Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan regionda başqa xalqları da gözləyən faşizm təhlükəsinin qarşısını aldı”
“Azərbaycan regionda başqa xalqları da gözləyən faşizm təhlükəsinin qarşısını aldı”

BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələr zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin videoformatda çıxışı təqdim olunub.

Prezident həmçinin 44 günlük müharibə və Ermənistanla münasibətlər barədə də bəzi mühüm məqamlara toxunub: “Münaqişə başa çatdığından Azərbaycan Ermənistanla sərhədlərin delimitasiyası və demarkasiyası, bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması prinsipi əsasında sülh sazişi üzrə danışıqlara başlamağa hazır olduğunu artıq bəyan edib. Belə bir saziş regionumuzu sülh və əməkdaşlıq regionuna çevirə bilər. Lakin, biz hələ də təklifimizlə bağlı Ermənistandan müsbət reaksiya görməmişik. Sülh və əməkdaşlığa xidmət edən sahələrdən biri nəqliyyat layihələri ola bilər. Bu kontekstdə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası və Türkiyə ilə birləşdirəcək Zəngəzur dəhlizi regionumuz üçün yeni imkanlar yaradacaqdır”.

Prezidentin çıxışını Bizimyol.info saytına şərh edən Milli Məclisin deputatı, “Ana Vətən” Partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, dövlət başçısının çıxışında Ermənistanın işğalçı mahiyyəti ifşa olunub.

Fəzail Ağamalı Fəzail Ağamalı

“Ermənistanı davamlı dəstəkləyən bəzi beynəlxalq güclər də düşünməlidir ki, Azərbaycanın bu qədər çağırışlarına, təmkininə baxmayaraq, Ermənistanın hələ də öz şovinist və revanşist mövqeyində qalması nə deməkdir. Ermənistanın işğalçı dövlət olduğunu sübut etmək üçün daha nə etmək lazımdır? İlham Əliyev öz çıxışında ayrı-ayrı faktlarla müharibədən əvvəl yaranmış siyasi şəraiti, Ermənistanın davranışlarını göstərdi. Dövlət başçısı tarixi faktlarla əsaslandırdı ki, Ermənistan işğaldan azad etdiyi torpaqlardan sülh yolu ilə çıxmağı düşünmürdü. Şəhidlərin qanı hesabına, qazilərimizin qəhrəmanlığı sayəsində biz bu torpaqları işğaldan azad etdik. Biz həm də bütün regionu Ermənistanın işğalçı siyasətindən xilas elədik, gələcəkdə başqa xalqları da gözləyən faşizm təhlükəsinin qarşısını aldıq”, - deyə F.Ağamalı qeyd edib.

O vurğulayıb ki, Ermənistan və ermənipərəst qüvvələr davamlı olaraq Azərbaycanı bu və digər xalqlarla, ölkələrlə düşmən etməyə çalışırlar. “Lakin Azərbaycan özünün balanslı, mehriban qonşuluq siyasətinə hər zaman sadiq qalıb, bütün qonşuları ilə normal münasibətlər saxlamağa çalışır. Ermənistan tərəfi daim bizi ittiham edən bəyanatlarla dünya mediasının gündəminə gəlməyə çalışır, beynəlxalq təşkilatları bizə qarşı çevirməyə səy göstərir. Ölkə başçısı isə buna cavab olaraq göstərdi ki, əslində sülh üçün çalışan Azərbaycandır, sülhün əldə olunmasını yubadan və revanşizm xəyallarıyla yaşayan isə Ermənistandır”, - deyə deputat əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »