Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa Rusiyadan qaz asılılığından necə azad olmalıdır
Avropa Rusiyadan qaz asılılığından necə azad olmalıdır

Avropa ABŞ qədər Rusiyaya sərt üzünü göstərmir. Çünki köhnə qitənin Moskvadan qaz asılılığı var. Rusiyanın belə təbii sərvəti olmasa, Avropa sanki demokratiyanın zədələnməsinə daha kəskin reaksiya verərdi.

Bizimyol.info xəbər verir ki, Avropa bu qışı Rusiya qazı olmadan keçirməyə hazır deyil. Qərb mətbuatı bununla bağlı ardıcıl yazılar təqdim edir. Ümumi fikir odur ki, Avropa çətin vəziyyətdədir. Qaz anbarlarının yalnız 72 faizi dolub. Qışın sərt olacağı gözlənilir. Rusiya qazı olmadan rahat davranmaq mümkün deyil.

Böyük Britaniya mətbuatı yazır ki, Avropa Rusiya qazından canını qurtarmalıdır. Asılılıq heç vaxt olmadığı qədər yüksək həddə çatıb.

Ötən əsrin 60-cı illərindən təbii qaz dünyada əsas istilik vasitəsi sayılır. Onda Norveç, Niderland və Böyük Britaniyanın bütün qitəni təmin etməyə gücü çatırdı. Zaman vəziyyəti kəskin dəyişdi. “Qazprom” 2009-cu ildə Ukraynadan keçən qaz marşrutunu bir neçə günlük dayandıranda Avropanın şərqində durumun necə acınacaqlı olduğunu anladılar.

Avropa ABŞ-dan slans qazı ala bilər. Amma həmin məhsulun dənizlə nəqli çox baha başa gəlir. Bundansa, Rusiyaya ağız açmaq yaxşıdır. Avropa hələlik məhz belə davranır. Vladimir Putindən geosiyasi asılılıq isə ümumi mənzərəni çox korlayır.

Almaniya Rusiya ilə əməkdaşlığa ən yumşaq yanaşan ölkələrdəndir. Berlin Moskvadan qaz almaqda bir problem görmür. Polşa və Baltikyanı ölkələr isə buna təhlükəsizliyin pozulması kimi yanaşır. Üstəlik, Ukraynanın tranzit ölkə statusunu itirməsi bu dövlətləri ehtiyatlı davranmağa vadar edir.

“Şimal axını-2” layihəsinin işə düşməsiylə asılılıq bir az da artacaq. Rusiya Finlandiya, İsveç, Danimarka ərazisindən keçməklə Almaniyaya qaz çatdıracaq. Beləcə, Ukrayna oyundan kənar saxlanılır.

Qaz indi əvəzolunmaz enerji mənbəyi sayılır. 2050-ci ilə qədər dünyanın çox planları var. Havaya buraxılan zərərli qazların həcmi azaldılmalıdır. Təbii qaz sektorunda investisiyalar ixtisar ediləcək. Amma bu həm də qaz qiymətlərinin artmasına səbəb olacaq.

Böyük Britaniya hökuməti çıxış yolu kimi bərpa oluna bilən enerji sektorunun yaradılmasını göstərir. Hələlik bu istiqamətdə böyük işlər görülməyib. Yəni külək və ya günəş istiliyi daimi enerji vasitəsinə çevrilməyib.

Qərb mətbuatı yazır ki, Avropa əvvəl-axır alternativ yola üz tutmalı olacaq. Çünki qiymətlər dayanmadan artır. Avropa həm Rusiyadan asılılıqdan, həm də bahalı enerji vasitələrindən imtina etməlidir. Belə işlərin zamanı isə, adətən, qiymətlər kəlləçarxa çıxanda çatır.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »