Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi
Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəldi

Türkiyə iqtisadiyyatı bir müddətdir heç cür sabitlik tapa bilmir. Milli valyuta da oxşar taleyi yaşayır. Lirə hərdən özünə gəlsə də, tez-tez dəyər itirir.

Bizimyol.info xəbər verir ki, Türkiyədə dolların məzənnəsi rekord həddə yüksəlib. Sentyabrın 24-də ABŞ valyutası 8.86 lirədən satışa çıxarılıb. Gün ərzində avro 10.37, funt sterlinq isə 12.11 lirədən təklif olunub.

Hələ sentyabrın 23-də dolların məzənnəsi ciddi şəkildə yüksəlməyə başlamışdı. ABŞ valyutası birdən-birə 8.80 həddinə çatmışdı. Çünki Türkiyə Mərkəzi Bankının faiz dərəcəsi ilə bağlı önəmli qərar verəcəyi gözlənilirdi. Qərar verildi, faiz dərəcəsi 19-dan 18-ə endirildi. Beləcə, dolların məzənnəsi bir az da yüksəldi.

Qızılın qiymətində böyük dəyişiklik nəzərə çarpmır. Türkiyədə qiymətli metalın qramı 499 lirə (təxminən 100 manata) təklif edilir.

Mütəxəssislər faiz dərəcəsinin aşağı salınmasını gözləmədiyini bildirir. “AA Finans”ın sorğusu da bundan xəbər verirdi. Sorğuda iştirak edən iqtisadçıların əksəri faiz dərəcəsinin sabit qalacağına inandığını bildirmişdi. İş orasındadır ki, Türkiyə Mərkəzi Bankının özünün təşkil etdiyi anketlərin nəticələri də fərqli göstərici ortaya qoymamışdı. Böyük əksəriyyət dəyişiklik gözləmədiyini bildirmişdi. Amma gözlənilmədən Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini aşağı salmaq qərarı verdi. Bu da bazara təsirsiz ötüşmədi.

Lirənin dəyər itirməsi, dolların məzənnəsinin rekord həddə çatması sosial şəbəkələrin Türkiyə seqmentində çox müzakirə olunub. Əsasən faiz dərəcəsinin aşağı salınması tənqid olunur. Hesab edilir ki, belə addımlar xarici investorların xoşuna gəlmir. Onlar ölkədə biznes yatırımlarına daha ehtiyatlı yanaşmağa başlayır. Xarici investorlar üçün sabitlik çox əhəmiyyətlidir.

Daha bədbin rəylər də gözə dəyir. Sosial şəbəkə istifadəçilərinin bir qismi dolların məzənnəsinin yeni rekordlara tərəf üz tutacağını hesab edir. Amma nikbinliyini qorumağa çalışanlar da var. Həmin sosial şəbəkə istifadəçiləri inanır ki, lirə tezliklə özünə gələcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »