Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..
Şəhid anasını “oğlun sağdır” deyib soyanlara nə ad verək?..

Dünən Daxili İşlər Nazirliyinin yaydığı bir xəbər başıma çəkic zərbəsi kimi dəydi. Mübaliğə etmirəm, bu xəbərdən sonra mən əsəblərimi, yüksələn qan təzyiqimi qaydaya salmaq üçün bütün gecəni dərman içməli oldum və düşündüm ki, mən bu haldayamsa, o yazıq şəhid anası gör nələr çəkib.

Bilməyənlər üçün deyim: Vətən müharibəsi şəhidlərindən birinin anası övladının ölümünə inanmayaraq, falçılya müraciət edib. Söhbət bala dağı yaşayan, bu dəhşətlə barışmayan anadan gedir.

Falçı 100 manat pul müqabilində fala baxıb, anaya oğlunun ölmədiyini deyib. Falçının oğlu İxtiyar Orucov və şəhidin yaxın qohumu Balaxan Hüseynli bu vəziyyətdən istifadə edib, şəhidin qan puluna göz dikiblər. Balaxan Hüseynli öz səsini şəhid qohumunun səsinə bənzədərək bir neçə dəfə İxtiyar Orucovun telefonu ilə şəhidin anası ilə danışıb. Guya əsirlikdə olan övladlarını qonşu ölkələrdən biri vasitəsilə Azərbaycana gətirəcəkləri adı ilə 100 min manat pul istəyib və müxtəlif vaxtlarda hissə-hissə şəhidin qohumlarından 26 min 800 manat alıblar.

Bir günlük bir şeytan aldatması olmayıb bu, günlərlə planlı, tərtibli şəkildə işləyiblər.

Biz nə zaman bu hala gəldik, biz nə tez unutduq 1 il öncə baş verənləri. Sentyabrın 27-də müqəddəs Vətən Müharibəmizin başlamasının 1 ili tamam olacaq. Bir il öncə biz xalq olaraq hamımız bir ürək kimi döyünürdük, əlimizdə olan son qəpiyi cəbhəyə, şəhid ailələrinə yardıma göndərirdik, dəniz kimi coşub-daşır, hər döyüşən əsgəri canımızın bir parçası hesab edirdik. Bir evə gələn şəhid hamımızın əzizi, hamımızın itkisiydi, hər yaralı əsgər öz balamız idi. Biz bir ildə nə zaman bu qədər yadlaşdıq, manqurtlaşdıq? Yoxsa içimizdə əvvəldən belə çürüklər olmuşdu, maskalanmışdılar, biz də o eyforiyanın təsiri altında görməmişdik?

Biz düşmənimizi düşmən bilirik, düşmən kimi də rəftar edirik. Bəs belələrinə nə deyək, necə baxaq? Bu günah deyil, bu xəta da deyil, bu günahların ən ağırıdır, bu cinayətin elə bir növüdür ki, hələ adı verilməyib. Ürəyi bala həsrəti ilə alışıb yanan, hər gecə yatağına qor dolan, məzarını qucaqlasa belə, balasının ölümünə inanmayan bir qadına yalançı bir ümid vermək, sonra bunun yalan olduğunu hiss etdirmək – bu, bir ananı da, o əsgəri də iki dəfə öldürmək deməkdir, bu bir qadının bütün yaxşı şeylərə inamının itməsi deməkdir. O ana bu günə qədər qohum-qonşuda oğlunun yaşıdlarından "biz də sənin balan, oğlun yoxdur, biz burdayıq" sözlərini çox eşidib, inanıb, təsəlli tapmışdı bəlkə də. İndi o təsəllisini də itirdi. Bu düşməndən betər iki düşmən bizim Məkkəmizə, Kəbəmizə əl uzatdılar - Şəhidlik zirvəmizə xəyanət etdilər. Cəzanın ən ağırına layiqdirlər ki, bir daha kimsə eyni qələti təkrar etməyə cəsarətlənməsin.

Hardan girdi içimizə bu Yalıncıq xarakterlilər, Yalıncıq soylular? Pula ibadəti İblis təşviq edər, şeytan ruhlular da ardınca düşər. Pul xatirinə oğurluq edəni, soyğun törədəni bəlkə də anlamaq olar, amma balasını Vətən yolunda qurban etmiş bir ananı balasının sağ olması ilə aldatmağın məntiqini mənim beynim dərk etmir, buna bir ad tapa bilmir. Eləcə mərhum Vahabzadənin yana-yana dediyi o misralar dolanır başımda:

Niyə qartal babadan sərçə oğullar törədi,

Niyə bəy xan babadan bu beçə qullar törədi?

İlhamə Rəsulova, Bizimyol.info

Paylaş »
››› "Tarif Şurasının bu qərarı çox absurddur"
››› "Ölkədə qiymət artımı mütləq baş verəcək"
››› Elektrik enerjisinin və təbii qazın qiyməti bahalaşdı
››› Yaponiya-Rusiya münasibətləri: Gərginlik durmadan artır
››› Göyçay RİH-dən şəhid anası ilə bağlı cavab: “Artıq güzəştli mənzil uçotuna alınıb”
››› Əməkhaqları, pensiyalar və sosial müavinətlər artırılacaq - Prezidentin sərəncamı
››› Mahashta Murasi, buqələmun və Hüseynbala Mirələmov...
Son xəbərlər
Bütün xəbərlər »