Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xalxın uşağı bütün günü oxuyur" mövsümünə start verildi: Yenə gəldi "döz ayları"…
"Xalxın uşağı bütün günü oxuyur" mövsümünə start verildi: Yenə gəldi "döz ayları"…

"Xalxın uşağı" frazası ilə başlayıb, "getdi kimə çəkdi" kimi ah-vayla bitən, "Oxumaq yaxşı şeydi, kaş ki mənim valideynlərim də vaxtilə üstümə düşəydi, ağlım olmayıb" tipli fəlsəfi söhbətlərlə davam edən, "oxumasan, zibildaşıyan olassan" tipli hədə-qorxunu da ehtiva edən mövsümün rəsmi açılışı oldu. Növbəti 9 ayda övladı ibtidai sinifə gedənlərlə qonşu olanlara səbr diləyirəm. Şəxsən özüm ibtidai sinifləri 6 dəfə, XI sinfi 3 dəfə bitirmiş sayılıram. Bütün günü qışqıra-qışqıra uşaqlarına dərs deyən qonşu analar sayəsində.

Telefona düşmən kimi baxan valideynlər hesab edirlər ki, uşaq əlinə telefon aldısa pozulacaq. Başına heç zad girməyəcək, özü də olacaq küt. Bütün günü ikini ikiyə vurub, tangeslə kotanges münasibətlərinə aydınlıq gətirmək elm verə bilər, lakin dünyagörüşü verməz. Necə deyərlər gərək adamın elmi olduğu qədər helmi də olsun.

Məktəblər açıldı, yarışırmış kimi hər uşağın əlində bahalı gül çələngi. Valideynlər bir- birləri ilə yarışırlar. Məqsəd müəllimin gözünə " görünmək", uşağının daha yaxşı qiymətlər ala bilməsi çabalamaqdır. Halbuki o balacaların hər birinin əlinə kiçik bir bayraq və ya şəhidlərimizin fotolarını verməklə də göndərmək, ilk gündən müəllimin gözünə girmək yox, vətənpərvərlik ruhu aşılamaq olardı.

Səhər səhər bir məktəbin qapısı önündən keçirəm. Şəhər mərkəzindəki məktəblərdən biridir. Pəncərələri küçəyə baxır. Ona qədər valideyn başını soxub pəncərədən içəri, diqqətlə baxır. Biri ümumiyyətlə elə qəribə tərzdə içəriyə fokuslanmışdı ki, sanki mikroskop altında hüceyrənin bölünməsini izləyir. Nə xəbərdir, nə olub? Uşaq ikinci gündür məktəbə gəlir. İki günə nə alim olası deyil, nə də uğursuz. Ara yerdə uşağı da müəllimi də tıncıxdırır, boş stresə soxurlar. Bəziləri deyir, uşaq ağlayır deyə dalıyca gəlirəm. Ağlasın. Öyrənəcək. Səndən qopub sərbəst vətəndaş kimi yetişməyini istəyirsənsə ona bu imkanı verməlisən. Mən çox imkanlı bir ailənin övladını tanıyıram ki, XI sinifdə belə repetitor yanına atası aparıb gətirirdi. Söz yox , universiteti qazana bilmədi. Çünki o qədər nazla böyüdülmüş bir uşaqla heç bir müəllim baş edə bilmirdi.Sonda valideynlər apardılar Türkiyədə attestatla qəbul etdirib, ailəliklə köçdülər onun dalıyca İstanbula. Planlarında gələcəkdə bu uşağı mühüm orqanlardan birində məmur kimi " yerləşdirmək" var. Bu günə qədər ata- ana kölgəsindən çıxmamış, çayı önünə 1 dəqiqə gec gələndə küsüb saatlarla üzü üstə yatan bu gənc sabah başımıza rəis gələcək. Xoş halımıza.

Məktəb uşaqlara elm öyrədir, ona dünyagörüşünü, tərbiyəni ətraf mühiti, ailəsi verir. Valideynlər olaraq ilk növbədə özümüz düzgün olmalıyıq. Uşağı necə görmək istəyirik? Özümüz o qaydada ola biliriksə uşaq da olacaq. Nar ağacında alma yetişmir çünki.

Şagird məktəbdə 2 qiymət də ala bilər 3 də. Əsas odur milli ruhu olsun, azad düşüncəsi olsun, fikirlərini qorxmadan, utanmadan, çəkinmədən ifadə edə bilsin, özünü tanısın, yetişdirmək qabiliyyəti ədə etsin, bacarıqları formalaşsın, varsa istedadını üzə çıxartsın, elm öyrənməklə yanaşı əl qabiliyyətləri də formalaşsın, hansısa peşəyə sahiblənsin.Həyatın insana hansı sürprizlər gətirəcəyini bilmək olmaz. Və bir də uşağın gələcəyinin yalnız Azərbaycanla bağlanacağını hardan bilirik? Elə ona görə də dünyaya müasir baxışlarının formalaşması önəmlidir. Çox zaman valideynlərin düşmən, uşağı kütləşdirən alət kimi baxdığı komyuter texnologiyaları, telefonlar dünyaya açıqlan qapılardır. Hətta ən adi bir şeydən də nələrsə öyrənir, bilikləri, topladığı informasiyalar dama-dama göl olur.

Qısası, orta məktəbi əla qioymətlərlə oxumaq, zəif qavramaq hələ uşağın gələcək taleyi barədə söz demir, özünüzü stresə salmayın , əziz valideynlər. Sadəcə onların yoluna işıq tutun. Su axar, öz yolunu tapar. Bu dünyada kimsə kimsənin ömrünü yaşamır. Hər kəsə biçilmiş bir yol vardır. İnsan da sınaqlardan keçə- keçə bərkiyir, cilalanır. Necə ki, biz bacardıq. Onlar da bacaracaq.

İlhamə, Bizimyol.info

Paylaş »
››› Moskva görüşündən gözləntilər
››› Erməni əsirlərin güllələnmə videosu saxta çıxdı - Araşdırma
››› Azərbaycan Prezidenti və Ermənistan Baş naziri noyabrın 9-da Moskvada iki sənəd imzalayacaq
››› "İran həmişə Azərbaycanın əldə etdiyi nailiyyətlərə qısqanclıqla yanaşıb"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
››› Telman İsmayılov Monteneqrodan sığınacaq alıb və həbsdən çıxıb
Son xəbərlər
Bütün xəbərlər »