Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Fuad Muradov da Nazim İbrahimov kimidir: Özlərinə uyğun təşkilatlar yaratmağa çalışırlar"
"Fuad Muradov da Nazim İbrahimov kimidir: Özlərinə uyğun təşkilatlar yaratmağa çalışırlar"

Nazim İbrahimov, uzun illər Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə komitəyə - diaspor komitəsinə rəhbərlik etdi. On yeddi ildən sonra onun yerinə Fuad Muradov təyin edildi. Xaricdə diaspor fəaliyyəti ilə məşğul olan azərbaycanlılar iddia edir ki, komitə rəhbərlərinin dəyişdirilməsi, xaricdə yaşayan azərbaycanlılarla əməkdaşlığa heç bir yenilik gətirməyib. Yəni Fuad Muradov, Nazim İbrahimovun yolunu davam etdirir.

Uzun illər Belçikada diaspor fəaliyyəti ilə məşğul olmuş Belçika Azərbaycan evinin rəhbəri Bülənt Gürçam Bizimyol.info saytına xaricdə yaşayan və diaspor fəaliyyəti ilə məşğul olan azərbaycanlıların fəaliyyətisizliyindən gileylənib.

- Uzun illər diaspora fəaliyyəti ilə məşğulam. Diaspor hərəkəti, ikinci dünya müharibəsindən sonra, yəni, Sovetlər birliyi əsgərləri olaraq Avropaya yayılmış azərbaycanlıların başlatdığı bir hərəkətdir. Onların bir-ikisi ilə tanış olmuşam. Onlar heç bir zaman Azərbaycana qayıtmayıb. Orada həyatlarını dəyişib. Həmin şəxslər Azərbaycanın Avropadakı təmsilciləri kimi hərəkət edib və Azərbaycanı tanıdıblar. Azərbaycan diasporasının təməlini qoyublar.

- Əvvəllər hamı Nazim İbrahimovun fəaliyyətindən razı idi. İndi vəziyyət necədir? Fuad Muradov, xaricdə yaşayan azərbaycanlılarla əməkdaşlıq edə bilirmi?

- Mən bunu həmişə demişəm ki, Nazim İbrahimovun dövründə necə idisə, Fuad Muradovun dövründə də eynidir. İrəlilədikləri yol eynidir. Yəni, dərnəklər, təşkilatlar arasında, Avropada təşkilatlar arasında bölünmələr yaranır. Özlərinə uyğun təşkilatlar yaratmağa çalışırlar. Nazim İbrahimov özünə uyğun bir təşkilat profili yaratmağa çalışırdı, amma bacarmadı. 17 il diaspor fəaliyyətini bərbad günə qoydu. Biz bunu həmişə deyirdik. İndi də 3 ildir ki, Fuad Muradov eyni hərəkəti təkrarlayır. Eyni hal təkrar olunacaq, sonu da uğursuzluqla nəticələnəcək. Əgər, yadınızdadırsa, Nazim İbrahimovun 17 illik fəaliyyətindən Prezident Aparatı da razı qalmamışdı. Dedilər ki, Nazim İbrahimov düzgün işləməyib, xətalara yol verib. Mətbuatı izləyənlər yaxşı bilir ki, biz bunu həmişə deyirdik: "Nazim İbrahimov yaxşı işləmir". Ancaq bizi heç kəs dinləməmişdi. İndi də Fuad Muradov eyni hərəkəti təkrar edir və biz deyirik ki, Fuad Muradov düzgün işləmir.

Uzun illərdi ki , diaspor işi ilə məşğul olan insanların fikirləri dinlənilməlidir. Cavan nəsilə biz öz tövsiyələrimizi verməliyik. Yəni, Azərbaycan Diaspor Komitəsi uzun illər bu işlə məşğul olan insanları bir yerə toplamalıdır. Bundan sonra bu işlə kim məşğul olacaqsa, onlar da bir araya gətirilməlidir. Gənclərin fikirləri ilə uzun müddət bu işlə məşğul olanların fikirləri dinlənilməli, ortaq bir qərara gəlinməlidir. İş proyektləri, planlamalar hazırlanmalıdır. 40 ildir bu işlə məşğul olan insanları bir kənara atıb işə yeni başlayanlara iş tapşırılır. Yəni, siz 40 ildir görülən işləri silib atırsınız. Bu Azərbaycan diasporuna edilən ən böyük pislikdir. Biz Azərbaycan diasporu olaraq Sovet dövründən bəri çalışırıq. Azərbaycan diaspor komitəsinin əlində böyük imkanlar olmasına baxmayaraq, heç bir iş görə bilmir. Çünki təcrübə yoxdur. Təcrübə olmayan yerdə isə heç bir iş görmək mümkün deyil. Təcrübəli insanların fikrinə önəm vermək lazımdır. Biz hər dəfəsində bu məsələyə toxunuruq.

- Ötən il Azərbaycan 44 günlük müharibə ilə 30 illik həsrətə son qoyub qələbə çaldı. Bu qələbə dünyaya yetərincə və düzgün şəkildə çatdırıldımı?

- 44 günlük müharibə Aərbaycan üçün böyük nailiyyət idi. Türkiyə mediasının dəstəyi ilə bütün dünya bundan xəbər tutdu. 30 illik torpaq itkisini 44 günə geri qazanmaq böyük bir işdir. Amma bu qələbəni dünyaya düzgün çatdıra bildikmi? Məncə, xeyr. Çünki, yenə plansız olaraq hərəkət etdilər və bu da Diaspor Komitəsinin işi idi. Diaspor Komitəsi bu işi həyata keçirməli idi, ancaq, onların belə bir təcrübəsi yoxdur. Bu işə xaricdə nüfuzu olan insanları cəlb etmək lazım idi. Mən 40 ildir Belçikada yaşayıram və mənim öz əhatə dairəm var. Mənə imkan verilməlidir ki, mən o çevrəmdən istifadə edə bilim. Amma Diaspor Komitəsi yenə təcrübəsiz üslubda işlər görür.

Fuad Muradov Belçikada bir neçə özünə yaxın azərbaycanlını bir yerə toplayıb. Onlarla Azərbaycanın 44 günlük müharibəsini müzakirə etdi. Halbuki, onlar bu haqda məlumatlı idilər. Həmin o zallarda bir nəfərdə olsun xarici vətəndaş, xarici jurnalist yox idi. Onlar öz adamları ilə görüşlər keçirib, yeyib-içib, böyük pullar xərcləyib, bir-birinə hədiyyələr verib, geri döndülər. Bu davranışla heç bir şeyə nail olmaq olmaz. Nazim İbrahimov necə davranırdısa, Fuad Muradovda elə edir. Dəyişən heç nə yoxdur. Fuad Muradov Belçika, Niderland və Almaniyaya səfər etdi. Hər üç ölkədə eyni addımı təkrarladı. 3-5 azərbaycanlı ilə görüşdü, bir neçə idman zalını ziyarət etdi, sonra bir neçə nəfərə hədiyyə verdi, onlar da Fuad Muradova hədiyyə verdilər. Sanki, hər şey yolundadır. Ancaq baş verənlərdən nə almanların, nə belçikalıların, nə də niderlandların xəbəri olmadı. Heç bir ölkənin mətbuatında bu məsələlər yer almadı. Yəni, Azərbaycan diaporunun fəaliyyəti bundan ibarətdir.

İlahin, Bizimyol.info

Paylaş »
››› Bal alarkən aldanmayın: Təbii balı tanımağın 5 üsulu - Ekspertdən məsləhət
››› Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
››› Kainatımızı ali varlıqlar laboratoriya şəraitində yaradıblar - İlginc iddia
››› "Zəngəzur dəhlizi tamamilə Azərbaycanın öhdəliyinə verilməlidir"
››› Azərbaycanın "orijinal" müalicə müəssisələri: Sağlam adamı xəstələndirirlər...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Oktyabrın 25-nə olan hava proqnozu
Son xəbərlər
Bütün xəbərlər »