Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər
İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən səbəblər

İlham Əliyevin İrana “Anadolu Ajansı”na verdiyi müsahibəni izlədim. Bu müsahibədə bir çox məqamlara toxunulub, o cümlədən, son aylarda yaşanan olaylarla bağlı.

Sən demə, Xankəndiyə qanunsuz gedən yük maşınlarıyla bağlı İrana hələ iyul ayında xəbərdarlıq edilmişdi. Prezident öz müsahibəsində xatırladır ki, İrana aid yük maşınlarının Xankəndiyə keçməsi barədə məlumatlara çoxdan malik idi, lakin dəqiq məlumatlar son aylarda, müharibədən sonra əldə olunmağa başladı.

O, İran səfiriylə qeyri-rəsmi, şifahi danışmaq üçün Prezident Administrasiyasına göstəriş verdiyini deyib. Bu, hələ notadan qabaq olmuşdu.

Sonrası məlumdur, 11 avqust notası və bir ay sonra Eyvazlıda İrana aid yük maşınlarına qarşı sərt yoxlanış. Beləcə, Xankəndiyə gedən İran maşınlarının sayı sıfıra endi.

İlham Əliyev maraqlı, ritorik bir sualı da dilə gətirib. Orada cəmi 25 min adamın yaşadığını xatırladan Prezident soruşub: "Sizin üçün belə önəmli bazardır ki, itirmək istəmirsiniz?”.

Həmin müsahibədə sərhədlərimizdə təlim keçirilməsinə də toxunub: “Hər bir ölkənin ərazisində təlim keçirmək haqqı var. Amma niyə məhz indi? Həmin torpaqlar işğal altında olduğu müddətdə İran sərhədlərdə bir təlim də keçirmədi. Ancaq biz ərazi bütövlüyümüzü bərpa edəndən sonra təlimlər keçirir”.

Belə... Niyə gizlədim, bu sözləri sənin-mənim deməyimiz başqadır, dövlət başçısının deməsi tam başqa.

Çünki müşahidə təcrübəmdən bilirəm, Azərbaycan Prezidenti hər zaman başqa ölkələrlə, xüsusilə İranla münasibətlərə ehtiyatlı, diplomatik yanaşıb. Heç vaxt açıq şəkildə İrana qarşı hər hansı ittiham səsləndirməyib.

Bəs onu bu cür danışmağa nə vadar etdi?

Yenidən yazının əvvəlinə qayıdaq: iyul ayında edilən jestimizə məhəl qoyulmaması.

Bəli, biz İranı qıcıq etməməliyik. İranla münasibətləri normal saxlamalıyıq. Bəli, İran güclü dövlətdir və hətta acı reallıqdır ki, içimizdə də emissarları az deyil.

Lakin biz ehtiyatı qoruduqca, qarşı tərəf yalnış fikirlərə, hətta bəzən xam xəyallara qapılır. İlham Əliyevi İranla bağlı açıq danışmağa vadar edən başqa səbəblər də var. Zaman-zaman dövlət başçısı bunu hiss etdirmir, açıq şəkildə bildirmir.

Amma biz hamımız bilirik ki, İsraillə münasibətlərimiz illərdir İranı narahat edir. Və illərdir, ölkə rəhbərliyi ən şirin üslubla, ən uyğun vasitələrlə İrana başa salmağa çalışır ki, bizim İsraillə münasibətlərimiz üçüncü dövlətə, xüsusilə də İrana qarşı yönəlməyib, yönələ bilməz.

Son zamanlar isə Türkiyə-Azərbaycan-Pakistan tandeminin yaranması Tehranda bir çoxlarının yuxusuna haram qatıb. Və onlar bu tandemin İrana qarşı da yönələ biləcəyindən qorxuya düşüblər.

Yəqin, oxucu düşünür: “İlham Əliyev diplomatiyadan vaz keçdi”. Xeyr, elə bu da diplomatik priyom sayıla bilər.

Yəni, artıq açıq, şəffaf münasibətlərin zamanı gəlib. Üzdə gülüb, pərdə arxasında məkrli planlar qurmadan... Allahın salamı dostların üzərinə olsun!

Rüfət Əhmədzadə Rüfət Əhmədzadə

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »