Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan
“Rusiya generalı Azərbaycan kəndində Ermənistan bayrağı qaldırmağımızı istədi” – Avanesyan

Ermənistan mətbuatında Xocavəndin Cütçü kəndində separatçılarla Azərbaycan hərbçiləri arasında insidentin yaşanması barədə məlumatlar yayılıb.

Bizimyol.info xəbər verir ki, “Hraparak” qəzeti öz saytında yazıb: “Ötən gün “Artsax”ın Martuni bölgəsinin Maçkalaşen icmasında Azərbaycan ordusu mövqelərini irəli sürərək neytral zonada məskunlaşdılar. Sakinlərin və icma başçısının atdığı addımlar nəticəsində hadisə yerinə gələn Rusiya sülhməramlıları Azərbaycan tərəfi ilə aparılan danışıqlar nəticəsində onları yenidən başlanğıc vəziyyətinə qaytarmağı bacardılar, ancaq qarşı tərəf orada postun ləğv olunması və Amaras Monastırında ​olan “Artsax” bayrağını endirmək üçün şərt qoydu”.

Ermənistan nəşrinin yazdığına görə, Cütçü bələdiyyə sədri Lernik Avanesyan Azərbaycan ordusunun irəli gəldiyi barədə məlumatı təsdiqləyib. O qeyd edib ki, sülhməramlıların nümayəndəsi general Yeqorov danışıqlardan sonra separatçı rejimə aid bayrağı endirməyi və Ermənistan bayrağını asmağı istəyib.

Bizimyol.info saytına danışan azərbaycanlı hərbi ekspert Ədalət Verdiyev bilrdirdi ki, bu məsələ ilə bağlı hələ hər hansı rəsmi məlumat yoxdur və məsələnin detallarını bilmədən birtərəfli şərh vermək doğru olmaz.

Ədalət Verdiyev Ədalət Verdiyev

“Ermənistan mətbuatı zaman-zaman bu və digər məlumatları yayaraq müəyyən çaşqınlıq yaratmağa çalışır. Həmçinin, Ermənistan tərəfinin birtərəfli şəkildə yaydığı məlumatları mən o qədər etibarlı hesab etmirəm. Hər halda, Azərbaycan tərəfindən də açıqlama veriləcək”,- deyə ekspert bildirib.

Lakin o qeyd edib ki, Azərbaycan tərəfi 44 günlük müharibədə qalib gələn tərəf olaraq Ermənistan ordusu və separatçı dəstələrə hərbi-psixoloji təsirlərini davam etdirir.

“Biz öz hərbi üstünlüyümüzdən faydalanaraq onları daim təsir altında saxlamalıyıq və bu ərazilərin kimə məxsus olduğunu daim xatırlatmalıyıq. Zaman-zaman sülhməramlılar da öz mövqelərini irəli çəkməyə çalışıblar, lakin Azərbaycan tərəfinin müdaxiləsindən sonra geri çəkiliblər”,- deyə Ə.Verdiyev əlavə edib.

Onun sözlərinə görə, Ermənistan tərəfi məqsədli şəkildə Azərbaycan cəmiyyətində çaşqınlıq yaratmağa və Rusiya sülhməramlıları ilə Azərbaycan ordusu arasında qarşıdurmaya nail olmağa çalışır.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »