Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir
“Xortlayan ölü”nün könlündən yenə turist səfərləri keçir

2 gün öncə BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev öz istəklərilə Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla və Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanla ayrılıqda görüşüblər.

Həmsədrlər Azərbaycan və Ermənistan nazirlərinin 2020-ci ilin noyabrından bəri ilk dəfə olaraq birgə görüşünü də təşkil ediblər. Görüşdən sonra verilən açıqlamalardan da bəlli olur ki, təmaslar zamanı ciddi nəticələr əldə etmək mümkün olmayıb.

Maraqlıdır, “gorbagor olmuş” Minsk qrupu nə üçün dirildi, “ölünü kim xortlatdı”.

Məsələ burasındadır ki, ATƏT-in Minsk Qrupu formatını dəyişdirmək və ya ləğv etmək yalnız Azərbaycanın səlahiyyəti və istəyi daxilində həll olacaq iş deyil. Görünən budur ki, Minsk qrupu fəaliyyətini, görüşlərin təşkili işini davam etdirəcək. Heç bir dəyişikliyə nail olmadan, heç bir anlamı olmasa belə. Necə ki, özlərinin də bir müddət öncə etiraf etdikləri kimi, 30 il ərzində gəlib yeyib-içib, gəzib gedirdilər.

Amma indi bizim mövqeyimiz fərqlidir. İndi diktə etməyi bacarmalı, tələblərimizi qoymalı, qarşı tərəfin yerinə yetirməli olduğu öhdəliklər barəsində daha sərt danışmalıyıq, üstəlik bu həm də ortalığa özünü könüllü surətdə soxmuş bu qrupun vəzifəsidir. Madam ki, mütləq aralıqda vasitəçi olmaq istəyir, o zaman zəhmət çəksin , öhdəsinə düşəni etsin. Bizim Qarabağa aparmalı olduğumuz çoxlu sayda yeni turistlərimiz var, köhnə turistlərin rutin səfərlərindən və ziyafətlərindən yorulmuşuq. Biz Qarabağda “status” davası döyən ABŞ-dan, Ermənistan sevgisi ilə tanınan Fransadan, bölgədə əhalini qorumaq adıyla nəzarətdə saxlamağa çalışan Rusiyadan və onların həmsədr olduğu formatdan yaxşı heç bir addım gözləmirik. Azərbaycana qarşı ən sərt mövqe qoyan Fransa Avropa İttifaqının iki aparıcı dövlətindən biridir. Münasibətlərin bu qədər kəskinləşməsində Makronun xüsusi rolu oldu. Azərbaycan Fransa ilə münasibətlərin normallaşmasını istəsə də, görünür, bu, Makronun prezidentliyi dövründə alınmayacaq. Çünki, Makron Azərbaycanın Qarabağ üzərindəki nəzarətini, Azərbaycanın Türkiyə ilə siyasi və hərbi ittifaqı reallığını qəbul etmək istəmir.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə hesab edir ki, bu görüş rutin diplomatik prosedurdan başqa bir şey deyildi. “Diplomatik praktikada görüşdən imtina etmək qeyri-konstruktiv addım sayılır. Qarşı tərəfi dinləmək lazımdır. Buna görə hesab edirəm ki, Nyu- Yorkda keçirilən görüş danışıqlar prosesinə geri qayıtmaq anlamına gəlmir. Görüşü Minsk qrupu təklif etmişdi, biz də görüşdük ki, görək nə deyəcəklər, nə təklif edəcəklər. Bizim yüz minlərlə köçkünlərimiz öz yurd-yuvalarına qayıtmalıdırlar, qrup hansısa proqram təklif edə bilərmi, hansı humanitar layihələrlə qarşımıza çıxacaq? Biz mandatı dəyişməmişik, lakin vəziyyət kardinal şəkildə dəyişib. İndi onların dedikləri bizi maraqlandırmır. Biz onlar olmadan da Qarabağda yaşayan əhaliyə ən yüksək status - Azərbaycan vətəndaşı statusunu verməyə hazırıq”,- deyə Tofiq Zülfüqarov məsələyə münasibət bildirib.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »