Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır
22 milyonluq yeyintidə ittiham olunan “Şöhrət” ordenli Muradov məhkəməyə nə vaxt çıxarılır

“Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri, 22 milyona yaxın yeyintidə ittiham olunan Vidadi Muradovun məhkəməsinin vaxtı məlum olub.

Bizimyol.info-nun Bakı Ağır Cinayətlər Məhkəməsindən əldə etdiyi məlumata görə, 65 yaşlı Vidadi Muradov oktyabrın 4-də hakim qarşısına çıxarılacaq. Həmin gün onun işi üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək. Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilir, işin məhkəmə baxışına verilib araşdırmaların başlanıb-başlanmaması kimi məsələlər müzakirə olunur.

Vidadi Muradovun işinə Əfqan Hacıyevin sədrliyilə, Əli Məmmədov və Telman Hüseynovdan ibarət hakimlər kollegiyası baxacaq.

Bu ilin yanvarından həbsdə olan Vidadi Muradov 21 milyon 673 min manatlıq mənimsəmə və ya israfetmə, 640 min manat vergidən yayınma kimi əməllərdə təqsirləndirilir. Cinayət işinin materiallarında iddia olunur ki, Vidadi Muradov təsisçisi olduğu “Azər-İlmə” MMC-nin Bakıda yerləşən inzibati binasını “Azərxalça” ASC-yə bazar qiymətlərindən daha baha qiymətə icarəyə verib. Yəni rəhbərlik etdiyi dövlət şirkətinin pulunu öz şəxsi şirkətinə icarə haqqı kimi köçürüb. Bundan başqa, “Azərxalça” ASC-nin xalça istehsalı üçün ip alınması məqsədilə nəzərdə tutulan vəsaiti formal mövcud olan, əslində isə ip satışıyla məşğul olmayan şirkətlərin hesabına köçürülüb. Həmin şirkətlərin rəhbərləri də  köçürülmüş vəsaiti hesabdan çıxarıb yenidən “Azərxalça”nın rəhbərliyinə geri qaytarıblar. Bu “xidmətə” görə sözügedən formal şirkətlərin rəhbərlərinə müəyyən qədər pul verilib.

Həmçinin “Azərxalça”nın müxtəlif bölgələrdə 23 müəssisəsinin tikintisi zamanı qiymətlərin şişirdilməsi, daha ucuz və keyfiyyətsiz materiallarla işlərin görülməsi nəticəsində də milyonlarla vəsaitin mənimsənildiyi iddia olunur.

Vidadi Muradova qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 213.3 (vergiləri ödəməkdən yayınma- xüsusilə külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə- ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələrdə 14 ilə qədər həbs cəzası nəzərdə tutulub.

Vidadi Muradovun məhkəməsində həm “Azərxalça” ASC, həm də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri zərərçəkmiş qismində iştirak edəcəklər.

Yeyinti, vergidən yayınma və s. hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə istintaq dövründə Vidadi Muradovun özü və ailə üzvlərinin adına olan 30 milyon 587 min manatlıq evlər, qeyri-yaşayış sahələri, həmçinin “Azər-İlmə” MMC-nin səhm payları və aktivlərinin üzərinə məhkəmə qərarı ilə həbs qoyulub.

Vidadi Muradovun oğlu Cavid Muradov paytaxtın Səbail rayon Polis İdarəsinin rəisidir.

“Azərxalça” ASC 2016-cı ilin mayında yaradılandan Vidadi Muradov da Prezidentin sərəncamıyla bu qurumun İdarə Heyətinin sədri olmuşdu. O, 2021-ci ilin yanvarında həbs edilib, ardınca bu vəzifədən azad olunması haqda sərəncam verilib.

Vidadi Muradov 2014-cü ildə “Əməkdar incəsənət xadimi” fəxri adı, 2016-cı ildə “Şöhrət” ordeni, 2019-cu ildə isə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif edilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »