Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Onu itirməkdən qorxurdum həmişə" - Şəhidin xanımı
"Onu itirməkdən qorxurdum həmişə" - Şəhidin xanımı

Hər kəs müharibənin olacağını gözləyirdi. Amma onun belə anidən başlayacağını heç kim ağlına gətirmirdi. Hamı bilirdi ki, 30 illik işğala, soyqırımlara, haqqsızlıqlara susmaq olmaz və bir gün bu susqunluq bitəcək...

27 sentyabr 2020 Azərbaycanın rəşadətli ordusu 30 illik işğala son qoymaq üçün döyüşlərə başladı. Bu döyüşlər fərqli idi. Ordumuzun qəhrəman döyüşçüləri sürətlə irliləyirdi. Son qoymaq laızm idi bu işğala, bu haqsızlığa. Heç bir vətən oğlunu canı-qanı maraqlandırmırdı. Hər biri yalnız vətən deyib, irəli doğru inamlı addım atırdı. Şəhidlik isə, hər birinin çata biləcəyi ən ali zirvə idi. Ölümmü? "Təki Vətən üçün ölüm" deyə döyüşürdü hər bir igid. Bu müharibəyə ordudan tərxis olunanlar, təqaüdə çıxanlar, qısacası ürəyi vətən eşqi ilə döyünən hər bir azərbaycanlı sevə-sevə qatılırdı. Elçin də, təqaüddə olmasına baxmayaraq, ordu sıralarına qatıldı. Və elə həmin gündən Ramiyənin həyəcan dolu, ağrılı-acılı, Elçini itirmək qorxusu ilə yaşadığı günlər başladı....

Şəhid mayor Alıyev Elçin Bayram oğlu, 1975-ci il iyulun 16-da Abşeron rayonu Saray qəsəbəsində anadan olub. 1982-ci ildə Qubadlı rayonunda 1 saylı orta məktəbin 1-ci sinfinə gedib. 1992-ci ildə orta məktəbi bitirən Elçin, elə həmin il Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olur. Hərbini sevdiyi üçün 1993-cü ildə Ali Hərbi məktəbə yerdəyişmə edir və Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin Tank Artilleriya fakültəsinin 1-ci kursuna qəbul olur. 1997-ci ildə Taktiki Yerüstü Artilleriya Komandiri və Artilleriya Silahlarının İstismarı üzrə mühəndis ixtisasları alaraq məktəbi bitirir.

1997-2005-ci illərdə “N” saylı hərbi hissədə Artilleriya batareyasının komandiri və briqadanın kəşfiyyat rəisi, 2006-2010-cu illərdə “N” saylı hərbi hissədə Artilleriya rəisinin köməkçisi, 2010-2011-ci illərdə “N” saylı hərbi hissədə Artilleriya rəisinin baş köməkçisi, 2014 sentyabrından 2015 yanvarına qədər H.Əliyev adına Azərbaycan Ali Hərbi məktəbində müəllim, 2015 yanvar - 2017 aprel tarixlərində isə “N” saylı hərbi hissədə Artilleriya bölməsinin rəisinin baş köməkçisi vəzifəsində xidmət edib.

Elçin Alıyev 2016-cı il aprel döyüşlərində də qəhrəmancasına döyüşüb. 2017-ci il aprel ayından öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan, E.Alıyev təqaüdə çıxmasına baxmayaraq, 2020-ci oktaybrın 1-də könüllü olaraq müharibəyə gedir.

Əvvəlcə Ağcabədi rayonunda əsgərlərə təlim keçir. Bir neçə gün sonra əsgərləri ilə birgə Füzuliyə döyüşə qatılır. Hadrutda, Xocavənddə, Qubadlıda, Şuşada gedən döyüşlərdə iştirak edir. Müharibədə ayağından yaralansa da, döyüşlərə davam edir. Noyabrın 7-də belindən yaralanır. Bir gün yaralı vəziyyətdə döyüşür. Noyabrın 9-da Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olur. Alıyev Elçin Bayram oğlu, ölümündən sonra " Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzuli uğrunda", "Qubadlı uğrunda", "Şuşa uğrunda" medalı ilə və 3-cü dərəcəli Rəşadət" ordeni ilə təltif edilir. Şəhidimiz, Bakı şəhər 2-ci Fəxri Xiyabanda dəfn olunub.

Şəhid Elçin Alıyev haqqında Bizimyol.info saytına şəhidin xanımı Ramiyə Qarayeva danışıb:

"Yeddi il idi ki, Elçinlə ailə həyatı qurmuşdum. Bu ailə həyatında bir oğlumuz dünyaya gəldi. Çox xoşbəxt idim. O, yanımda olan günlərin hər günü xoşbəxt idim. Düzdür, ailə problemlərim olsa da yenə onunla barışıb otururdum. Yetər ki, o, yanımızda olsun deyə. Onu itirməkdən qorxurdum həmişə. Və buna görə də həyat mübarizəsi aparırdım. Çox haqsızlıqlar oldu bizə qarşı. Elə indi də o haqsızlıqlar içində üzürəm. Elçin mənə həm ana, həm ataydı. Elçin, çox gözəl insan idi. Çox gözəl ata idi, çox gözəl yoldaş idi, çox gözəl oğul idi. Heç kəsi qırmazdı. Həmişə özü qırılırdı, üzə vurmurdu, gülüb keçirdi. Elçin kimi çox az insan tapılar. Elçin, tam başqa bir aləm idi. O, mənim dərd ortağım və sirdaşım, dostum idi həm də. Övladlarının hamısını eyni gözdə görərdi".

Ramiyə xanım Elçinlə keçən günlərindən gözyaşları ilə, yana-yana danışır. Deyir ki, Elçinin tək arzusu Rəhimin 18 yaşını görmək imiş. Hətta deyirmiş ki, "Rəhimi 18 yaşına çatdırım sonra rahat ölərəm".

şəhid mayor Elçin Alıyevin oğlu Rəhim Alıyev

Döyüşə gedən Elçin, Ramiyəsinə dözümlü olmağı tapşırır. Deyir ki, "oğlumuza mənsizliyi hiss etdirmə. Hər zaman güclü olmusan, dözümlü olmusan, yenə də elə ol".

Sonuncu dəfə noyabrın 2-si zəng edir həyat yoldaşına. Hər zaman 1-2 dəqiqə danışan Elçin sanki son söhbəti imiş kimi həmin gün iki dəfə danışır, yoldaşı və oğlu ilə. Rəhimə söz verir ki, tezliklə gələcək, onu gəzməyə aparacaq, ona oyuncaqlar alacaq. Ömür-gün yoldaşına isə sevdiyini pıçıldayır, sanki son dəfə deyirmiş kimi. Bu onların son söhbəti olur. 9 gün Elçindən heç bir xəbər gəlmir, telefonlarına zəng çatmır. Bu susqunluq Ramiyəni öldürür, məhv edir, boğur. Ağlına pis fikirlər gətirmək istəmir. Bəzən içinə bir nigarançılıq dolur, əlləri ilə qoparmaq istəyir o nigarançılığı içindən, bacarmır. Bəzən ağlayır, bəzən özünə təsəlli verir... Bu 9 gün necə keçir onu bir Ramiyə bilir, bir də hisslərinə şahid olan Allah...

Noyabrın 11-də Elçinin şəhid olması xəbəri gəlir. Həmin gün Ramiyənin xoşbəxtliyi, arzuları, xəyalları da Elçinlə birlikdə dəfn edilir. Bundan sonra tək istəyi yeganə övladı, Elçininin yadigarı Rəhimi Elçinə layiq övlad kimi böyütməkdi Ramiyənin...

Haqqsızlıqlarla qarşılaşır, susur, xəstəlik tapır, susur. Hazırda şəhidin həyat yoldaşı Sumqayıtda kirayədə yaşayır. Kirayə qalıdğı 1 otaqlı ev, rütubətli olduğu üçün şəhidin oğlu ilə yoldaşı Ramiyə xanım bronxit xəstəliyinə yoluxub. Elçinin ölümündən sonra aylarla xəstə olan qadın, özündə güc tapıb ayağa qalxa bilmir. Deyir ki, Elçinin ölümü belini elə qırıb, ona elə bir yara vurub ki, ömrünün sonuna kimi bu yara sağalan deyil.

Şəhidin xanımı, ona edilən haqsızlıqları bizə danışdı, amma Elçini ruhuna hörmət etdiyi üçün, təkcə Elçinin ruhu inciməsin deyə danışdıqlarını yazmağımızı istəmədi. Ramiyə xanım danışır ki, Elçin şəhid olandan sonra heç bir dövlət qurumundan onu xatırlayan olmayıb. Heç kim maraqlanmayıb ki, şəhid övladı hansı şəraitdə böyüyür.

Tək qalmış, sevdiyini itirmiş, heç nəyi olmayan, çarəsiz qadın isə həyata hardan başlayacağını bilmir. Bircə onu bilir ki, qadınlığı, sevgisi, xəyalları, xoş günləri Elçinlə dəfn edildi...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »