Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ziyafət Əsgərov: “Prezident BMT-yə və Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərə açıq mesaj verdi”
Ziyafət Əsgərov: “Prezident BMT-yə və Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərə açıq mesaj verdi”

“Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı videoformatda çıxışında bir daha Ermənistanın dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalı olduğunu bəyan etdi. Dövlət başçısının bu mövqeyi beynəlxalq hüquqa və BMT Nizamnaməsinə əsaslanır”.

Bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib.

Parlamentin komitə sədri deyib ki, 30 illik işğal ərzində Ermənistan məqsədli olaraq Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndini dağıdıb, mədəni və dini abidələri viran qoyub, hətta qəbiristanlıqlar belə təhqir olunub, dağıdılıb və talanıb. İşğal altında olmuş ərazilərdə 67 məsciddən 65-i yerlə-yeksan edilib, ikisi ciddi zərər görüb və təhqir edilib, onlardan donuz və inək tövləsi kimi istifadə olunub: “Prezident İlham Əliyevin çıxışında da qeyd etdiyi kimi, işğal müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərlə müşayiət olunub. Ermənistan 1992-ci ildə Xocalı soyqırımını törədərək, yüzlərlə dinc insanı, o cümlədən 106 qadını və 63 uşağı qətlə yetirib. 1275 azərbaycanlı əsir götürülüb, onların 150-si hələ də itkin hesab olunur. Ermənistan tərəfindən həyata keçirilən etnik təmizləmə nəticəsində bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ötən dövr ərzində Ermənistan Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyi ilə bağlı heç bir məlumat verməyib. Onların hamısının işgəncələrə məruz qalaraq qətlə yetirilməsi və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılması barədə etibarlı məlumatlar var. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılması da bunu sübut edir. O cümlədən Ermənistan Cenevrə konvensiyaları da daxil olmaqla, beynəlxalq hüququ kobud şəkildə pozaraq Yaxın Şərqdən olan erməni əsilli şəxsləri Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamə, BMT Baş Assambleyası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı, ATƏT, Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamenti kimi beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bənzər qərarlar Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, işğalçı ölkə buna məhəl qoymayıb. İşğaldan azad olunan ərazilərdə qurulan istehkam qurğuları isə Ermənistanın heç bir halda bu torpaqları qaytarmaq niyyətində olmadığını göstərirdi”.

Ermənistanın dövrü olaraq dövlət sərhədində və keçmiş təmas xəttində təxribatlar törətdiyini xatırladan Z. Əsgərov 2020-ci ildə bu təxribatların daha intensiv və geniş xarakter aldığını qeyd edib: “Sentyabrın 27-də isə Ermənistanın Azərbaycanın hərbi mövqelərinə və mülki şəxslərinə qarşı irimiqyaslı hücumuna cavab olaraq, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək, öz ərazisində Ermənistana qarşı əks-hücum əməliyyatına başladı. 44 günlük savaş ərzində Ermənistan yenə hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərini pozdu. Ermənistan silahlı qüvvələri cəbhəboyu ərazilərdə yerləşən rayonlarımızı və şəhərlərimizi – Ağdam, Ağcabədi, Beyləqan, Daşkəsən, Füzuli, Goranboy, Tərtəri intensiv şəkildə atəşə tutdu. Cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə, Bərdə, Mingəçevir, Qəbələ, Siyəzən, Xızı və digər şəhərləri də atəşə tutulurdu. Atılan raketlərdən birinin Xızı üzərində zərərsizləşdirilməsi Bakının da Ermənistanın raket hücumlarının hədəfi olduğunu təsdiqləyir. Ermənistan “Skad” və “İsgəndər-M” tipli ballistik raketlərdən, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli sursatlardan istifadə edirdi. Ermənistanın bu hərbi cinayətləri nəticəsində 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450 nəfərdən çox insan yaralandı, 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər dağıdıldı və ya onlara ciddi zərər dəydi. Hərbçilər və mülki əhali arasında fərq qoyulmasına dair beynəlxalq humanitar hüququn fundamental prinsiplərinə riayət edən Azərbaycan isə Ermənistan tərəfindən dinc sakinlərin hədəfə alınması kimi qəddar hərbi cinayətlərə oxşar formada cavab vermədi”.

Parlamentin komitə sədri Azərbaycanın 44 günlük müharibə ərzində döyüş meydanında 300-dən çox şəhər və kənd azad etdiyini, nəticədə Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atdığını, öz qoşunlarını Ağdam, Laçın və Kəlbəcərdən çıxarmağa məcbur edildiyini söyləyib: “Beləliklə, Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını da özü təmin etdi. Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı videoformatda çıxışında vurğuladığı kimi, bu, BMT-nin təsis edildiyi vaxtdan bu günə qədər dünyada ilk belə haldır”.

Z. Əsgərov nəzərə çatdırıb ki, azad olunmuş ərazilərə səfərlər zamanı xarici diplomatlar, beynəlxalq təşkilatların nümayəndələri və xarici jurnalistlər də Ermənistanın şəhər və kəndləri, o cümlədən Azərbaycan xalqına məxsus mədəni və dini irsi tamamilə dağıtmasının şahidi olublar, bütün bunlar beynəlxalq media və müstəqil ekspertlər tərəfindən geniş şəkildə sənədləşdirilib və işıqlandırılıb. Ermənistan Azərbaycanın keçmiş işğal edilmiş ərazilərində meşələrimizin 60 min hektarını məhv edilib, bizim su ehtiyatlarımızdan süni ekoloji fəlakət yaratmaq üçün istifadə edib. Eyni zamanda Ermənistan hələ də transsərhəd Oxçuçay çayını kəskin şəkildə çirkləndirir, bəzi xarici şirkətlər də bu ekoloji cinayətdə iştirak edir. O cümlədən Ermənistan keçmişdə işğal altında olan ərazilərimizdə qanunsuz olaraq təbii sərvətlərimizi, o cümlədən qızıl və digər qiymətli metal və mineralları istismar edib: “Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, bütün bunlar görə Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır. Dövlət başçısı BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilən illik ümumi müzakirələri zamanı çıxışında bir daha bunu bəyan etməklə Azərbaycanın bu məsələdə qərarlı olduğunu ortaya qoydu”.

Parlamentin komitə sədri Azərbaycan Prezidentinin çıxışında Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi olmadığı barədə mesajına da diqqət çəkib: “Dövlət başçısının qeyd etdiyi kimi, Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı, Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratmışıq. Azərbaycan Prezidenti BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırdı. Bu, BMT-yə və BMT-yə üzv dövlətlərə, həm də ATƏT-in Minsk Qrupunun həmsədri, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan dövlətlərə beynəlxalq hüquqa əsaslanmış açıq mesajdır. Beynəlxalq hüquq və BMT Nizamnaməsi də bunu tələb edir”.(apa)

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »