Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“ABŞ-Azərbaycan münasibətlərinin korlanmasına imkan verməməliyik”
“ABŞ-Azərbaycan münasibətlərinin korlanmasına imkan verməməliyik”

“ABŞ-Azərbaycan münasibətləri xoşagəlməz məcrada inkişaf edə bilər”.

Bu sözləri Bizimyol.info saytına politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov ABŞ Konqressində Azərbaycanı hərbi əsirləri qaytarmamaqda ittiham edilən son düzəlişi şərh edərkən səsləndirib.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Buna yol verməmək üçün, Azərbaycan diplomatiyası bütün mümkün vasitələrini səfərbər etməlidir. Bizim daim istifadə etdiyimiz metodlar, kanallar var, ABŞ-da dostluq etdiyimiz diaspor təşkilatları var. Biz məsələyə ciddi yanaşmalıyıq və Konqresslə bağlı işləri gücləndirməliyik. Aydın məsələdir ki, 44 günlük müharibə zamanında Tramp administrasiyasına ciddi təsir etməyə müvvəffəq olmayan Ermənistan lobbisi hazırda Azərbaycana “Konqress cəbhəsi”ndən hücum edir. Azərbaycana qarşı uzun müddət nəsə axtardılar, axırda əsirlər mövzusundan yapışdılar. Bu mövzu da elə ciddi deyil, yəni, Azərbaycanın əlində faktlar və arqumentlər var. Lakin bu proseslər xoşagəlməz məcrada inkişaf edə bilər ki, buna imkan verməmək üçün bütün mümkün vasitələrdən yararlanmalıyıq”, - deyə politoloq qeyd edib.

Sabiq nazirin sözlərinə görə, Tramp administrasiyası və respublikaçılarla çox yaxşı münasibətlər saxlayan yəhudi diasportu Baydenin və demokratların qələbəsindən sonra bir növ “müxalifət”ə çevrilib.

“Hiss olunur ki, yeni administrasiya və demokratlar yəhudi diasporu ilə sıx əməkdaşlıq etməyə o qədər də maraqlı deyillər. Lakin düşünürəm ki, bu müvəqqətidir. Bayden indi İranla münasibətləri normallaşdırmaq istəyir, İranın yeni prezidentinin də öz şərtləri var. Düşünürəm ki, ABŞ bölgə siyasətində yenidən İsrail və Türkiyə ilə yaxınlaşmağı seçəcək. ABŞ-Azərbaycan münasibətləri də bu amillərdən asılıdır. Bizim Birləşmiş Ştatlarla münasibətlərimiz müəyyən mənada ABŞ-İsrail və ABŞ-Türkiyə münasibətlərindən asılıdır. Ümumiyyətlə, son proseslər onu göstərir ki, ABŞ regiondakı rolunu daha çox Türkiyə vasitəsilə oynasa yaxşı olacaq. Türkiyə müsəlman ölkələrilə dialoq qurmaqda, kompromisə nail olmaqda Vaşinqtona daha çox fayda verə bilər”, - deyə politoloq qeyd edib.

T.Zülfüqarovun sözlərinə görə, İsrail və Türkiyədə də prosesləri izləyirlər, əlbəttə ki, ABŞ-Azərbaycan münasibətlərinin korlanmaması üçün bu ölkələrin diplomatları da müəyyən addımlar ata bilərlər.

“Bəzi qüvvələr bilərəkdən ABŞ-la Azərbaycan arasında gərginlik yaratmağa çalışır. Əlbəttə, Vaşinqtonda da düşünən beyinlər var və bölgədə Azərbaycanın əhəmiyyətini dərk edirlər. Ona görə də, müəyyən müsbət nəticələr əldə etmək üçün şanslar var. Amma arxayınlaşmaq da olmaz. Çünki təhlükə hər zaman var. Bunun qarşısını almaq üçün çoxşaxəli və sistemli fəaliyyət lazımdır”, - deyə sabiq xarici işlər naziri söyləyib.

Tofiq Zülfüqarov ABŞ-ın Ermənistandakı səfiri Linn Treysinin Ermənistan mətbuatında tirajlanan açıqlamalarını da şərh edib: “İllər boyu ABŞ və Fransa ATƏT-in Minsk qrupundakı həmsədrliklərindən əsasən bu bölgənin xalqlarına təsir rıçaqları kimi istifadə ediblər. Bu rıçaqları indi də itirmək istəmirlər. Lakin Treysinin açıqlamaları daha çox Ermənistan cəmiyyətində xal qazanmağa hesablanır. ABŞ-ın status məsələsi ilə bağlı Azərbaycana ciddi təzyiqlər göstərəcəyinə inanmıram”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »