Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Teatrın elə tamaşaçıları da var ki, bir tamaşaya 20 dəfə gəlir" - Əməkdar artist
"Teatrın elə tamaşaçıları da var ki, bir tamaşaya 20 dəfə gəlir" - Əməkdar artist

"Jurnalist də rejissordur, mən aktyor rolumu oynadım. Tamaşanı-yazını isə sən təqdim edəcəksən"...

Əslində bu ifadə insanın üzərinə böyük məsuliyyət qoyur. İnsanları olmadığı kimi təqdim etməyi, tərifləməyi sevmirəm. Nəhayətində məqalədə oxucunu aldada bilmərəm. Jurnalistin oxucunu aldatması, oxucunu itirməsi deməkdir."

Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, Əməkdar artist Elman Rəfiyevlə "teatr və tamaşaçı" mövsuzunda danışdıq. Pandemiya dövrünün "evdəqal" mərhələsi, teatrların bağlanılması, aktyorların qazancları, gənclər...

Artıq bir ildən çoxdur ki, pandemiya ilə əlaqədar olaraq, ötən ilin mart ayından Azərbaycanda bütün teatrların qapıları tamaşaçıların üzünə bağlanıb. Bu dövrdə aktyorlarn vəziyyəti barədə Elman Rəfiyevin dilindən eşidəcəyik:

- Dövlətin qanunlarına biz əməl edirik. Özləri nə zaman məsləhət bilsələr, o zaman da teatrlar açılacaq. Çox adamlar narazıdır, qınayırlar. Deyirlər ki, niyə ticarət mərkəzləri açılır, teatrlar açılmır. Ancaq bu gün insanları teatrlar o qədər də maraqlandırmır. İnsanlar üçün əsas toylara qoyulan qadağanın götürülməsi və ticarət mərkəzlərinin açılması idi. Əgər yadınızdadırsa, bir müddət əvvəl toylar və ticarət mərkəzləri deyil, muzeylərə girişə icazə verilmişdi. Yəqin ki, insanların reaksiyasını görmüşdünüz. Bizim insanlara toy və restoranlar lazımdır. Hətta restoranlar bağlananda insanlar deyirdi ki, "gəlin, bu gün görüşək, restoranlar bağlanır". Mən başa düşə bilmirəm insan öz evində yemək yeyə bilmir ki? Və yaxud yaxın dostundursa, evinə dəvət edib, yemək yeyə bilməzmi? Restoranlar açılanda isə, hər kəs bir-birini təbrik edirdi. Mənə də təbriklər gəlirdi.

Bu gün artıq insanların teatrlara marağı ölüb. Oturub evlərində 4K televizorunda filmə baxırlar. Tamaşalara isə onlayn baxırlar.

- Pandemiya, evdəqal dövründə nə etdiniz?

- Biz işimizi bu müddətdə dayandırmadıq. Tamaşalarımızı onlayn göstərdik. Kim izlədi, kim izləmədi öz işidir. Biz boş dayanmadıq, həftə sonları onlayn tamaşalarımızı, rəsmi YouTube kanalımızda yayınlamağa başladıq. Çalışdıq ki, insanlarda teatr sevgisi bitməsin, unudulmasın. Nə qədər buna nail olduğumuz pandemiya bitəndən sonra bəlli olacaq. O zaman görəcəyik ki, insanlar tamaşalara gəlir, yoxsa yox.

Toylara qoyulan qadağa götürülən kimi xəstəliyə yoluxma faktları da artmağa başladı. Xəstəsi də, sağlamı da hərhansı bir yolla içəri girib xəstəliyin artmasına səbəb oldu.

Hava yolu ilə sərhədlər açıldı. Hamı istirahətə üz tutudu. İstirahətə gedib, geri dönənlərin 50 faizi xəstə qayıtdı. Mənim də arzum var ki, Türkiyəyə gedim. Maşınla Samsunu gəzim. Amma bu planı saxladım. Qızım Amerikada yaşayır. Amerikaya da yollar açıldı, gedə bilərdim, getmədim. Dözmək lazımdır.

- Pandemiya sənət adamları üçün sınaq oldu...

- Mən pandemiya başlayandan bu günə qədər evimdən öz işimi görürəm. İnsanlarla Zoom proqramı vasitəsilə görüşlər keçirirəm. "Teatr", "Teatrı sevək", "Teatrdan qalma", "Evdə qal, teatrdan qalma, "Teatrın insan psixologiyasına təsiri", "Teatrın ailədəki insan psixologiyasına təsiri", "Nitq mədəniyyəti", "Səlist danışmaq", "Dublyaj" və s. mövzularda təlimlər keçdim. Məqsədim evdə oturan insanların içində olan teatr sevgisini qorumaq idi. Çünki mən bu sənəti sevirəm. 51 yaşım var və 41 ildir ki, bu sənətlə məşğulam. Mən bu sənəti sevdiyim üçün insanlara da aşılamağa çalışıram ki, teatr canlı incəsənət növüdür. Kinoya evdə də baxa bilərsən. Ancaq teatra baxmaq üçün teatr salonuna gedirsən və orada ötürülən mesajı canlı olaraq eşidib görürsən. Bu mesaj sənə daha tez təsir edir.

- Qeyd etdiniz ki, insanlarda teatra maraq iki ildir ki, ölüb. Bəs iki il öncə necə idi? Tamaşaçının teatra marağı var idimi? Xüsusilə, Pantomima teatrına. Axı bu teatr digərlərindən xüsusilə fərqlənir.

- 90-cı illərdə "Mollar" yox idi, kinoteatrlar işləmirdi. Və insanların gedəcəyi yer teatrlar idi. Bu dövrdə teatrlara maraq böyük idi. "Mollar", kinoteatrlar açıldıqdan sonra insanlar tədricən teatrlardan uzaqlaşmağa başladılar. Mənim ustadım, teatrımızın yaradıcısı Bəxtiyar Xanızadə deyir ki, yenidən elə bir dövr olacaq ki, insanlar "Mollar"-dan, kinoteatrlardan yorulandan sonra yenidən teatrlara üz tutacaq.

1994-cü ildə Pantomima teatrı yarananda teatra maraq böyük idi. Böyük insan axını var idi. Bilet tapılmırdı, insanlar tamaşalara baxmaq üçün öncədən bilet sifariş etməli olurdu. Pantomima teatrının salonu 40 yerlikdir. Ancaq elə dövrlər olub ki, bu 40 yerlik teatra 60 nəfər tamaşaçı gəlib. Elman Rəfiyev o dövrlə bağlı bir nüansı xatırlayır: "Bir Türk gəlmişdi, mənə dedi ki, "abicim mənim bu tamaşaya baxmam lazım". O, gödəkçəsini çıxarıb altına qoyub oturdu və tamaşamı izlədi"...

Son dövrlər Pantomima teatrının tamaşaçıları azalmağa başlayır. E.Rəfiyev deyir ki, bəzən insanlar tamaşaya özünü reklam etməyə gəlir, selfi edir. 40 dəqiqəlik tamaşada telefonu əlindən yerə qoymur. Pantomima teatrı spesifik teatr olduğu üçün səhnəyə düşən telefon işıqları aktyora mane olur.

"Biz dəfələrlə bu barədə tamaşaçıya xəbərdarlıq edirdik. 40-45 dəqiqə telefonu əlindən qoy tamaşaya bax, sonra işinlə yenidən məşğul ol"...

Ancaq teatrın elə tamaşaçıları da var ki, bir tamaşaya baxmaq üçün 20 dəfə gəlir. Deyir ki, hər dəfəsində başqa bir yenilik tapır.

- Aktyorlarımız hər zaman vaxt azlığından şikayət edirdi. Deyirdilər "filmlərə çəkilməyə","dublaja getməyə" vaxtımız yoxdur. Pandemiya dövründə elə bil ki, Tanrı tərəfindən bizə vaxt verildi. Teatrları bağladılar. Hamı vaxt çatışmazlığından şikayət edirdi. Pandemiya yeni başlayanda hamı evə qapadıldı. Və insanlar başladılar evlərdə darıxmağa. Niyə? Çünki onlar yalandan vaxt çatışmazlığından şikayətlənirdi.

Bir-birinə can deyib, can eşidənlər başa düşdü ki, bir-birinə yalandan can deyib, can eşidirlərmiş... Hər kəsin iç üzü üzə çıxdı. Amma 3 gün evdə qalan kimi məlum oldu ki, heç belə deyilmiş. Bizim eybimizi küçə örtürmüş.

Elman Rəfiyev, Tovuz döyüşləri zamanı yaradıcılığında bir ilkə imza atır. Və bədii qiraətə başlayır. Onda bu istəyi isə, bir şəhidin anasına yazdığı məktub yaradır... Aktyor özü üçün YouTube kanalı açaraq, şeirlərini yayımlamağa başlayır. Pandemiya dövründə seriallara dəvət alır və qəbul edir.

"Əgər sən professional aktyorsansa, gileylənməməlisən. Xeyr. Oturub səbrlə gözləməlisən" - deyir əməkdar artist Elman Rəfiyev. O, hesab edir ki, teatrlar açıldıqdan sonra bir çox aktyorlar ələnəcək: "O şəxslər ki, "Mən sənətsiz yaşaya bilmərəm" deyir, onların çoxu teatrda olmayacaq. Baxacaqsan ki, artıq hərhansı bizneslə məşğuldurlar."

Elman Rəfiyev, pandemiya dövründə "autizm və daun" xəstələri ilə görüşlər də keçirib. Bu canlı görüşdə aktyor onlara 15 dəqiqəlik tamaşa da göstərib. Bir neçə gün öncə isə 3-6 yaşlı uşaqlarla görüş keçirib. Aktyorun sözlərinə görə, yeganə məqsədi uşaqlara teatrı sevdirməkdir.

- Sağ olsun dövlətimiz, biz evdə oturduğumuz halda məvacibimiz vaxtında ödənildi. Biz əməkhaqqı problemi yaşamadıq. Evdə oturduğumuz dövrdə dövlət, incəsənət adamlarının qayğısına qaldı və onların məvacibini ödədi.

- Məsələn; Türkiyədə aktyorluq sənəti kifayət qədər qazanclı sənətdir. Azərbaycanda isə bu belə deyil.

- Türkiyənin kino aktyorluq sənəti qazanclıdır. Mənim burada serialda çəkilərək, aldığım məvacib Türkiyədə ən ucuz aktyorun aldığı məvacibdən 10-20 dəfə azdır. Amma teatra gələndə, mən rahatlıqla deyə bilərəm ki, Azərbaycan teatrı Türk teatrını üstələyib. Kinoya gəldikdə isə, Türk kinosu və serialları dünya bazarında öz sözünü deyib.

Bəli, Türk aktyorlarının qazancı çoxdur. Məsələn; Oktay Kaynarcanın "Eşkiya dünyaya hükümdar olmaz" serialında aldığı məvacibi almağım üçün gərək 10 il sərasər işləyim. Türk seriallarında aktyorlar bir bölümə 20 min alır.

- Belə olan vəziyyətdə aktyorluğa maraq edən gənclərimiz varmı?

- Var. Gənclər bu sənətə qazanca görə deyil, məhşur olmağa gəlirlər. Küçəyə çıxanda hamı onu tanısın. Yerindən duran aktyor olmaq istəyir. Axı, aktyorluq bu qədər ucuz sənət deyil. Aktyor olmaq üçün bunun təhsilini almaq, məktəbini keçmək lazımdır. Kitablar oxumaq lazımdır. Dünya ədəbiyyatından, öz ədəbiyyatından xəbərin olmalıdır ki, aktyor ola biləsən. Yerindən duran tez bir zamanda məşhur olmaq üçün aktyor olmağa çalışır. Bir çox gənclərin marağı aktyorluğa ancaq məşhur olmaq üçündür.

- Bu gün kifayət qədər vayner var ki, məşhudur.

- Vaynerlər aktyor deyillər.

- Ancaq onlar özlərini aktyor hesab edə bilir.

- Vaynerlər arasında yeganə aktyor olan insan Taleh Yüzbəyovdur. Taleh bizim teatrın yetirməsidir. Gəlin, Talehlə digər vaynerlərin işini yanaşı qoyaq. Taleh teatr məktəbi keçib. Bu gün yerindən duran vaynerdir. Vaynerlər aktyor deyil. Estrada teatr janrı başqadır, teatr janrı başqadır. İnsanlar da teatrla onları səhv salır. Bu gün dünyada məhşur olan aktyorların hamısı teatr aktyorudur. Çünki, teatr məktəbdir.

Gəlin, belə düşünək, mən kino aktyoruyam, kino da bağlıdır, işləmir. Qalıram ortada. Əgər mən teatr aktyorumsa, tamaşalar oynayır, məşqlər edir, olanda kinoya da çəkilirəm. Teatr əlifbadır. Aktyorluğun məktəbi isə Pantomimadır. Pantomima bədən dilidir.

Mənim sənət müəllimim Nəsir Sadıqzadə (Bəxt üzüyü filmində Tanrıverdi kişi) və indiki ustadım Bəxtiyar Xanızadə deyirdi ki, "aktyor olursansa, hər tərəfli - professional aktyor ol. Bir şaxəli olma. Bu da mənim üçün şüar olub və o şüarla irəliləmişəm. Bu gün 51 yaşım var, bu gün də öyrənirəm.

- Elman bəy, pandemiyadan sonra teatr, pandemiyadan əvvəlki vəziyyətinə hansı müddətə qayıda biləcək?

- Səbrsizliklə teatrın açılmasını gözləyən aktyorlar, rejissorlar, səs rejissorları, həqiqi mənada teatrı sevənlər teatr açlandan sonra partlayış edəcəklər. Enerji yığılır qalır. Bunu çoxuna şamil edə bilməsəm də, belə aktyorlar çoxdur. Zala tamaşaçılar az gəlsə belə, aktyorlar əllərindən gələni edəcəklər. Teatrın açılmasını gözləyən çox adam var.

Teatr evdən başlayır.

Şekspir deyir ki, "həyat, bir teatr səhnəsidir". Həyat bir oyundur və biz bu oyunun içindəyik. Teatr açılanda böyük bir canlanma olacaq. Bu da teatrın inkişafına təsir edəcək.

Elman Rəfiyev, pandemiya dövründə "Sayrışan işıqlar" televiziya serialına çəkilib. Elə koronavirusa da bu dönəmdə yoluxub.

Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev

- Koronavirusu həkim obrazı oynaya-oynaya xəstəxanda tutdum. İnsanlar aktyorla şəkil çəkdirmək istəyir, yaxınlaşırdılar. Bu dönəmdə mən də virusa yoluxdum. Şükür ki, bu xəstəlikdən qurtuldum.

Siz dediyiniz kimi, koronavirus qripin bir növüdür. Zamanla buna da alışacağıq. Keçmişə nəzərə salsaq görərik ki, belə xəstəliklər 5 illərlə davam edib. Mənim insanları qorxutmaq fikrim yoxdur, amma o dövrlərdə insanlar bu qədər sıx əlaqədə deyildi. İndi insanlar ünsiyyətdədir. Buna görə xəstəlik yayılır.

Sosial məsafə, maska, spirt kimi vasitələrdən hamı istifadə edib qorunmalıdır. Hamı deyir: "boş şeydir". Mən də koronavirus olanda deyirdim "koronavirus deyiləm", amma testin cavabı çıxanda çox sevindim. Bilirsinizmi, niyə?

- Niyə?

- Mən pozitiv insanam. Testin cavabı da pozitiv idi. Güldüm, dedim ki, "hər şeydə pozitivəm".

Azərbaycan Dövlət Pantomima Teatrının direktoru, əməkdar artist Elman Rəfiyev

Elman bəylə saatlarla danışmaq olar. Teatrdan, gənclərdən, hər şeydən...

Elman Rəfiyev təkcə gözəl aktyor deyil, eyni zamanda gözəl qiraətçi və yaxşı mənada manipulyatordur. İnsanı ən yaxşını etməyə həvəsləndirir... Belə insanlara isə Azərbaycan cəmiyyətinin həqiqətən böyük ehtiyacı var... Onu tərifləmirəm, oxucunu aldatmayacağam. Amma Elman Rəfiyevi yaxından tanımaq istəsəniz, YouTube kanalında şeirlərini dinləyin, ya da bir tamaşasını izləyin. Mənə haqq qazandıracağınıza əminəm...

İlahin, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Nazirlikdən faktiki hava açıqlaması
››› Ömürlük status təklifi və veto hüququ
››› Zəngəzur dəhlizinin istifadəyə veriləcəyi vaxt açıqlanıb
››› Azərbaycan və Türkiyə Prezidentləri Zəngəzur dəhlizinin təməlini qoyublar
››› İndoneziyadan olan ata oğluna qəribə ad qoyub
Son xəbərlər
Bütün xəbərlər »