Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsi Əfqanıstanın qadın futbolçularına sığınacaq verdi
Avropa ölkəsi Əfqanıstanın qadın futbolçularına sığınacaq verdi

Əfqanıstandan Avropa istiqamətində miqrant axını davam edir. İnsanlar dəstə-dəstə vətənindən gedir. Onlar özünü Belarusa və ya Türkiyəyə çatdırmağa çalışır ki, sonra Şengen zonasına qədəm qoya bilsinlər.

Bizimyol.info xəbər verir ki, Əfqanıstanın qadın futbolçulardan ibarət gənclər millisinin üzvləri də ölkəni tərk edib. Onlar Avropaya qədəm qoya biliblər. Amma bunun üçün qanuni prosedurdan istifadə olunub. Portuqaliya əfqan qadın futbolçulara sığınacaq verib.

Gənclər millisinin üzvləri bir aydan çoxdur bu günü gözləyirdi. Onlar öldürülə biləcəyindən çox narahat idi. Nəhayət, 26 futbolçunun yer aldığı təyyarə Lissabon hava limanında yerə enib.

Əfqanıstanın qadınlardan ibarət milli komandasının kapitanı Fərhundə Muhtac deyir ki, gənclərin xilasına görə çox sevinir: “İndi futbolçular təhlükəsiz yerdədir. Amma Əfqanıstan onların qəlbində əbədi qalacaq. Ruhən həmişə bu ölkənin taleyi üçün yanacaqlar”.

“Taliban” yenidən hakimiyyətə gələndən sonra ölkədə qadınların idmanla məşğul olmasının qadağan edildiyini açıqlamışdı. Söz vermişdilər ki, zərif cinsin nümayəndələrinə məktəbə və universitetə getməyə şərait yaradacaqlar. Sonra vəziyyət bir az dəyişdi. Qadın məsələləri üzrə nazirlikdə struktur dəyişikliyi baş verdi, Fəzilətin təşviqi və pisliklərin qarşısının alınması nazirliyi təsis olundu.

“Taliban” tarixdə ikinci dəfə hakimiyyəti bu il avqustun 15-də ələ keçirdiyini bəyan edib. Bundan sonra ölkəni xeyli insan tərk etməyə başlamışdı. Onların əksəri təyyarə ilə Əfqanıstandan çıxmağa çalışmışdı. Maddi imkanı çatmayanlar Türkiyəyə qədər piyada getmək yolunu seçmişdi.

Əfqanıstanın qadın futbolçulardan ibarət milli komandası ölkəni sentyabrın 14-də tərk etməyi bacarmışdı. İdmançılar Pakistana keçmişdilər. “Taliban”ın mədəniyyət məsələləri üzrə komissiyasının rəhbəri Əhmədulla Vasik Avstraliya mediasına müsahibəsində demişdi ki, onların getməsi heç nəyi dəyişmir, çünki Əfqanıstanda qadınlar idmanla məşğul ola bilməz. Təşkilatın təmsilçisi zərif cinsin nümayəndələrinin yalnız vacib hallarda küçəyə çıxmalı olduğunu bildirmişdi. Vasik idmanın vacib hadisə olmadığını sözlərinə əlavə etmişdi.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »