Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təzə dəb: İşçiyə “narkoman” deyib işdən qovurlar
Təzə dəb: İşçiyə “narkoman” deyib işdən qovurlar

Təzə dəb düşüb. Vətəndaşın haqlarını qorumalı olan qanunlardan vətəndaşa qarşı istifadə eləmək dəbi. Təəccüblənməyin, Azərbaycanda çox maraqlı, çox kreativ, çox gözlənilməz tapıntılar ola bilir. Son yeniliklərdən biri müəssisə rəhbərinin əlavə kompensasiya verməmək, işçini özünə uyğun şərtlər altında istədiyi zaman işdən azad etmək üçün onu narkoman elan eləməsidir. Bunun üçün də Əmək Məcəlləsinin 72-ci maddəsinə əsaslanırlar.

Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar arasında belə bir bənd yer alıb. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:

- alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması;

Bəh-bəh, nə yoğrudum, nə yapdım, hazırca bəhanə tapdım. Bir çox sahibkarar bu maddədən öz xeyirlərinə istifadəyə başlayıblar.İşçinin narkoman olduğuynu deyərək işdən çıxarırlar.

Emil Maqalov Emil Maqalov

Narkomaniya üzrə ekspert Emil Maqalov bizimyol.info-ya bildirib ki, əgər işəgötürən əməkdaşının “narkoman” olduğunu düşünürsə, onun narkoloji dispanserdə müalicəsini tələb etməlidir.

"Lakin indi iş sahibləri işçini məcbur edir ki, məhz onların dedikləri klinikaya analiz verməyə getsinlər. Deyirlər, həmin klinikanın pulunu ödəmişik, gedin, orada müayinə olunun və ya narkotik testindən keçin. Gedib yoxlanarkən elə narkotik maddələrin istifadəçi olduqları "üzə çıxır" ki, həmin maddələr heç Azərbaycanda yoxdur. Mən özüm bir neçə dəfə şahid olmuşam ki, tanıdığım, bildiyim, narkotiklərlə əlaqəsinin olmadığına əmin olduğum şəxslərdir. Belə şəxsləri mən yönləndirirəm Zığdakı narkoloji dispanserə və ya digər dövlət klinikalarına. Testlərin nəticəsi neqativ çıxır. Narkotikin növündən asılı olaraq o bir gündən 4 günə qədər qanda , sidikdə qala bilir. Sahibkarlar da bunu əsas gətirərək deyirlər ki, 2 gün öncə narkotik maddənin təsiri altındaydı, indi yoxdur, ona görə testlər neqativ çıxır".

Emil Maqalov qeyd edib ki, əgər əməkdaşı hansısa bir klinikaya məcburi surətdə test verməyə göndərirlərsə, o paralal olaraq başqa bir dövlət xəstəxanasında da test versin, ki, əlində əsası olsun, lazım gələrsə, həmin sənədi məhkəməyə təqdim edə bilsin.

Xatırladaq ki, bir neçə gün öncə, Salyan rayonunun bir qrup sakini “Salyan OİL LTD” şirkətindən bizimyol.info-ya şikayət ünvanlamışdı. Salyan rayonunun Kərimbəyli kəndində yerləşən “Salyan OİL LTD” şirkətinin keçmiş əməkdaşları 36 nəfər zərərçəkmiş şəxs bildirirdi ki, şirkətin rəhbərliyi onları işdən çıxarıb, səbəb isə saxta həkim və saxta MTN işçisinin qoymuş olduğu narkomaniya diaqnozudur. İşçilərdən rəhbərliyin təşəbbüsü ilə “Səhhət” klinikasının əməkdaşları analiz götürüblər. Səhhət klinikasının əməkdaşı adı ilə daxil olmuş Səidə Əlixanova (əslində ginekoloqdur) və əməyin mühafizəsi üzrə mühəndiz İlkin Əsədov sadəcə, işçilərin üzlərinə baxmaqla narkoman olduqlarını müəyyən ediblər. Ginekoloq psixoloq, mühəndis isə mayor kimi işçilərə təqdim edilib. Bunu edən də şirkətin kadrlar şöbəsinin rəhbəri Sadıq müəllim edib. Yoxlama zamanı heç bir kamera çəkilişi olmayıb. Bir həftə sonra həmin “Səhhət” klinikasında sərbəst analiz verən həmin şəxslərin testləri neqativ çıxıb. Məsələ mediada işıqlandırıldıqdan sonra işçilər yenidən öz iş yerlərinə bərpa edildilər.

Görünür işəgötürənlər iş verdikləri şəxsin şərəf və ləyaqətini təhqir etdikləri halda cəza alacaqlarını ya düşünmürlər, ya da bu cəza hddən artıq yüngüldür. Bu şəkildə hər hansı işçini işindən, çörəyindən etmək bir yana, onun adına yaxılan qaranı düşünmürlərmi? Məslən, bu gün narkoman adıyla işdən çıxarılan işçinin adı artıq narkotik istifadəçisi kimi qeydəı alınırsa gələcəkdə onun övladı, özü polis, hərbi qulluqçu kimi işlərə daxil ola bilməyəcək. Hamı əlbəttə mələk deyil, narkotik istifadəçisi olan əməkdaşlar var ola bilər. Amma qurunun oduna yaşı da yandırmazlar. Və bir də msəslənin kölgədə qalan tərəfi. Hippokrat andı içmiş həkim nəyə görə, hansı vicdanla kiminsə haqqında belə rəy verə bilər? Bu vicdan məsləsi olmaqla yanaşı həmdə cinayətdir. Amma "nə qədər ki, tutulmamısan oğru deyilsən "deyə də bir məsəl var. İş başında yaxalanmayınca kiməsə bunu sübut etmək imkansız məsələdir. Hər bir halda əlaqədar qurumlar belə bir problemin mövcudluğunu gözardı etməməlidirlər.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »