Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AZAL prezidentinin xanımının məhkəmədə dindirilməsi tələb olundu
AZAL prezidentinin xanımının məhkəmədə dindirilməsi tələb olundu

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevanın məhkəmədə dindirilməsi tələb olunub. "İdeal" mağazalar şəbəkəsinin keçmiş rəhbəri, həbsdə olan iş adamı İlqar İsmayılovun vəkilləri sentyabrın 20-də məhkəmədə bu barədə vəsatət qaldırıb.

Bizimyol.info xəbər verir ki, İlqar İsmayılovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Hakim Əli Məmmədovun sədrliyilə keçirilən məhkəmə prosesində 2006-2017-ci illərdə "İdeal"da işləmiş Həbib Qarayev dindirilib. O bildirib ki, əvvəl mağazada inzibatçı işləyib. Daha sonra mağazalardan pulu toplayıb, baş ofisdə mühasibatlığa çatdırmaqla məşğul olub.

Şahidin sözlərinə görə, bəzən də kredit ödənişləri və digər məsələlər üçün şirkətin kassasından ona vəsait verilirdi, o da tapşırığı icra edirdi: "Şirkətin inkişafı, yeni mağazaların açılması və ya təmiri üçün pul lazım olurdu. Ona görə bankdan kredit götürülürdü. O kreditin ödənişi üçün də kassadan pul verilirdi, aparıb ödəyirdim".

İlqar İsmayılov İlqar İsmayılov

Şahidə "Yapıkredibank"dan götürülmüş 939 min dolların şirkətin kassasına köçürülməsi barədə qəbz təqdim olunub. Həbib Qarayev sənəddəki imzanın ona məxsus olduğunu təsdiqləyib.

Həbib Qarayev məhkəmədə ifadəsində deyib ki, o, digər təsisçi Zərifə Həmzəyevaya çatası gəliri dəfələrlə aparıb "Gazelli Group"un vitse-prezidenti Fuad Əliyevə təqdim edib: "Şüvəlanda "Gazelli"nin baş ofisində aparıb verirdim. Hər dəfə apardığım məbləğ 500 mindən yuxarı olurdu..."

Daha sonra hakim elan edib ki, ittiham tərəfin şahidlərinin dindirməsi başa çatdı. Ardınca vəkillər əlavə şahidlərin dindirilməsi barədə vəsatətlər qaldırıb. İlk vəsatət Zərifə Həmzəyevanın dindirilməsi olub: "Elektron yazışmalardan aydın olur ki, faktiki rəhbərlik Zərifə Həmzəyevaya məxsus olub. Ən xırda məsələlərdən də onun xəbəri olub. Az qala, şirkətə süpürgə alınmasına qədər onun göstərişiylə baş verib. Həm də məhkəmədə dindirilən şahidlər ona mütəmadi şirkətdən gəlirlər verildiyini bildiriblər".

Məhkəmə vəsatəti təmin etməyib.

Vəkillərin məhkəmədə dindirilməsini istədiyi digər şəxs isə Fuad Əliyev olub: "Məhkəməyə təqdim edilən yazışmalarda Fuad Əliyevin də elektron məktubları var. Payların bölünməsində o da iştirak edib. Bundan əvvəlki şahid də dedi ki, digər təsisçiyə çatası məbləği aparıb Fuad Əliyevə verirdi. Əvvəlki məhkəmə iclasında mühasib Samirə Quliyeva da bunu təsdiqləmişdi".

Məhkəmə bu vəsatəti də təmin etməyib.

Vəkillər həmçinin 2017-ci ildə İlqar İsmayılov haqqında başlanmış, sonradan xitam verilmiş cinayət işinin materiallarının prokurorluqdan alınması barədə də vəsatət qaldırıb. Vəkil vurğulayıb ki, o zaman da iş adamı eyni ittihamla həbs olunmuşdu: "Cinayət işinin materiallarında olan mütəxəssis aktından görünür ki, İlqar İsmayılovun adından şirkətin kassasına köçürülmüş və çıxarılmış məbləğlərin fərqi İsmayılovun xeyrinə olub".

Məhkəmə bu vəsatəti də təmin etməyib. Proses oktyabrın 4-nə qədər təxirə salınıb.

İlqar İsmayılov 2011-2017-ci illərdə vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.

İş adamı isə deyir ki, 2011-ci ildə “İdeal”ın 50 faizini AZAL prezidentinin xanımına satıb. Daha sonra özündə qalan 50 faizin 25 faizini də satmaq məcburiyyətində qalıb. Qalan 25 faizlik payını və əmtəə nişanını vermək istəmədiyinə görə 2017-ci ildə şərlənərək həbs edilib. 3 ay 10 gün həbsdə saxlandıqdan sonra məcburiyyət qarşısında şirkətdəki payından və əmttə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayıb. Bundan sonra həbsdən buraxılıb, az sonra barəsindəki cinayət işinə də xitam verilib. Başına gələnlər haqda bir müddət susub danışmasa da, 3 il sonra hüquqlarının bərpasını tələb etməyə başlayıb, müxtəlif dövlət orqanlarına şikayətlər yazıb, mediaya bu haqda müsahibələr verib. Bundan sonra yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib. Susmadığına görə bu ilin aprelində yenidən həbs olunub.

İlqar İsmayılov həbsinə və şirkətin əlindən alınmasına görə AZAL rəhbəri Cahangir Əsgərovu ittiham edir.

Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə iş adamının təqsirsiz olduğu qənaətinə gəlib.

“İdeal”ın idarəçiləri 2020-ci ildə “Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət “Adore Company”ə daxil edilib.

AZAL prezidentinin xanımı həm də “Premium Bank”ın da əsas səhmdarı, kosmetik məhsullar istehsal edən “Gazelli Group”un rəhbəridir.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »