Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
«İran rəhbərliyində​ praqmatik adamlar varsa, Azərbaycanla dialoqa üstünlük verəcəklər»
«İran rəhbərliyində​ praqmatik adamlar varsa, Azərbaycanla dialoqa üstünlük verəcəklər»

“Prezident İlham Əliyevin son müsahibəsindəki fikirləri İrana meydan oxumaq kimi yox, məhz diplomatik gediş kimi anlamaq lazımdır”.

Bu sözləri Bzimyol.info saytına politoloq Tofiq Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin Anadolu Agentliyinə müsahibəsindəki İranla bağlı açıqlamaları şərh edərkən bildirib.

Tofiq Abbasov Tofiq Abbasov

O qeyd edib ki, dövlət başçısının müsahibəsində İrana qarşı hər hansı ittiham, yaxud diplomatik cəhətdən yolverilməz sayılacaq ifadələr yer almayıb.

“Həmin müsahibəni izlədim. Orda faktlar sadalanır. Görünür ki, ölkə rəhbərliyi məsələni mətbuata çıxarmadan, qalmaqal yaratmadan həll etmək istəmişdi. Hətta sentyabrda yenidən bu barədə video və foto materiallar yayıldıqdan sonra da, Prezident köməkçisi iki dəfə İran səfirini qəbul etdi, amma görüş haqda mətbuata məlumat sızdırılmadı. Azərbaycan gərginlik istəmirdi və bütün problemləri diplomatik yolla həll etməyə çalışırdı. Ondan sonra nə oldu? İran bizim sərhədlərə qoşun yığdı. Əgər söhbət həqiqətlərdən gedirsə, biz haqlı tərəfik, çünki bizim ərazi bütövlüyümüzə hörmətsizlik olunub. Bu haqda açıq danışmağın zamanı gəlib. Bütün fakt və arqumentlər masaya qoyulmalı, hər kəs bir-birindən narazı olduğu, narahatlıq hiss etdiyi məqamları dilə gətirməlidir”, - deyə politoloq söyləyib.

T.Abbasovun sözlərinə görə, indiyədək Azərbaycan rəhbərliyi səviyyəsində Ermənistan istisna olmaqla, istər İran, istərsə də başqa dövlət haqqında belə açıq tənqidi fikirlər səsləndirilməyib:

“Azərbaycan həmişə çalışıb ki, regiondakı dövlətlərlə normal münasibətlər saxlasın. Hər hansı problemi isə şou ilə, mətbuat vasitəsilə deyil, danışıqlarda və masa arxasında yoluna qoysun. Görünən odur ki, İran tərəfi Azərbaycanın bu dialoq cəhdlərinə ya yetərincə önəm verməyib, ya da bizim yanaşmamızı səhv anlayıb. Mənim fikrimcə, İlham Əliyevin son açıqlamalarında artıq yeni mərhələyə çağırış var. Prezident İrana səslənir ki, daha yetər, gəlin açıq və şəffaf dialoq quraq, qərəzsiz fikir mübadiləsi aparaq”.

Onun sözlərinə görə, Azərbaycan İranla münasibətləri korlamaq istəmir: “Heç İranın da belə bir niyyətdə olacağını güman etmirəm. Dialoqun həll edə bildiyi problemləri müharibə də həll edə bilməz. Düşünürəm ki, İranın yeni prezidenti Rəisi təşəbbüsü əlinə alacaq və qarşılıqlı səfərlər, dialoq üçün müəyyən addımlar atacaq. Bəli, biz başa düşürük ki, İranda güclü erməni diasporu var və İran da Ermənistana tərəfdaş kimi yanaşır. Lakin bu dövlətin ərazisində bizim 30 milyondan çox soydaşımız yaşayır. Xalqlarımız arasında tarixi-mədəni bağlar var. Bu amilləri görməzdən gələ bilmərik. Əgər İran rəhbərliyində praqmatik şəxslər varsa, mən inanıram ki, var və az deyil... Onlar bu gərginliyin aradan qalxması üçün əllərində gələni edəcək və ritorikaya yox, dialoqa üstünlük verəcəklər”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »