Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”
Şəhid bacısı ürəkləri dağladı: “Minlərlə can qurban”dan ikisi can parçam oldu”

30 il işğal altında qalan torpaqlarımızın geri qaytarılması hamımız üçün yuxu kimi gəlirdi. Amma düz bir il əvvəl, 2020-ci il sentyabrın 27-də bu yuxumuz çin oldu. Minlərlə igidin qanı, canı hesabına 30 illik həsrətə, hüsrana son qoyuldu.

Bu gün müharibənin başlanması, torpaq həsrətinimizə son qoyulduğu günün ilk anım günüdür. Nə az, nə çox düz bir il... Kimisi üçün bu zaman tez, kimisi üçün gec keçə bilər. Amma dəqiqdir ki, bu il şəhid ailələri üçün necə əzab, kədər, həsrətlə dolu keçib.

“Bir il öncəyə qədər bizim həyatımız indikindən tamamilə fərqli idi. Gülüşlərimiz içdən, sevinclərimiz tam idi. Ölüm yalnız yaşlılar üçün idi. Ta ki, Şahmarın şəhid olduğunu bilənə qədər. Onu eşidən an anlamışdım ki, bu çox fərqli bir ağrıdı. Heç tanış hiss deyildi, yamamışdım”.

Bu fikirləri 44 günlük Vətən müharibəsində iki doğmasını, qardaşı Səfərov Cəsarət Xaliq oğlu və əmisi oğlu Səfərov Şahmar Nazim oğlunu itirmiş şəhid bacısı Məmmədova Həqiqət Bizimyol.info-ya danışan zaman duyğu, həsrət dolu cümlələrlə ifadə edib.

“Onun hələ 23 yaşı vardı. Bu necə ola bilərdi axı?

Ev sanki boğurdu məni. Bircə tez özümü doğmalarımın olduğu yerə çatdırmaq istəyirdim. Şkafımı açıb qara rəngdə paltar axtarmağa başladım və tapmadım. Bu zaman anladım ki, mənim heç yas paltarım yox imiş və bundan sonra heç nə əvvəlki kimi olmayacaq.

Tez qardaşım Cəsarət ilə danışıb dərdləşmək istəyirdim. Bilirdim ki, Şahmarı itirmək ona çox çətindi, amma xəbərsiz idim ki, bundan bir ay sonra gözümün ağı-qarası, bircə qardaşım da məni tək qoyacaq.

Himn artıq bizim üçün məktəbin ilk günü oxuyaraq siniflərə getdiyimiz musiqi deyil. Hər oxuyanda boğazımda düyün, gözümdə axan seldi. Çünki o “minlərlə can qurban”dan ikisi can parçam oldu. Ayaqları ilə gedib, bayrağa bükülü, çiyinlərdə gəldilər. Bu bayraq məsud yaşasın deyə, söz kimi oxuduğumuz sözlərin hər sətrini yaşadıq”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »