Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali Koreya barışıq üçün naz edir, amma gedişat ürəyindəndir
Şimali Koreya barışıq üçün naz edir, amma gedişat ürəyindəndir

Şimali Koreya düşmən saydığı ölkələrə qarşı sabit münasibət göstərmir. KXDR gah ABŞ və Cənubi Koreya ilə dil tapmaq üçün müəyyən təşəbbüs nümayiş etdirir, gah da qarşı tərəfləri ittiham atəşinə tutur. Şimali Koreyanın yenə yumşaldığı müşahidə olunur.

Bizimyol.info xəbər verir ki, Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Çjon yenə Cənubi Koreya ilə danışıqları bərpa etməyə hazır olduqlarını bildirib. Onun sözlərinə görə, bunun alınması üçün Seul əvvəlcə düşmən münasibətə son qoymalıdır.

Əsas fikri Kim Yo Çjonun söyləməsinə təəccüblənmək lazım deyil. Kim Çen In iki ilə yaxındır xəstədir. 2020-ci ilin aprelində onun hətta ölüm xəbəri yayılmışdı. Söz-söhbət o qədər böyümüşdü ki, Kim Çen In vaxt itirmədən ictimaiyyət qarşısına çıxmalı olmuşdu. Həmin günlərdən siyasi səhnədə ön plana liderin bacısı çıxıb. Şimali Koreya hökumətinin sözünü, adətən, Kim Yo Çjon deyir.

Liderin bacısı Cənubi Koreyanın Koreya müharibəsinin sona çatdığını rəsmi şəkildə elan etməyə çağırışına reaksiya verib. Kim Yo Çjon bir problem görmədiyini, amma Seulun düşmən münasibəti bitirməli olduğunu deyib.

Yarımadanı ikiyə bölən münaqişə 1953-cü ildə istənilən formada bitməmişdi. Onda tərəflər sülh müqaviləsi bağlamamışdı. Sadəcə, atəşkəs elan olunmuşdu. İndi isə münaqişənin başa çatmasının rəsmi elanına ehtiyac yaranıb. İş orasındadır ki, ölkələr arasında gərginlik həmişə hiss olunur. Tərəflər texniki olaraq müharibə vəziyyətindədir.

Sülh çağırışı Cənubi Koreya prezidenti Mun Çje İndən gəlib. O, həm ABŞ-ın, həm də Şimali Koreyanın xoş niyyət göstərəcəyinə ümid etdiyini deyib.

KXDR-dən ilk reaksiya yüksək rütbəli məmurların birindən gəlmişdi. Cənubi Koreyanın çox tələsdiyi bildirilmişdi. Amma Kim Yo Çjon fikri “təqdirəlayiq” adlandırıb. Bu, Şimali Koreya hakimiyyətinin isti münasibətlərə pis baxmadığını göstərir. KXDR-in gərginliyə çox tab gətirməyə gücü qalmayıb. Pxenyan naz edir, amma açıq-aşkar hiss olunur ki, gedişat ürəyindəndir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »