Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Əllərimlə səngər qazmağa çalışırdım” – İki gözünü müharibədə itirmiş qazi
“Əllərimlə səngər qazmağa çalışırdım” – İki gözünü müharibədə itirmiş qazi

27 sentyabr Azərbaycan tarixinin ən şərəfli səhifəsi, dönüş nöqtəsidir. Bu tarix birliyimizin, gücümüzün nümayiş olunduğu, 30 illik həsrətə son qoymaq üçün ilk addımın atıldığı, Azərbaycan xalqının ən böyük arzusuna, duasına qovuşduğu gündür.

Bu qələbə sevincini, başucalığını bizlərə yaşadalar isə vətən uğrunda canını, qanını qurban verən oğullardır.

Bu oğullardan biri Hüseynov İsmayıl Məhəmməd oğludur. O, torpaqlarımızı azad etmək üçün döyüşlərə könüllü olaraq yollanıb. Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Bir il keçməsinə baxmayaraq, həmin hadisələr İsmayılın yaddaşında o qədər dərin izlər buraxıb ki, sanki dünən olmuş kimi hər şeyi detalları ilə taxırlayır.

“Polad Həşimovun ölümündən sonra könüllü olaraq orduya yazıldım. Sentyarbrın 27-də çağırış gəldi və torpaqları azad etmək üçün cəbhəyə yola düşdüm. Döyüşə yollanan zaman hamımız maşına mindik və kəlmeyi-şəhadətimizi gətirdik. Hər şeyi gözə almışdıq. İstəyimiz o idi ki, Allah bizə şəhidliyi qismət eləsin.

Döyüşlər zamanı Xocalıda baş verən hadisələri yadımıza salırdıq. Bu bizə sanki güc verirdi. Qəzəbimiz birazda yenilənirdi. Fikrimiz ancaq irəli getmək, torpaqlarımızın hər qarışını azad etmək idi. Döyüşlər zamanı ruh yüksəkliyimiz yüksək səviyyədə idi. Qələbə xəbərləri gəldikcə qürur duyurduq”.

Qazi söyləyir ki, Qubadlının 4 km çıxacağında, bir kənddə yaralanıb və hər iki gözünü itirib.

“Hava dumanlı, çiskinli idi. Maşınla dağa qalxdıq. Maşından düşəndə ilk silahımı atdım və əyilib götürmək istədikdə tank əleyhinə raket kompleksi ilə vurulduq. Raketin alovu nəticəsində sifətim və gözlərim tamamilə yandı. Dişlərim qırılmış, boğazım yanmışdı. Heç yeri görmürdüm. Sadəcə güllə, partlayış, döyüş yoldaşlarımın nalələrini eşidirdim. İstiqamətini bilmədiyim bir tərəfə sürünüməyə başladım. Bir kol tapdım və altında gizlənməyə çalışdım. Çıxış yolu axtarırdım və başladım əlimlə səngər qazmağa, amma təbii ki, əllə səngər qazmaq mümkünsüzdür.

Həmin anda ailəm, yaxınlarım, həyatım bir anlıq gözümün önündən keçdi. Bir müddət sonra tanımadığım iki Azərbaycan əsgəri məni dağın başından endirdi və maşına mindirdi. Maşında çox saylı yaralı var idi. Maşına mindikdən sonra özümdən getmişdim. Bir də Bakıda xəstəxanada ayılmdım. Gördüm ki, gözlərimi itirmişəm. Amma həyat belə də gözəldir. Hər halı ilə yaşamağa dəyər”.

Qəhrəmanımız deyir ki, heç nəyə görə peşman deyil, çünki haqqı olan torpaqlar üçün mübarizə aparıb.

“Təəssüf etdiyim yaldız itirdiyim döyüş yoldaşlarım üçündür.

Bu haqq uğrunda savaş bizə böyüklərimizdən qalıb. Mən fəxr edirəm ki, azərbaycanlıyam. Belə xalq üçün hər şeyə dəyər. Bizim dayağımız xalqımız, şəhidlərimizin ailələridir”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »