Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti
“Bir möcüzə baş verə, ev qapımız döyülə...” – Şəhid övladlarının ata həsrəti

Orta məktəbdə oxuyurduq. Sinfimizə balaca bir qızcığaz gəlmişdi. Müəllimə həmin yeni şagirdi bizlərə təqdim edən zaman bir cümlə işlətmişdi: “Tanış olun, yeni sinif yoldaşınızın adı Cəvahirdir. O, şəhid Hüseyn Səlimovun qızıdır”.

Çox balaca idik. Cümlədəki “şəhid” sözünü tam olaraq anlaya bilmirdik. Düşünürdük ki, şəhidlik də hansı peşə sahəsidir. Günlərin bir günü məktəbdə bayram tədbiri keçirilirdi. Hamı şeir, mahnı oxudu və növbə Cəvahirə çatdı. Amma balaca qızcığaz yerindən durmaq istəmir, əllərini möhkəmcə bir-birinə sıxırdı. Müəllimə və biz şagirdlər düşündük ki, hazırlıqlı olmadığı üçün həyəcanlanıb. Amma çox yanılmışdıq. Cəvahir təkidimizlə lövhəyə çıxdı və qısıq səslə bildirdi ki, özü şeir yazıb.

Hamımız təəccüb içərisində ona baxırdıq. Nədənsə, çox həyəcanlı idi. Səsi titrəyirdi, yerə dikdiyi gözləri yaşla dolmuşdu. Bir az sakitlikdən sonra başladı şeiri səsləndirməyə.

Mən şəhid balasıyam,

Yox qardaşım, yox bacım,

Hüseyn yadigarı,

Anam bircə əlacım.

Bir möcüzə baş verə,

Ev qapımız döyülə,

Özüm qaçam qapıya,

Atam üzümə gülə.”- dedi və sinfi sükut bürüdü.

Balaca qızın dünyasını əks etdirən şeirin hər misrası xəncər kimi ürəyimizə saplanmışdı. Çünki bu təkcə bacala bır qızın cızma qarası deyildi, şəhid övladlarının yanqısı, iç səsi idi.

Balaca ürəyimiz o qədər çırpınırdı ki, elə bil bu dəqiqə dayanacaq. Sanki bu şeirlə biz bir anın içərisində böyümüşdük. Balaca bir qızcığazın içərisində hansı vulkanların baş qaldırdığını, ata həsrətini görmüşdük. Şəhid sözünün nə qədər ağırılı, anlamlı olduğunu, düşmənin necə acımasız olduğunu anlamışdıq. Özümüz də bilmədən içimizdə bir qisas hissi oyanmışdı.

Biz bu düşüncələrin içərində boğulan zaman Cəvahir yenidən sakitliyi pozub, hıçqırıqlar içərisində, yüksək səslə “mən, atamla fəxr edirəm!” demişdi. Bunu necə bacarmışdı, o balaca canı ilə necə o gücü toplamışdı, bilmirəm. Amma həqiqətən də üzündə qəribə bir qürur var idi.

Sonradan öyrəndim ki, Cəvahir evin tək övladıdır. O hələ körpə ikən atasını itirib. Səlimov Hüseyn Nüsrəddin oğlu Birinci Qarabağ müharibəsi zamanı Quba rayonundan könüllü olaraq müharibəyə yollanan igid oğullardan biri olub. O, Tərtər uğrunda gedən döyüşlərə şəhidlik zirvəsinə ucalıb.

Bu hadisənin üstündən illər keçdi, amma həmin şeir yaddaşımda o qədər dərin izlər açmışdı ki, hər xatırladıqda göz yaşlarıma hakim ola bilmirdim. Düşünürdüm ki, Cəvahirlərin atalarının qanı yerdə qaldı, onlara verdiyimiz sözü tuta bilmədik. Amma şükürlər olsun düz bir ildir ki, artıq şəhid balalarının üzünə baxa bilir, "atanınız qanı yerdə qalmadı" deyə bilirik...

Şəhid Səlimov Hüseyn Nüsrəddin oğlu Şəhid Səlimov Hüseyn Nüsrəddin oğlu

Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »