Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”
Məktəblərin rus bölməsinə axının səbəbi nədir: “Peşman olacaqlar”

Azərbaycanda fəaliyyət göstərən orta məktəblərin ibtidai (I-IV) siniflərində bu gündən etibarən ənənəvi formada yeni dərs ili başlayıb. Orta və yuxarı siniflərdə isı dərslərə sentyabrın 29-da start veriləcək və həftədə beş dəfə olmaqla əyani formada keçiriləcək.

Yeni dərs ilinin başlaması iləuzun zamandan bəri müzakirə mövzsuna çevrilən rus bölmələri məsələsi yenidən gündəmə gəlib. Bir çox tanınmış şəxslər, sıravi vətəndaşlar övladını rus bölmələrinə göndərən valideynləri müzakirə etməyə başlayıblar.

Məsələn, jurnalist, yazar, publisist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü İbrahim Nəbioğlu yazır ki, rus bölməsinə övladını göndərən valideynlər gələcəkdə çox peşman olacaqlar.

“Evində kitab yoxdur, amma Dostoyevskini, Tolstoyu rusca oxuyacaqlarmış bunların balaları. Özün oxumusanmı? Gürcü rus məktəblərini hələ Sovet vaxtı bağlayıb. Bizdən gerimi qalıb? İnsan ana dilində düşünməlidir, təhsil ana dildə olmalıdır”.

Tanınmış jurnalist Aygün Muradxanlı isə bildirir ki, rus dilində olan dərsliklərin daha zəngin olması sadəcə, cəfəngiyyatdır.

“30 ildə 1 uşaq belə göstərmək olmur ki, rus sektorunda oxuyub 700 bal toplayıb. 400-ü aşanlar barmaqla sayılacaq qədərdir. Yəni 3-ü zorla alırlar. Hər il nəticələrinə görə qəbul balları aşağı salınır. Hanı bu yaxşı dərsliklərin nəticələri? Rus “elm”i bir normal ütü düzəldə bilmir”.

Övladını rus bölməsinə yollayan valideynlər arasında sorğu keçirdik və nə üçün bu bölməni seçmələri barədə suallarımızı cavabladılar:

“Oğlum bu il birinci sinifə gedir. Rus bölməsini seçmişik. Səbəb isə sadəcə odur ki, dil bilikləri olsun”,- deyə Kərin Əliyev bildirir.

Övladını rus bölməsinə yola salan Yeganə Əsgərova isə rus bölməsini seçmələrini, dərsliklərin Azərbaycan bölməsində yaxşı olmadığı ilə əsaslandırır.

“Təhsil sistemimiz günahkardır. Azərbaycan bölmələrində dərsliklər heç yaxşı deyil. Bu səbəbdən də valideynlər, uşaqları mütəq repititor yanına göndərməli olur. Rus bölmələrində isə bu problem yaşanmır”.

Cəvahir Kərimova isə bildirir ki, rus bölməsində oxuyan uşaqların dünya görüşü digərlərindən daim fərqlənir. “Səbəbi nədir bilmirəm, amma mənim fikrimcə, rus bölməsinin şagirdləri daha mədəni, daha dünya görüşlü olur. Yəqin ki, səbəbi dərsliklər və dərs deyən müəllimlərdən asılıdır.  Özümün dil bilgim yoxdur. İstəmirəm ki, övladım da gələcək həyatında mənim kimi çətinlik yaşasın”,- deyə bildirib.

Qeyd edək ki, sorğu keçirdiyimiz zaman şahidi olduq ki, rus bölməsinə övladını göndərən valideynlərin əksəriyyətinin rus dili bilgisi ya yoxdur, ya da çox aşağı səviyyədədir.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »