Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Naxçıvan və Şuşada Türkiyə əsgərinin varlığı təhdidlərdən sığortamız olacaq”
“Naxçıvan və Şuşada Türkiyə əsgərinin varlığı təhdidlərdən sığortamız olacaq”

“İranın Azərbaycanla sərhədlərində keçirdiyi təlimlər “Üç qardaş – 2021” təliminə cavab oldu, amma bunu ciddi təhdid kimi qəbul etmək olmaz".

Bu sözləri Bizimyol.info saytına hərbi ekpsert Telman Əbilov bildirib.

Onun sözlərinə görə, İranda olan Ermənistan yanlı və şovinist dairələr davamlı olaraq cəmiyyəti inandırmağa çalışırlar ki, Azərbaycan, Türkiyə və Pakistanın birləşməsi, birgə təlimlər keçirməsi İran üçün təhdiddir.

“Mən siyasətçi deyiləm, amma onu deyə bilərəm ki, bu üç dövlətin birgə təlimləri, hərbi istiqamətdə tərəfdaşlığı artırması bir çox qüvvələri narahat etdi. İran tərəfi də sanki “gözdağı” vermək üçün Azərbaycan sərhədlərinə qoşun çəkdi. Amma cavablarını da Naxçıvanda keçirilən təlimlərlə aldı. Türkiyə qoşunlarının Naxçıvana gəlməsi bir mesaj oldu ki, Azərbaycana qarşı hər hansı tərəfdən aqressiya olarsa, türk əsgəri lazımi cavabı verəcək”, - deyə T.Əbilov qeyd edib.

O vurğulayıb ki, Qars müqaviləsi və Şuşa bəyannaməsinə əsasən, Azərbaycan ərazilərinə təhdid olarsa, Türkiyə istədiyi an Naxçıvana və Qarabağa qoşun göndərə bilər: “Bu, Türkiyənin hüququdur. Türkiyə zabitləri onsuz da Naxçıvanda mütəmadi olaraq əsgərlərə təlimlər keçirlər və intensiv birgə təlimlərin olması Muxtar Respublikanı kənar təhdidlərdən qorumağa kömək edir”.

Ekspertin fikrincə, Naxçıvanda yerləşən Əlahiddə Ümumqoşun Ordusu Azərbaycan SQ-də olan digər ordu korpuslarından daha hazırlıqlı vəziyyətdədir.

“Məndə olan məlumatlara görə, Naxçıvanda olan hərbi birliklərimiz tamamilə NATO standartlarına keçiblər. Türkiyə zabitlərinin də köməyilə orada əsl nizam-intizam yaranıb. Hətta deyərdim ki, Naxçıvandakı ümumqoşun ordusunun döyüş qabiliyyəti digər ordu korpuslarından da yaxşıdır. 44 günlük müharibədə də bu birliklər özlərini yüksək səviyyədə göstərdilər. Bu birliklər bir neçə gün ərzində İrəvana qədər çatacaq gücə malikdir”,- deyə ekspert söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ən yaxın zamanda Şuşada Türkiyə konsulluğunun açılmasına çalışmalıdır: “Naxçıvan və Şuşada Türkiyə əsgərinin olması bizim kənar təhdidlərdən sığortamızdır. Türkiyə rəsmi olaraq Azərbaycanda daim qoşun saxlaya bilmir. Amma Şuşada konsulluq açılsa, onun yanında kiçik də olsa türk xüsusi təyinatlılarından ibarət qarnizon yerləşdirilə bilər. Mən sizi inandırıram, Ermənistan və Rusiya bu kiçik qarnizonun varlığından belə ehtiyatlanaraq Şuşa tərəfə bir güllə belə atmayacaqlar. Hazırda yaşanan gərginlik və atəşkəsin pozulması hallarının qarşısı da alınacaq”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »