Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...
Putinin istəyinə çatması Rusiyaya nəyin bahasına başa gələcək...

Sentyabrın 16-da Rusiyada parlament seçkilərinə bir gün qalmış Dumanın deputatları “Google” və “Apple” şirkətlərini səsvermə prosesinə müdaxilədə ittiham etməyə başlamışdı. Müxalifət lideri Aleksey Navalnının tərəfdarlarının yaratdığı səsverməyə yardım proqramına giriş imkanı yaradılması az qala böyük cinayət kimi təqdim edilmişdi. Hər iki şirkət axırda tətbiqləri onlayn mağazadan silməli olmuşdu.

Bizimyol.info xəbər verir ki, Kreml çoxdandır muxtar internetini yaratmaq barədə düşünür. Ona görə də hakimiyyət belə tətbiqlərə həssas yanaşır. Vladimir Putin Rusiyanın dünya kiber fəzasından ayrılmasını arzulayır. Ölkəyə 21 ildir rəhbərlik edən prezident istəyir ki, əhali yalnız Rusiyan;n sosial şəbəkələrinə güvənsin, təkcə yerli platformalarda zaman keçirsin. ABŞ mətbuatında gedən yazıların birində bu məqam xüsusi vurğulanıb. Jurnalistlər Andrey Soldatov və İrina Boroqan yazıb ki, Rusiya hakimiyyəti yeni reallıq yaradır.

Kreml konkret addımlar atır. Rusiya Təhsil Nazirliyi yeni tədris ilindən müəllimlərin və məktəb administrasiyasının valideynlərlə, şagirdlərlə yalnız yerli sosial şəbəkələrlə əlaqə yaradacağını bildirib. Bundan başqa, ölkədə “YouTube” portalının alternativinin yaradılması üzərində işləyirlər. “RuTube” layihəsini Putinin yaxın dostlarının rəhbərlik etdiyi “Qazprom” maliyyələşdirir. Putin redaktorlarla görüşündə də qlobal platformalardan imtina haqda açıq danışmışdı. Amma dövlət başçısı xüsusi qeyd etmişdi ki, əvvəlcə ölkədə həmin platformaların analoqu yaradılmalıdır.

Andrey Soldatov və İrina Boroqan yazıda bir hadisəni xatırlayıb. Ötən əsrin 50-ci illərində Rusiyanın gənc fiziki Vladimir Fridkin surətçıxarma maşını ixtira edibmiş. Amma SSRİ-nin xüsusi xidmət orqanı olan KQB bunu dərhal məhv etmək qərarına gəlib. Çünki bu halda insanlar informasiya mübadiləsi imkanı qazanacaqdı. Yəni SSRİ Kommunist Partiyasının nəzarətindən kənar nəsə baş verəcəkdi. İndi Rusiyada da oxşar mənzərə yaranıb.

ABŞ mətbuatındakı yazıda qeyd olunub ki, Putin də genişmiqyaslı nəzarət mexanizminin mümkünlüyünə inanır. Rusiyanın rəhbəri məhz əlində yetərincə alternativlər formalaşacağı günü gözləyir. Həmin gün isə çox yaxınlaşıb. Son nəticədə isə ölkə çox şey itirə bilər. Öz kiber fəzanı yaratmaq dünyadan təcrid olunmaq, nəhayət, inkişafdan qalmaq deməkdir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »