Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanlı ilə avropalının hüquq sisteminə baxışlarındakı fərq
Azərbaycanlı ilə avropalının hüquq sisteminə baxışlarındakı fərq

Dünyada insanın yaşaması üçün havadan, sudan sonra ən vacib nemət azadlıqdır desək yanlış olmaz. İnsan azadlıqlarını qorumaq üçünsə çoxlarının çərçivə, qəfəs hesab etdiyi qanunlar var. Başqa sözlə bir şəxsin azadlığının limiti başqa şəxsinin azadlığının başladığı yerə qədərdir. 2011-ci ildə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı qəbul edilib.

Fəaliyyət Planında əhalinin müxtəlif qruplarının, o cümlədən insan hüquqlarının həyata keçirilməsi nöqteyi-nəzərindən zəif hesab olunan qrupların – qaçqın və məcburi köçkünlər, məhkumlar, hərbi qulluqçular, qadınlar, uşaqlar, ahıllar, əlillər və başqalarının insan hüquq və azadlıqlarının daha səmərəli qaydada təmin edilməsi məqsədilə fəaliyyət istiqamətləri müəyyən olunub. Həmçinin, etnik azlıqların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində fəaliyyətin davam etdirilməsi, işsizlərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili kimi vəziyyətlər də öz əksini tapıb.

Azərbaycan Konstitusiyasında kollektiv, ictimai hüquqlarla yanaşı, şəxsin hüquqlarına da geniş yer ayrılıb. Şəxsi və ailə həyatının sirrini saxlama hüququna vəsiyyətnamə və övladlığa götürmə sirri, onun sağlamlığı haqqında məlumatlar, həkim diaqnozları və proqnozları, bank hesabının sirləri, gündəlik qeydləri və s. daxildir.

Qanunun 32-ci maddəsində göstərilir: Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi həyata müdaxilə etmək qadağandır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir.

Azərbaycanda əhali məhz 32-ci maddənin pozulması hallarından əziyyət çəkir. Və bu əziyyəti sadə vətəndaşa hansısa dövlət qurumu, idarə, məmur deyil, ailəsi göstərir. Xalq olaraq "mentalitet, milli dəyərlər" deyərək çox şeyi bir-birinə qarışdırmışıq, şəxsi azadlıqlarımıza həddən artıq müdaxilənin mövcud olmasını etiraf etməliyik. Məhz, bu gərəksiz müdaxilələr ailədaxili münaqişələrin qabarmasına yol açır. Çünki ailə məişət zəminində öz yaxınlarından, qohumlarından əziyyət çəkməsi hallarında vətəndaş çox az hallarda hüquqlarının müdafiəsi üçün hüquq müdafiə orqanlarına, məhkəmələrə müraciət edir. Polis və məhkəmə adətən zorakılıq hallarının son nəticələrindən, kiçik problemlər artıq cinayətə döndükdən sonra xəbərdar olur, qurban və hadisəni törədən tərəflə iş başlayır. Halbuki, hər kəs öz hüququnu daha yaxşı tanısa, bilsə və vaxtında müraciət etsə, məsələ daha asan və qısa həll yolu tapa bilər. Kiminsə əli qana bulaşmadan, adı “qara siyahılara” yazılmadan.

Bu günlərdə sosial şəbəkələrdə oxuduğum bir xəbər marağımı çəkdi. Hollandiyada 12 yaşlı uşaq koronavirusa qarşı vaksin olunmasına icazə verməyən valideynlərini məhkəməyə verib və məhkəmə prosesindən qalib çıxıb. Hollandiyada 16 yaşa qədər yeniyetmələrin vaksinasiyası üçün valideynlərin icazəsi tələb olunur. 12 yaşlı oğlanın valideynləri onun vaksinləşməsinə qarşı çıxdığı üçün uşaq öz haqqını məhkəmə yolu ilə tələb edib. Bu kiçik xəbər əslində ölkədə vətəndaşın hüquq azadlığının, məhkəmə mədəniyyətinin yüksək səviyyədə inkişaf etməsindən xəbər verir. Azərbaycanda belə bir məhkəmə təcrübəsinin olması barədə maraqlansam da, belə fakt və ya məlumatla qarşılaşmadım. Ailədaxili münaqişələrdən ən çox əziyyət çəkən Azərbaycan qadını ona əziyyət edən yaxın qohumlarını illərlə əziyyətlərə, çətinliklərə dözdükdən, dəfələrlə döyüldükdən, məsələ dözülməz hala gəldikdən sonra məhkəməyə verə bilir, o da kimlərinsə təkidi ilə. Məhkəməyə müraciət etmiriksə, çox zaman bunun səbəbi qanunları bilməmək, polis - məhkəmə sistemindən qorxmaq və ya inamsızlıq hiss etməkdir. Yəqin ki, bu da səbəbsiz deyil.

Hüquq normalarının təsir gücünü artırmaq üçün, onların yerinə yetirilməməyinin səbəblərini araşdırmaq, bu vəziyyəti yaradan səbəbləri öyrənmək lazımdır. Bunun üçün hüququn insanların davranışına təsir metodlarını bilmək vacibdir. İctimai, iqtisadi, mədəni, psixoloji və digər amillərlə bağlı olan bu metodların işlənib hazırlanması müasir dövrün ən aktual problemlərindən biridir. Və bu hər xalq üçün spesifikdir. Bu faktoru mütləq nəzərə almaq lazımdır.

Dediyim kimi, bir hollandiyalı ilə bir azərbaycanlının hüquq, məhkəmə sistemlərinə baxışları çox fərqlidir. Hollandiyalı ən kiçik problemini belə hüquqi yolla çözüb öz işini asanlaşdıra biləcəyini düşündüyü halda, azərbaycanlının ən az iştədiyi, hətta qorxduğu bir məqam məhkəmə qapısıdır. Bu mənada təbliğat maşını - yəni media da öz işini düzgün qurmalı, vətəndaşla hüquq sistemi arasında “isti münasibətlərin” yaranmasına çalışmalıdır. Sağlam demokratik cəmiyyət, hüquqi dövlət quruculuğunun ilk pilləsində büdrəmək olmaz.

Müasir cəmiyyətdə hakimiyyətlərin bölünməsi prinsipi (qanunvericilik, icra və məhkəmə hakimiyyətləri) həm forma, həm də məzmun baxımından xeyli təkmilləşib. Hazırda hakimiyyətin üç deyil, dörd qoldan ibarət olması haqqında fikirlər qeyri-rəsmi şəkildə olsa da qəbul edilir. Dördüncü hakimiyyət qismində Kütləvi İnformasiya Vasitələri (KİV) çıxış edir. Demokratiyanın əsasən ictimai rəyə və söz azadlığına söykəndiyini nəzərə alsaq, KİV-in dövlət hakimiyyətləri ilə qarşılıqlı münasibətlərinin cəmiyyətə böyük faydaları göz önündədir.

Azad söz və azad mətbuat demokratiyanın təməl prinsiplərindəndir. Haqqı, hüququ pozulan vətəndaşın yerli məhkəmələrə, Ali Məhkəməyə, hətta Avropa Məhkəməsinə üz tutması üçün heç bir maneə yoxdur. Yetər ki, vətəndaş getdiyi yolu aydın görsün, hədəfini müəyyənləşdirsin, öz hüququnu yaxşı bilməklə yanaşı, baqasının hüquqlarına da hörmətlə yanaşsın ki, haqlıykən haqsız duruma düşməsin.

Qarşıya çıxan problemlərin təxirəsalınmadan yerinə yetirilməsi dövlət icra orqanlarının işinin yaxşı qurulmasından da asılıdır. Eyni zamanda, vətəndaşla yanaşı, vəzifəli şəxslərin hüquq mədəniyyətinin yüksəldilməsinin də böyük əhəmiyyəti var.

Gələcək uğurlarımıza yeganə təminat-sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır.

İlhamə Rəsulova, Bizimyol.info

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyini onlayn media subyektlərinin (veb-saytların) inkişafına maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »