Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Sonuncu dəfə gələndə hər şeyə həsrətlə baxırdı.., sanki bizimlə vidalaşırdı"
"Sonuncu dəfə gələndə hər şeyə həsrətlə baxırdı.., sanki bizimlə vidalaşırdı"

"Biz iki qardaş, bir bacı idik. Həmişə bizə deyirdi ki, mənə nəsə olsa belə mehriban qalın. O getdi, biz bir yerdəyik. Amma xoşbəxt deyilik. O, bizim xoşbəxtliyimizi apardı. Bunu düşünməmişdi amma"...

İkinci Qarabağ Müharibəsi... 30 ildən çox idi ki, hamı bu müharibəni gözləyirdi. Hamı işğal altında olan torpaqlarımızın geri qaytarılmasını arzulayırdı. Və ötən il sentyabrın 27-də 30 illik nigarançılığa son qoyuldu. Azərbaycan Ordusu düşmənin hücumlarına cavab olaraq, 30 il işğal altında olan torpaqların geri qaytarılması üçün savaşa başladı... 44 günlük müharibədə qazandıq, torpaqlarımız geri alındı. Müharibələr itkisiz olmur. İtirdiklərimiz də oldu. Minlərlə oğul torpaq uğrunda canından keçdi. Torpaq uğrunda canından keçənləri isə biz heç vaxt unutmamalıyıq. Necə ki, Leyla, bu gün qardaşı şəhid Turan haqqında danışarkən gözləri dolur, qəhər boğazını yandırır. Biz də şəhidlərimizi hər zaman yana-yana xatırlamalıyıq.

Şəhid Turan Nadir oğlu Məmmədov 1993-cü ildə avqustun 29-da Qazax rayonunun Dəmirçilər kəndində dünyaya gəlib. Emin Qurbanov adına orta məktəbi bitirən Turan, 2011-ci ildə hərbi xidmətə gedir. 2013-cü ildə hərbi xidməti bitirdikdən sonra sənədlərini toplayıb Bakıya gəlir.

"Kəşfiyyatçı olmaq istəyirdi. Buna görə, Azərbaycan Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzində 6 ay kurs keçir və gizir rütbəsi alır. 2013-cü ilin oktyabr ayında Silahlı Qüvvələrin sıralarında çalışmağa başlayır. Türkiyə hərbçiləri ilə təlimlərdə iştirak edirdi, kurslar keçirdi. Komando məktəbində də oxumuşdu" - deyə danışır şəhid bacısı Leyla.

Turan Məmmədov, 2016-cı il apel döyüşlərində də qəhrəmancasına döyüşür. Sonralar isə xidmətini Xüsusi Təyinatlı Qüvvələrdə baş kəşfiyyatçı, gizir kimi davam etdirir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. O, oktyabrın 5-dən 6-na keçən gecə Ağdərənin Tonaşen kəndi yaxınlığındakı yüksəklik uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. 29 noyabr 2020-ci ildə Turan, Qazax rayonunun Dəmirçilər kəndində torpağa tapşırılıb. Ölümündən sonra şəhid T.Məmmədov, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Turan Nadir oğlu Məmmədov

Bacısı Leyla, şəhid qardaşı haqqında xatirələrini Bizimyol.info saytı ilə bölüşüb:

"Xaraktercə şən, həyat dolu idi. Hər çətin anda, üzgün olan zaman elə bir söz deyib zarafat edirdi ki, insan dərdini unudurdu. Qardaşım çox düşüncəli və səbirli idi. İnsanı nə istədiyini demədən anlayırdı. Yeddi il idi ki, xidmət edirdi. Xidmət dövründə evə çox az gəlib. Gələndə də tez qayıdırdı ki, "yoldaşlarım çağırır, getməliyəm". Bayramları bizə həmişə vaxtından tez hiss etdirirdi. Gəlişi sürpriz olurdu. Ən çox da ad günü və 8 martda. Sonuncu dəfə avqust ayının 31 evə gəlmişdi. Bu gəlişi əvvəlki kimi deyildi, nəsə düşünür, hər şeyə həsrətlə baxırdı. Sanki bizimlə vidalaşırdı"...

Leyla deyir ki, özü evin kiçiyi olduğu üçün qardaşına çox bağlı olub. Qardaşı ona öz övladı kimi baxırmış. Sonradan Leyla qardaşı ilə həm dost, həm sirdaş olur. Deyir ki, Turaın ən dəyərlisi imiş...

Leyla qardaşı ilə sonuncu dəfə oktyabrın 4-də danışır. Turan, bacısına anasına və özünə yaxşı baxmağı tapşırır:

"Qardaşım subay idi. Amma sevdiyi qız vardı. Son dəfə danışanda dedi ki, "şəhid olaram. Bilirsən sənin xoşbəxtliyini həmişə arzulamışam. Özünüzü qoruyarsınız. Billirəm, çətin olacaq, amma mənə də çətin olacaq. Bir də bacı, birdən salamat qayıtsam, qıza sözümü sən deyərsən, mən utanaram". O danışdı, mən ağladım. Sonra dedi ki, "qorxma, hər şey yaxşı olacaq"...

Bu onların son danışığı idi. Nə Leyla bilirdi ki, bir daha qardaşının səsini eşitməyəcək. Nə də Turan 1 gün sonra şəhid olacağını...

Artıq 11 aydır ki, Turan həyatda yoxdur. Onun da Leylaya dediyi kimi, hər şey çox çətindir. Turanın hərbçi yoldaşları gələndə belə Turanı onların arasında axtarır ailəsi. Ancaq ailəyə qalan xatirələr, şəkillər və bir də soyuq məzar daşıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »