Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir il əvvəl “Çahargah”a oyandıq...
Bir il əvvəl “Çahargah”a oyandıq...

Gecə yuxuya getdik, səhərimiz... savaşa açıldı. Yox, bu savaşı biz istəməmişdik, ancaq otuz ilə yaxın bu savaşı anbaan yaşadıq. Savaşı yaşadıq deyərkən, hər gün öldük. 1994-cü ildə atəşi kəsmişdik, amma yenə də ayaq üstə gəzən ölülərdik. Ruhsuz bədənlərdik. Hər gün döyüş əmri gözləyirdik; bizim olanı bizə qaytarmaq üçün. Bizim olan torpaqlara qayıtmaq üçün. Və o gün gəldi. O gün bu gündü. Daha doğrusu, düz bir il əvvəlki bugün.

...Düz bir il əvvəlki bu günə qədər bizim laylamız da, ağımız da “Segah” yanğısıydı, “Şüştər” naləsi idi, “Humayun” ağrısıydı. 2020-ci il sentyabrında biz bir “Çahargah” dəstgahına oyandıq. “Bərdaşt”ı - döyüş əmriydi. “Mayə”si – qoşun-qoşun Qarabağa yol almaqdı. Savaş başladı. İlk şəhidlərimiz. İlk qələbələr, canlı qəhrəmanlıq hekayələri – “Bəstə-nigar”. Düşmənin “keçilməz səddi”ni yarıb öz mövqelərini tutan oğullarımız – “Hasar”ımız. Sonra “Müxalif”: qarşı-qarşıya ağır döyüşlər - düşmənə vurduğumuz son və həlledici zərbələr, geri aldığımız kəndlər, şəhərlər... Və bizim 44 günlük “Çahargah”ımızın məntiqi kulminasiyası – düşmənə yaşatdığımız “Məğlub”: Şuşa! Ardından Ağdam, Kəlbəcər, Laçın. Və, əlbəttə ki, qələbə coşqusu: “Mənsuriyyə”.

Ustad Xanəndə Yaqub Məmmədovun “Çahargah”ı – o təkrarsız “Mənsuriyyə”si məndən yaşca kiçikdir, amma biz onunla böyüdük. Və o “Mənsuriyyə”də Yaqub Məmmədov bir “Segah” boğazı eləmişdi.

“Axı “Çahargah”da necə “Segah” oxumaq olar?! “Cahargah”da inilti, sızıltı yoxdur, o, cəng ruhlu muğamdır, “Mənsuriyyə” qələbə təntənəsidir...” demişdilər ona. Yaqub Məmmədov isə bunu belə açıqlayır: “Döyüşdə qələbə qazanandan sonra bir sevinc, bir coşğu yaşayırsan. Amma həm də dönüb döyüş meydanında canından keçən şəhidlərinə də baxırsan, kədər, üzüntü hiss edirsən. Burda “Segah” o üzüntünü ifadə etmək üçündü”.

Bəli, bax, bizim də bu günkü ruh halımızın ən yaxşı izharı “Mənsuriyyə” zərb muğamıdır. Yaqubun “Mənsuriyyə”sidir; qələbəyə də sevinirik, şəhidlərimizə də üzülürük. Bu hissləri yaşamayan bilməz; bir yandan “Zəfər” nəğməsi oxuyasan, bir yandan da ağılar deyəsən... Bir gözündən sevincin, o birisindən kədərin yaşları axa. Eyni vaxtda həm qürur duyasan, həm də ağrı...

Amma bu, bir tarixdir. Təkcə keçmişi yazan tarix yox, həm də gələcəyimizin... tarixidir. Təkcə edə bildiklərimizi deyil, edə biləcəklərimizi də bizə anladan... Tarix. Çünki hələ çox işlərimiz var. Hələ oxuyacağımız, dinləyəcəyimiz çox “Mənsuriyyə” var.

Bəlkə də çox şey artıq bitib. Ancaq hər şey yeni başlayır. Biz bir Qarabağ itirmişdik – qaytardıq. Ancaq Qarabağı əvvəlki vəziyyətinə, daha doğrusu, əvvəlkindən də yaxşı vəziyyətə... “qaytarmaq” var qabaqda”. O bölgəni insanlara qaytarmaq var hələ. Ora təhlükəsiz və firavan həyat qaytarmaq var. Hətta ağacı belə minalamış bir düşməndən almışıq oraları.

Bu gün təkcə çox sevinmək və çox üzülmək günü deyil. Həm də çox düşünmək günüdür. Əvvəlini xatırlamaq, sonrasını düşünmək günü!

Bu günü bizə yaşadan şəhidlərimizi Allah rəhmət eləsin, qazilərimizə ömür versin! Onlara sonsuza qədər borclandıq...

P.S. Deyəcəksiniz ki, “hanı sənin siyasi təhlilin? Müharibədən və sülhdən bu üslubda yazmaq doğruydumu?!” Amma, baxın, müharibə artıq yoxdur. Sülh isə hələ yoxdur! Ya da əksinə! Olmayan şeylərdən nə təhlil yazacaqsan?!

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »