Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri
Raketi görməyənlər, şəhid ailəsinin daşı ilə özünə tualet tikənlər – Qısası, İcra Hakimiyyətləri

Müharibə zamanı düşmənin top, raket atəşlərinə məruz qoyduğu rayonlar arasında ən çox ziyan Tərtər, Beyləqan, Bərdə və Gəncəyə dəydi.

Prezidentin əmri ilə düşmən atəşi nəticəsində zədələnmiş evlərin təmiri və yenidən tikilməsi üçün komissiyalar quruldu, evlərə baxış keçirildi. Hələ 2020-ci ildə bildirildi ki, müharibə zamanı ziyan dəymiş evlər bərpa olunacaq. Həmin ərazilərdə bir neçə qurum tərəfindən işlər aparıldı. Amma hesabatı verilmədi. Ümid edirik ki, bu məsələlər yekunlaşdıqdan sonra təfərrüatlı məlumat əldə edə biləcəyik.

Çünki qazilərimizin problemləri kimi bu işdə də alayarımçıqlığa yol verildi. Yerli məmurların yarıtmaz işləri tez-tez narazılığa səbəb olur. Beyləqan rayonunun Kəbirli kəndindən Kərimov Ayəddin Yəhya oğlu redaksiyamıza şikayət edərək bildirib ki, 44 günlük müharibə dövründə evinə raket zərbələri nəticəsində güclü ziyan dəysə də, onun evinə baxış keçirilmir, itirib-axtaran yoxdur. Ayəddin Kərimov dəfələrlə müxtəlif qurumlara müraciət eləsə də, səsini eşidən yoxdur, evin uçmaq təhlükəsindən çəkinən Kərimovlar ailəsi həyətdə qurduqları çadırda yaşayırlar.

Rayon İcra Hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, Ayəddin Kərimovun evinə baxış keçirilməmsinin səbəbi onun evinin Kəbirli kəndində yerləşməsidir. "Kəbirli kəndi isə raket zərbələrinə məruz qalmış kənd kimi siyahıya alınmayıb. Raket zərbələri əsasən Beyləqan rayon mərkəzinə, bir zonaya atılırdı. Biz bu ərazilərə baxış keçirdik, Kəbirli rayon mərkəzindən çox uzaqdır. Ona görə həmin komissiya gedib kənddə Kərimovların evinə baxış keçirməyib. Rayon İcra hakimiyyətinin memarlıq şöbəsi olaraq biz baxış keçirmişik, köhnə çiy kərpicdən tikilmiş binadır.

Gələcəkdə vəsait ayrılarsa, biz ailəyə kömək edəcəyik",- deyə bildirildi. Sonu şərtli “olarsa, gələrsə” kimi sözlərlə bitən vədləri isə əkiblər, bitməyib. “Ayrılsa” nə deməkdir? Yağmadı yağış, bitmədi qamış...

Nə qədər ki, rayonlarda məsul şəxslər bığdan kəsib saqqala yapşdırmaqla, şapalaqla üz qızartmaqla özlərini iş görmüş hesab edəcəklər, bu kimi zərərçəkən adamlar da köməyi onlardan yox, mediadan, ictimai qınaqdan gözləyəcəklər.

Əldə etdiyimiz məlumata görə, Yardımlıda şəhid ailəsinin Prezidentə müraciətlərindən sonra ƏƏSMN tərəfindən onlara ev tikilib. Həyətə tikinti materialları gətirən yük maşını girə bilsin deyə, hasarın bir hissəsini söküblər. Həmin daşı Yardımlı Rayon İcra Hakimiyyətinin işciləri aparıb və İcra Hakimiyyətinin həyətində tualet tikiblər. İndi ƏƏSMN deyir, biz bizə tapşırılan işi görmüşük, hasardan daş oğurlayan İcra nümayəndələri də boyun qaçırır ki, bizlik deyil. Yardımlı rayon İcra hakimiyyətindən sorğumuza cavab olaraq bildirildi ki, “nə qarını görmüşük, nə saçını hörmüşük”. Biz nə hasar sökmüşük, nə də tualet tikmişik. Amma şikayətçi də əksini iddia edir.

Adama deyərlər ki, sən axı niyə, hansı haqla kiminsə həyətinin daşını götürüb aparırsan ki, sonra da bu gülünc əməlin dillərə dastan olsun? Gərək elə mütləq tualet o hasarın daşından tikiləydi, yumurtadan yun qırxılmasa, olmurdu bu iş?..

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »