Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Boyu və çiyinləri çox iri olduğuna görə onun üçün xüsusi tabut hazırlanmışdı" - Fotolar
"Boyu və çiyinləri çox iri olduğuna görə onun üçün xüsusi tabut hazırlanmışdı" - Fotolar

Azərbaycan torpaqlarının 20 faizi 30 ildən çox idi ki, erməni işğalı altında idi. Danışıqlar, sülh yolu ilə və s. söhbətlərlə torpaqların geri qaytarılması müzakirə edilsə də, bu mümkün görünmürdü. Ermənilər, Azərbaycanın torpaqlarından geri çəkilmək niyyətində deyildi. 2020-ci il sentyabrın 27-də Azərbaycan xalqınının səbri tükəndi. Ordumuz düşmən hücumlarının qarşısını almaq üçün əks hücuma keçdi. Qarşıda bir məqsəd var idi - işğal altında olan torpaqları işğaldan azad etmək... Və bunu bacardı, Azərbaycanın ordusu. Qanı bahasına, canı bahasına Azərbaycan torpaqları işğaldan azad edildi. Şəhidlərimiz oldu, itkilərimiz oldu. Amma 44 günlük müharibədə qazanan biz olduq. Bu müharibədə qəhrəmanlıqla döyüşüb şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Xəyyam Əzizovdur.

Əzizov Xəyyam Əli oğlu 1995-ci il noyabrın 8-də Neftçala şəhərində, fəhlə ailəsində anadan olub. 2002-ci ildə Neftçala şəhər Mehman Səfərov adına İnteqrasiya təlimli İnternat tipli gimnaziya məktəbinə gedən Xəyyam, 2006-cı ildə ibtidai sinfini başa vurduqdan sonra Neftçala şəhər Humanitar təmayüllü Muğan liseyində təhsilini davam etdirib. 2010-cu ildə 8-ci sinfi başa vurduqdan sonra Cəmşid Naxçıvanski adına hərbi liseyə qəbul olub. 2013-cü ildə liseyi bitirdikdən sonra isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2017-ci ildə həmin məktəbi bakalavr diplomlu xüsusi təyinatlı kimi bitirib və "leytenant" hərbi rütbəsinə layiq görülüb.

Şəhid Əzizov Xəyyam Əli oğlu

Şəhid Xəyyam Əzizov haqqında Bizimyol.info saytına şəhidin dayısıoğlu Mirəli danışıb.

"Xəyyam öz istəyi ilə Xüsusi Təyinatlı Qüvvələrin kursunu keçərək zabit kimi xidmət etməyə başlayıb. Leytenant Xəyyam, xidməti dövründə bir neçə xarici ölkələrdə dağçılıq, xizəkçilik və paraşütçülük kurslarını yüksək göstəricilərlə başa vurur. 2020-ci ildə leytenant Xəyyam Əzizova baş leytenant hərbi rütbəsi verilir. Həmin il Rusiyanın Moskva şəhərində keçirilən qələbə paradında Azərbaycanı layiqincə təmsil edir.

27 sentyabr 2020-ci il tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsində Xəyyam, Xüsusi Təyinatlıların zabiti kimi iştirak edir. Füzuli, Cəbrayıl, Xocavənd, Kəlbəcər, Qubadlı və Şuşa uğrunda gedən ağır döyüşlərdə iştirak edir, böyük şücaətlər göstərir, düşmənə sarsıdıcı zərbələr endirir və xeyli sayda canlı qüvvəsini məhv edir. Qəhrəman Xəyyam döyüş yoldaşlarının ruh yüksəkliyini artırmaq üçün onlara şirniyyat paylayır. Ən son döyüş meydanı olan əlçatmaz Şuşa şəhərinin azad olunmasında əsl qəhrəmanlıq göstərir və öz doğum günündə - 08 noyabr 2020-ci il tarixində şəhid olur. Nəşi doğulub boya-başa çatdığı Neftçala şəhərinə gətirilir və böyük izdihamla torpağa tapşırılır".

Şəhid Əzizov Xəyyam Əli oğlu

Mirəli deyir ki, Xəyyam xaraktercə sakit biri olub. Heç kimi narahat etməzdi, heç kimin könlünə dəyməzdi.

"Sonuncu dəfə oktyabrın 29-da səhər saatlarında əlaqə saxladı. Sonra uzun bir müddət ondan xəbər almadıq. Noyabrın 10-da axşam saatlarında isə şəhid xəbərini aldıq"- deyə Mirəli danışır. Onun sözlərinə görə, Xəyyamın boyu və çiyinləri çox iri olduğuna görə onun üçün xüsusi tabut hazırlanmışdı.

Xəyyam Əzizov ölümündən sonra,"Azərbaycan Bayraq ordeni", "Vətən uğrunda medalı","Cəbrayılın azadlığı uğrunda medalı","Füzulinin azadlığı uğrunda medalı", "Xocavəndin azadlığı uğrunda medalı", "Şuşanın azadlığı uğrunda medalı" təltif edilib.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »