Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
“Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”

Azərbaycan və Ermənistan arasında olan 44 günlük savaşın – Vətən Müharibəsinin başlamasından artıq bir ilə yaxın vaxt keçir.

Bu döyüşlər barədə çox yazılıb, amma hələ də bəzən sıravi vətəndaşlar və jurnalistlər tərəfindən yeni suallar ortaya çıxır. Hələ də bir çoxumuz “Azərbaycan niyə Xankəndini vurmadı” deyir. Bu sual Ermənistanda da səslənir. Bizimyol.info xatırladır ki, bu haqda ekspert Van Hambartsumyan da bu günlərdə söz açaraq “Azərbaycan istəsəydi, İrəvanı da vura bilərdi” ​ deyib. Lakin o da məsələnin üstündən səthi keçib.

Bu mövzuda Bizimyol.info saytına danışan hərbi ekspert Elxan Şıxəliyev bildirib ki, müharibə başlayan ilk gündən Azərbaycanın ​ konkret hədəfləri olub.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

“Əvvəla, onu deyim ki, hələ də Azərbaycanın beynəlxalq təzyiqlərə sinə gərməsi və əks-hücum əməliyyatlarını 40 gündən çox davam etməsi bir çoxuna “yuxu” kimi gəlir. Çünki Azərbaycana qarşı təzyiqlər var idi və davamlı olaraq bir sıra təşkilatlar, ölkə liderləri bəyanat verirdilər ki, münaqişənin hərbi həll yolu yoxdur. Amma danışıqlar isə heç bir nəticə vermirdi. Əgər hərbi əməliyyatlar başlasa idi, Azərbaycan konkret hədəflərə və plana malik olmalı, qısa müddətdə Ermənistanın HHM sistemlərini və “Tonoyan səddi” deyilən beton istehkamları yarıb keçməli idi.​ Belə bir zamanda Ermənistan hakimiyyəti öz cəmiyyətində siyasi xal qazanmaq üçün Azərbaycanın Tovuzdakı mövqelərini ələ keçirməyə qərar verdi. Həmin ərəfədə Ermənistanın sabiq müdafiə naziri Tonoyan ABŞ-da diaspor qarşısında çıxış edərək, “Yeni müharibələr, yeni torpaqlar” doktrinasını elan etdi. Ermənistanın Tovuz döyüşlərini başlamaqla, Azərbaycan cəmiyyətinə də sarsıdıcı zərbə vurmaq və ölkədəki sabitliyi pozmaq məqsədi güdürdü. Lakin nəticə əksinə oldu. Bütün Azərbaycan xalqı ayağa qalxdı və müharibə tələb etdi. General-mayor Polad Həşimovun şəhid olması Azərbaycan zabitlərində də qəribə bir ruh yaratdı. Sonradan 44 günlük müharibə zamanı da gördük ki, əsgərlərimiz və gizirlərimiz Mübariz İbrahimova bənzəməyə çalışırdı, zabitlərimiz isə Polad Həşimova. Bir çox yüksək rütbəli zabit öz kabinetlərindən çıxaraq ön xəttə getdilər. Tovuz döyüşlərindən sonra Azərbaycanın şəxsi heyətlə bağlı dərhal ölçü götürməsi, Türkiyə ilə birlikdə təlimlərə başlaması qısa müddətdə müharibənin taleyini müəyyən etdi”, - deyə ekspert qeyd edib.

Xankəndinin vurulmasına gəldikdə, Elxan Şıxəliyev​ vurğulayıb ki, Azərbaycan SQ-nin başlıca hədəfləri Ermənistan SQ-nin HHM sistemləri, hərbi obyektlər, istehkamlar olub.

“İlk günlərdə Ermənistanın onlarla HHM sistemi sıradan çıxarıldı. Hava hücumundan müdafiə yoxdursa, Xankəndindəki inzibati binaları vurmaq Azərbaycan üçün çətin məsələ deyldi. Lakin Ali Baş Komandanın özü də dəfələrlə demişdi ki, onlar bizim şəhərlərimizi bombalayır, cavablarını hərb meydanında alacaqlar. Əldə heç bir fakt olmadığı halda, Ermənistanın Qərbdəki lobbisi davamlı olaraq Azərbaycanı hərbi cinayətlərdə ittiham ​ edirdi. Əgər biz Xankəndini vursaydıq, həm beynəlxalq təzyiqlər güclənəcəkdi, həm də hərbi cinayətlərdə ittiham olunacaqdır. Azərbaycana bütün cəbhələrdə ciddi təzyiqlər var idi”,- deyə ekspert söyləyib.

O əlavə edib ki, Azərbaycan tərəfi 44 günlük müharibənin gedişatını təhlil edib və orduda olan hər hansı boşluğun doldurulması, yaxud ayrı-ayrı qoşun növlərinin daha da gücləndirilməsi üçün ciddi addımlar atılır.

“Hazırda Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı gücləndirməyə çalışır. Yeni HHM sistemlərinin əldə olunmasına, Hərbi Dəniz Qüvvələri və Hərbi Hava qüvvələrinin hazırlığının artırılmasına yönələn tədbirlər görür. Ermənistan və digər qüvvələr bizi regiondakı güclü oyunçularla üz-üzə qoymağa çalışır. Ona görə də, Azərbaycan istənilən təhdidə hazır olmalıdır”,- deyə E.Şıxəliyev əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »