Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
“Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib ki, Gürcüstan baş naziri Ermənistan baş nazirinin onunla görüşmək istəməsi barədə təklifini çatdırıb. Ancaq Türkiyə lideri bildirib ki, bunun üçün Ermənistan müsbət addımlar atmalıdır. Türkiyə Prezidenti vurğulayıb ki, Zəngəzur dəhlizinin açılmasından başlamaq lazımdır.

R.T.Ərdoğanın açıqlamasını Bizimyol.info saytına şərh edən siyasi şərhçi Gülsel Səfərovanın fikrincə, Türkiyə prezidentinin bu açıqlaması gözlənilən idi.

Gülsel Səfərova Gülsel Səfərova

“Əlbəttə, Ərdoğanın başqa cür cavab verməsi ehtimal da oluna bilməzdi. Çünki Türkiyənin bu məsələdəki mövqeyi aydındır. Azərbaycan-Türkiyə dostluğu Şuşa bəyannaməsindən sonra özünü hərbi-siyasi ittifaq kimi təsdiqlədi. ​ Bütün bu olanlardan sonra, Türkiyədən ayrı mövqe gözləmək absurd idi”,- deyə G.Səfərova qeyd edib.

O əlavə edib ki, Türkiyə tərəfi Ermənistanla münasibətlərində perspektivi yalnız Ermənistanın üçtərəfli bəyanatın şərtlərini yerinə yetirəcəyi halda görəcək: “İstər Türkiyə üçün, istərsə də beynəlxalq güclər üçün nəhayət aydın olacaq ki, Ermənistan gələcəyə baxmaq istəyir, yoxsa turkofobiya və ərazi iddiaları ilə daim müharibə vəziyyətində yaşamaq”.

“Paşinyan Ərdoğanla nə danışacaq” sualına analitik belə cavab verib: “Təbii ki, siyasi və iqtisadi xahişləri, habelə müxtəlif vədləri olacaq. İlk növbədə, Azərbaycan və Türkiyənin təzyiqlərini azaltmasına, bununla da vaxt qazanmağa çalışacaq. Digər tərəfdən, Türkiyə ilə sərhədlərin açılması Ermənistana hava və su kimi lazımdır. Ermənistanın böhranlı vəziyyətdən çıxmasında tək yol Türkiyə ilə münasibətləri normallaşdırmaqdır. Lakin Paşinyan yaxşı bilir ki, Zəngəzur dəhlizi olmadan bu mümkün deyil. Sadəcə, Paşinyana nəinki müxalifətdən, hətta öz komandasından, Rusiya, ABŞ və Fransada olan Ermənistan yanlı lobbi tərəfindən təzyiqlər o qədər çoxdur, özündə qətiyyət tapa bilmir. Bundan əvvəl Paşinyan Azərbaycan Prezidentindən də 2 il vaxt istəmişdi, amma sonra tamam fərqli çıxışlar etməyə başladı”, - deyə G.Səfərova vurğulayıb.

O düşünür ki, artıq Qərbdəki Ermənistan diasporu da Ermənistanı hansı uçuruma yuvarladıqlarını anlamalıdır: “Türkiyə və Azərbaycan əleyhinə təxribatlar, müxtəlif ləkələmə kampaniyalarına son verilməyənə qədər, Ermənistan bir dövlət kimi bölgənin həyatında rol oynaya bilməyəcək. Bütün​ bu sadaladığım dəyişikliklərin olması üçün isə Paşinyan Qərbdəki himayədarlarıyla ciddi danışmalı olacaq”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »