Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanın rus şəhidi – Polad Həşimovun ölümünə səbr edə bilməyib cəbhəyə yazılmışdı
Azərbaycanın rus şəhidi – Polad Həşimovun ölümünə səbr edə bilməyib cəbhəyə yazılmışdı

44 günlük müharibə barədə hələ çox danışacaq, hələ çox qəhrəmanlardan bəhs edəcəyik. Ömrünü vətənə qurban edənlərdən, şəhidlik zirvəsinə ucalanlardan biri də Denis Pronindir. Şəhidlik müsəlman inancı üçün qəbul edilən bir termin olmasına baxmayaraq, Vətən yolunda həlak olan hər bir Azərbaycan vətəndaşına bu status verilir. Hətta rəsmi qaydada deyilməsə belə, bizim üçün özünü torpaqlarımıza sipər etmiş hər insan milliyyətindən asılı olmayaraq qəhrəmandır, şəhiddir.

Denisin babası və nənəsi II dünya müharibəsinin iştirakçılarıydı. Denisin atası Aleksandr və anası Valentina II Dünya Müharibəsindən sonra Bakıya köçüb gəlmişdilər və ömürlərini bu torpaqlara bağlamışdılar. Atası neftçi, anası kargüzar idi. Denis 1989-cu ildə Bakıda dünyaya göz açıb. İki qardaş, iki bacı idilər. İlk təhsilini Xətai rayonunda yerləşən 59 saylı məktəbdə alıb.

Uşaqlıqdan humanizmi, əxlaqı ilə seçilərdi. Köməyə ehtiyacı olan, kimsəziz uşaqları tez- tez evlərinə gətirir, ata- anasından onlara kömək etməyi xahiş edir, ən azından isti şorba yedirib sonra yola salardı. Ömrünün sonuna qədər də belə qaldı. Onu hər kəs gülərüz, başqalarının halına , dərdinə yanan biri kimi xatırlayır.

Arzusu hərbiçi olmaq idi. Lakin ailəsinin maddi çətinlikləri olduğuna görə təhsilini 9-cu sinifdə yarımçıq buraxıb işləməyə başlayır. 2007-ci ildə hərbi xidətini başa vurub gəlir, usta kimi işləməyə başalyır. Necə deyərlər çörəyini daşdan çıxarır. Günlərin birində çörəyini yediyi bu torpağın qara gözlü qızlarından birinə aşiq olur və Aynurə xanımla evlənir. Xoşbəxt ailəsini Alina adlı qızının dünyaya gəlişi daha da işıqlandırır. Denis ata rolunun da öhdəsindən uğurla gəlir. Hamının mehriban, yardımsevər insan kimi tanıdığı Denis ata kimi də çox mehriban idi. Uşaqlar həyətdə Alinaya atasının koronavirusdan əziyyət çəkən ailələrə yardım etdiyini deyəndə 9 yaşlı qız qürurdan, sevincdən az qala göylərə uçurdu. İndi isə yalnız bir söz deyə bilir: "Atam üçün çox darıxıram".

Denisin şəhadət yolu Polad Həşimovun ölümüylə başladı desək yanılmarıq. Ruhu qaldıra bilmədi bu ədalətsizliyi. Sentyabr ayında döyüşlər başalayan kimi könüllü olaraq döyüşlərə qatılmaq istədiyini bildirdi, ərizə verdi. Füzuli və Cəbrayılın azad edilməsi uğrunda döyüşlərdə iştirak edən Denis oktyabrın 6-da şəhid oldu. Qızının ad gününə təbrik əvəzinə atasının şəhidlik xəbərti gəldi. Başından aldığı güllə yarası onun həyatını 31 yaşında yarım qoydu. "Vətən uğrunda", "Cəbrayılın azad edilməsi uğrunda" medalları ilə ölümündən sonra təltif edildi. Şəhidimizin məzarı Keşlədədir. Xristian adətləri ilə dəfn edilsə də məzarını Azərbaycan bayrağı bəzəyir. Denis ailəsinə çox bağlıydı. Onun üçün dünyada Alinadan, Aynurədən əziz kimsə yox idi. Ata- anasını itirdikdən sonra bir- birlərinə daha da bağlanmışdılar. Amma vətən sevgisi qalib gəldi, Denis onları xalqına əmanət edib getdi. Bu gün sahib çıxaq deyə. Ruhun şad olsun, şəhidim, unutmadıq, unutmayacağıq.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »