Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Son nəfəsində anası gəlmişdi gözü önünə: "Bağışla məni anam, yanına gələ bilmədim"
Son nəfəsində anası gəlmişdi gözü önünə: "Bağışla məni anam, yanına gələ bilmədim"

18-19 yaşında həyatından doymamış, bəlkə də həyatın nə olduğunu anlamayan oğlu qara torpaq altına gedən ana neyləsin? 27 sentyabr, 2020-ci il... Yadımdadır, hər kəs 2020-ci ildə yeni ili xüsusi canfəşanlıqla qarşılayır, cüt rəqəmlərin düşərli olduğunu deyirdi. 2020-ci il, şəhid analarının yaddaşından heç bir zaman silinməyəcək. Çünki onlar bu ildə illərlə əziyyətini çəkib böyütdükləri övladlarını itirdilər...

Sentyabrın 20 də döyüş əmri verildi və İkinci Qarabağ Müharibəsi başladı. Azərbaycan Ordusu 30 illik həsrətə son qoymaq üçün inamlı addımlarla irəliləyirdi. Bir məqsəd var idi - torpaqlar nə bahasına olursa, olsun işğaldan azad ediləcək. Bu müharibədə minlərlə igidin qanı bahasına Azərbaycan qələbə çaldı. Həsrətə son qoyuldu. Artıq aradan bir il keçib. Ancaq müharibədə övladlarını itirən anaların könül yanğısı heç bir zaman bitməyəcək, onlarla məzara qədər gedəcək...

Şəhid Əhmədov Qalib Rəşid oğlu 2001-ci ildə Şəki rayonu Əlyar kəndində doğulub. Şəhid haqqında Bizimyol.info saytına şəhidin xalası danışıb. O, deyir ki, Qalibin ürəyində çox arzuları olmasına baxmayaraq Vətən sevgisi hamısını üstələdi:

"Hələ əmisi oğlu hərbi xidmətə yola düşərkən onunla getmək istəyirdi. Amma o vaxt yaşı düşmürdü. 2019-cu il oktyabrın 8-də hərbi xidmətə yola düşdü. Əvvəlcə Bərdə rayonu Ballıqayada, sonra isə Tərtərin Sarov kəndində "N" saylı hərbi hissədə xidmət edirdi"...

Qalib Əhmədov sonuncu dəfə ailəsi ilə sentyabrın 24-də danışır. Bu onun son zəngi olur. Bir neçə gün müharibə başlayır. Övladlarından xəbər ala bilməyən ata-ana övladının axtarışına çıxır. Nə qədər soraqlasalar da heç bir məlumat ala bilmirlər. Oktyabrın 21-də Qalibin şəhid olduğu ailəsinə xəbər verilir. Oktaybrın 22-də isə dəfn edilir.

"Bunları ürək ağrısı ilə yazıram. Şəhidim haqqında çəkiliş ediblər, amma bir şəhidin yarım qalmış həyatını 2 dəqiqə ilə necə izah etmək olar ki? Çox gözəl xasiyyəti var idi. İstiqanlı oğul idi. Onun şəhid olması böyükdən kiçiyə tanıyan hər kəsə pis təsir etmişdi. Qohumcanlı, xoşxasiyyətli, hər kəsə yaxşı davranan, anasına vurğun oğul idi. Müəllimləri də onun haqqında danışanda göz yaşları ilə danışır"- deyə şəhidin xalası danışır.

Deyir ki, Qalib xidmətdə olan dövrdə bir dəfə də olsun icazə alıb evə gəlməyib. Anası övladını görməyi çox arzulayırdı:

"İnanın, ana nə sevinclə hazırlıq görürdü, "oğlum gələcək" deyib. Amma ürəyində qaldı, yarımçıq oldu şəhidimin arzuları kimi. Mən xalasıyam, onun ölümü məni çox sarsıtdı. Həyatdan küsdüm rəsmən. Onun bircə döyüş yoldaşını axtardım, amma tapa bilmədim. Bildiyimə görə onunla olanlar hamısı şəhid olub. Allahdan rəhmət diləyirəm, məkanları cənnət olsun"...

Şəhid Əhmədov Qalib Rəşid oğlu

Qalibin cəmi 19 yaşı var idi, şəhiliyin zirvəsinə ucalanda. Az yaşı olmasına baxmayaraq, döyüşlərdə qəhrəmancasına döyüşürdü. Bilirdi ki, bu döyüşdə məğlub olmaq olmaz. Son nəfəsinə qədər döyüşüb Vətən qarşısında borcunu yerinə yetirməlidir. Düşmən gülləsinə tuş gələndə belə qorxmamışdı, dizləri taqətdən düşəndə, son nəfəsində anası gəlmişdi gözü önünə. "Bağışla məni anam, yanına gələ bilmədim" deyə pıçıldayıb, gözlərini əbədi yummuşdu həyata.

Anası Validə xanım isə, hələ də oğlundan bir xəbər gözləyirdi. Hər gün eşitdiyi şəhid xəbərləri, müharibə xəbərləri ananın ürəyini parça-parça edirdi. Oğlu üçün gecə-gündüz dua edir, balasından bir xəbər gözləyirdi.

Xəbər gəldi, ancaq bu xəbər onun gözlədiyi xəbər deyildi. Ciyərparəsi, oğlu şəhid olmuşdu. Həmin gündən sonra ana da öz arzularını övladı ilə birlikdə dəfn etdi...

Bu gün minlərlə evdə analar, bacılar, gəlinlər, övladlar gələcək xəyallarını, arzularını şəhidləriylə birgə dəfn edib... Sadəcə Vətən naminə!

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »