Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”
“Əks-hücumu dayandırsaydıq, Qarabağın işğalı daha 30 il davam edəcəkdi”

“Bir il bundan əvvəl çox adam inanmırdı ki, Azərbaycan əks-hücum əməliyyatlarını Şuşaya qədər davam etdirəcək”.

Bunu Bizimyol.info saytına Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı bildirib.

Fəzail Ağamalı Fəzail Ağamalı

Deputat qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında İkinci Qarabağ Müharibəsi başlayarkən, Ermənistan hakimiyyəti və Qərbdəki erməni diasporu Azərbaycanı dayandırmaq üçün bütün qüvvələrini səfərbər etdilər.

“Əslində, müharibəni başlayan da onlar idi. Sadəcə olaraq ümid edirdilər ki, bir neçə gündən sonra Azərbaycan beynəlxalq təzyiqlər qarşısında dayanacaq və torpaqlarımızın işğalı daha 30 il davam edəcək. Hətta mən deyərdim ki, biz əks-hücumu dayandırsa idik, bu işğal və status-kvo durumu nəinki 30 il, daha çox davam edə bilərdi. Lakin xalqın birliyi, ordumuzun rəşadəti və ölkə rəhbərliyinin siyasi iradəsi bütün təzyiqlərə sinə gərə bildi. Xalq bir yumruq kimi birləşdi və təzyiqlərə sinə gərdi”, - deyə deputat vurğulayıb.

F.Ağamalı xatırladıb ki, müharibənin ilk günlərində Azərbaycana qarşı beynəlxalq təzyiqlər bütün sahələrdə özünü göstərirdi.

“Hətta bir sıra xarici jurnalistlərin cibinə “şbarqalka” qoyub bura göndərdilər. Düşündülər ki, təxribat xarakterli suallarla dövlət başçısını çətin vəziyyətə salacaqlar. Lakin həmin müsahibələrdən də görürük ki, çətin vəziyyətə düşən özləri oldu. Prezident İlham Əliyev həmin günlərdə həm xalq qarşısına çıxırdı, həm mühüm hərbi-siyasi toplantılar keçirirdi, həm də dünya KİV-lərinə açıqlamalar və müsahibələr verirdi. Həmin müsahibələrdə dövlət başçısı tərəfindən bütün tarixi faktlar, beynəlxalq hüquqi normativ aktlar qeyd olundu, kimin haqlı tərəf olduğu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıldı. Etiraf etməliyik ki, erməni diasporu Rusiya, Fransa və ABŞ-da Azərbaycana qarşı çox güclü təbliğat aparır, Azərbaycan xalqını və dövlətini aqressor olaraq dünyaya tanıtmaq istəyirdi. Bu mübarizədə təkcə Türkiyə, Pakistan və İsrail kimi dövlətlərin dəstəyini görmədik. Həmçinin bu ölkələrin xaricdə yaşayan nümayəndələri, diasporları Azərbaycanın yanında oldu, ona dəstək nümayiş etdirdi”, - deyə partiya sədri qeyd edib.

Deputatın sözlərinə görə, Azərbaycanın qələbəsinə gedən yol 1994-cü ildən başlayıb: “Ulu Öndər Heydər Əliyev “Əsrin müqaviləsi”ni bağlamaqla, Azərbaycanın həm iqtisadi, həm hərbi, həm də siyasi cəhətdən ​ dirçəlməsi üçün əsaslar yaratdı. Həmçinin Böyük Britaniya və digər dövlətlərlə mühüm siyasi-iqtisadi əlaqələr yarandı, Azərbaycan dünyanın siyasi səhnəsində özünə yeni dostlar qazana bildi. Bölgəni xərçəng xəstəliyi kimi məhv edən erməni faşizminə qarşı mübarizə aparmaq üçün kompleks və düşünülmüş addımlar atmaq lazım idi. Bu addımlar atıldı və Azərbaycan gələcəkdə bölgədəki başqa xalqları da gözləyən faşizm təhlükəsinin belini qırdı. Bu yolda canından keçən şəhidlərimizi hörmətlə anırıq, qazilərimizə dərin minnətdarlıq və borcluluğumuzu ifadə edirik”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »