Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Uşaqlar hansı hallarda narkotik maddələrə meyllənirlər...
Uşaqlar hansı hallarda narkotik maddələrə meyllənirlər...

Son dövrlərdə ölkədə narkotik vasitələrdən istifadə və onların müxtəlif yollarla satışı artıb. Bunu Daxil İşlər Nazirliyinin mütəmadi olaraq keçirdiyi əməliyyatlar, saxlanılan şəxslər, məhv edilən narkotik vasitələrin miqdarı və s. haqqında yayımladığı məlumatlara əsaslanaraq demək olar.

Nə qədər acınacaqlı olsa da, narkotik vasitələrin satışında sosial şəbəkələr böyük rol oynayır. Xaricdə açılmış və xaricdən idarə edilən səhifələr vasitəsilə, narkotik vasitələr istifadəçilərə təqdim edilir və ölkədə olan kuryerlərin vasitəsi ilə satılır. Bu prosesin qarşının alınması üçün müxtəlif əməliyyatlar keçirilir. Ancaq narkotik istifadəçisi artıq adətkar olduğu üçün o, ehtiyacı olan maddəni hərhansı yolla əldə etməyi bacarır. Narkotik maddə istifadəçisi qısa zaman içində vərdişkara çevrilir. Narkotik vasitənin ona verdiyi zərərləri anlasa belə, fiziki və bioloji təlabat, ona bu vərdişdən uzaqlaşmağa mane olur.

Narkotik vasitə asılılğının qarşısını necə almaq olar?

Narkoloq Pərvinə Məmmədova bildirir ki, narkotik vasitələrin tərgidilməsi prosesində güclü və pozitiv ailə bağları, başqaları ilə müqayisədən qaçmaq, öyüd-nəsihət yerinə empati, istifadəçi ilə ittiham və avtoritar dillə danışmaq əvəzinə mülayim söhbətlərin böyük rolu var:

"Valideynlər uşaqlarının kiminlə dost olduğundan xəbərdar olmalı, övladının harada, kiminlə vaxt keçirdiyini bilməli, uşaqların sosial şəbəkə profillərinə, kiminlə danışdığına, nəyi izlədiyinə nəzarət etməlidir. Eyni zamanda, ailə daxili qaydalar açıq olmalı və hamının buna əməl etməsi vacibdir.

Övladınız məktəbdə dərslərini yaxşı oxuyursa, özgüvəni varsa, davranışlarına diqqətlidirsə, sağlam psixoloji vəziyyətə və sağlam bədənə sahibdirsə, məsuliyyətlidirsə, cəmiyyətdə siqaret, içki və narkotik vasitələrə qarşı münasibəti dərk edirsə, həyatı stresli keçmirsə, o, narkotik maddə istifadəsinə nadir hallarda yönələ bilər. Bu da həyatında baş vermiş ani stress, itirmə və s. ilə bağlı ola bilər".

Şəxsin narkotik istifadəçisi olduğunu aşağıdakı əlamətlərlə müəyyən etmək olar:

  • Anormal formada yuxululuq və dumanlı (keyimək) olması,
  • Arıqlama və iştahın azalması,
  • Ani psixoloji dəyişikliklər,
  • Narahatlıq,
  • Depressiya,
  • Gərginlik, əsəbi və aqressivlik,
  • Əsəb-sinir tutmaları (valideylərinə və ətrafdakılara qarşı),
  • Diqqətin azalması,
  • Yaddaşın pozulması,
  • Ürəkgetmə,
  • Halusinasiyalar,
  • Enerjisiz olması, yorğunluq,
  • Dərslərdə davamlı uğursuzluq, dərsə getmək istəməmək və ya getməmək,
  • Gec saatlara qədər oyaq qalmaq,
  • Müxtəlif işlərlə məşğul olmasına rəğmən bu işlərin harda və necə olması barədə məlumat verməmək,
  • Yalan danışmaqda davamlılıq, oğurluq, yeni və qəribə dostlar, ətrafın dəyişməsi,
  • Bədənində heç görmədiyiniz ləkələr, göyərmələr, yaralar, kəsik izləri, qəribə qoxular,
  • Dırnaqların cilalanması,
  • Dostlarla şifrəli söhbətlər, evə gecə gəlmək, evə gəlməmək,
  • Sidik analizi, saç analizi...

Narkoloq qeyd edir ki, narkotik vasitələrdən istifadənin müalicəsi asan olmasa da, mümkündür. Ancaq bunun üçün səbr, zaman, külli miqdarda vəsait və zəhmət lazımdır.

"Müalicə xəstənin xüsusiyyətlərinə görə, stasionar və ya ambulator şəkildə aparıla bilər. Buna görə, narkotik istifadəçisi olan şəxslər aidiyyatı xəstəxanalara müraciət etməlidir. Qeyd etməliyəm ki, narkotik vərdişi tək bir istiqamətdə dəyərləndirilib, müalicə ediləcək bir xəstəlik deyil. Bu problemi həll etmək üçün xəstəyə hərtərəfli diqqət, müayinə və müalicə lazımdır. Belə olan təqdirdə, xəstəlik sağala bilər".

Həkim qeyd edir ki, xəstəlikdən can qurtarmaq üçün əvvəlcə xəstə, özünü xəstə olaraq qəbul etməlidir. O, vəziyyətini başa düşməli, müalicə yollarının olmasını dərk etməli, buna inanmalıdır. Əks halda xəstə olduğunu inkar edən, problemlərdən qaçan şəxsi müalicə etmək mümkün deyil. Əgər xəstə problemlərini başa düşüb, ondan yaxa qurtaracağına inanaraq müalicəyə başlasa, çətin olan müalicə dövrünü səbr, mütəxəssis dəstəyi və sosial əhatəsinin yardımı ilə müvəffəqiyyətlə keçə biləcək.

"Narkotik maddələrdən istifadə vərdişi, düzəlmə və təkrarlama dönəmləri ilə müşahidə edilən xroniki beyin xəstəliyidir. Bu səbəblə də xəstəliyin müalicəsində digər xəstəliklərdə olduğu kimi dərman müalicəsi də yer alır. Ancaq təkcə dərman müalicəsi yetərli deyil. Müalicənin üç mərhələsi var:

  • Birinci mərhələ, xəstə aidiyyatı üzrə xüsusi klinikaya yerləşdirilir. Burada xəstə cəmiyyətdən izolyasiya edilir. Daha sonra detoksifikasiya dönəmi başlayır. İstifadə edilən maddə tamamilə kəsilir. Əvəzinə, daha az fiziki adətkarlıq yaradan maddə verilir və ya məhdudiyyət sindromunun daha zəif keçməsi üçün bəzi sakitlədirici dərmanlar verilir. Bu mərhələ təmizlənmə mərhələsi adlanır.
  • İkinci mərhələ reablitasiya mərhələsidir. Bu dövrdə narkotik maddə istifadəsinə səbəb olan psixoloji və sosial problemlər həll edilir. Çox təəssüflə qeyd edim ki, bu dövr illərlə davam edə bilər.
  • Sonuncu mərhələ isə psixoterapiya mrhələsidir. Bu dövrdə istifadə edilən maddənin xüsusiyyətləri, şəxsin fərdi keyfiyyətləri, maddənin təsiri ilə yaranan psixoloji probemlər araşdırılır və bu istiqamətdə müalicə aparılır. Bu mərhələdə xəstənin yaxınları, ailəsi də cəlb edilir. Psixoterapiya zamanı xəstəyə yaşadığı problemin mahiyyəti başa salınr.

Şəxslərin narkotik maddələrdən istifadəyə başlamasına əsas səbəb hər zaman boş zaman və can sıxıntısı olur. Can sıxıntısı ilə yeni mühit, yeni dostlar axtarışında olan şəxs bu mühitdə narkotik vasitəni yoxlayır".

Həkimin sözlərinə görə, narkotik maddə istifadəçisi xəstə olduğu müddətdə, yəni, istifadəçi olduğu zaman maddələrin təsirindən iştahasını itirir. Bu zaman kəskin arıqlama müşahidə edilir. Müalicə zamanı xəstələr, güclü immun sistemin formalaşması üçün ət, balıq, toyuq, süd məhsulları, meyvə-tərəvəz və taxıl məhsulları yeməlidir.

Müalicənin son dövründə nəfəs məşqləri tövsiyyə edilir. Bütün diqqətini nəfəs alıb-verməyə ayıran xəstə yaşadığı problemlər və gələcəklə bağlı problemləri düşünməyə vaxt tapmır. Bu zaman rahatlayır. Çünkü bütün diqqəti nəfəsindədir.

Narkotik vasitələr haqqında məlumatı olmayan gənclər bəzən diqqət çəkmək, bəzən maraq, bəzən psixoloji problemlərdən narkotik maddə istifadəçisinə çevrilir. Buna görə də, valideynlər övladlarına qarşı çox diqqətli davranmalıdırlar...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »