təsbit edərkən, Ağrı dağını öz herbinə rəsm seçərkən, o biri yandan Türkiyə ilə münasibətləri “normallaşdırmaq” təklifində bulunan zehniyyətə bundan daha uyğun bir dəyərləndirmə tapmaq çətindir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »