Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Birgə Monitorinq Mərkəzi qarşısında konkret tələblər qoyulmalıdır”
“Birgə Monitorinq Mərkəzi qarşısında konkret tələblər qoyulmalıdır”

“Rusiya Müdafiə Nazirliyinin Ermənistan tərəfinə istinadən Azərbaycan Ordusunun bölmələri tərəfindən guya atəşin açılması nəticəsində sentyabrın 17-də Şuşa istiqamətində 2 Ermənistan silahlısının yaralanması barədə yaydığı məlumat təəccüb və təəssüf doğurur”.

Bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini polkovnik-leytenant Anar Eyvazov ötən gün Rusiya MN-in Şuşada atəşkəsin pozulması barədə yaydığı məlumata münasibət bildirərkən deyib.

Anar Eyvazov Anar Eyvazov

“Belə ki, haqqında bəhs olunan hadisə Azərbaycan Respublikası Müdafiə Nazirliyi nümayəndələrinin və Rusiya Federasiyasının Sülhməramlı kontingentinin rəhbərliyinin birgə iştirakı ilə araşdırılıb. Nəticə etibarilə, qeyd olunan tarixdə və göstərilən istiqamətdə bölmələrimiz tərəfindən hər hansı atəşin açılmadığı təsbit olunub. Hər iki tərəfin iştirakı ilə araşdırılmış məlumatın sonradan tamamilə əks formada təqdim edilməsi anlaşılan deyil. Azərbaycan tərəfi üçtərəfli bəyanatın müddəalarına ciddi riayət etməklə ölkəmizin qanunlarına uyğun olaraq bölgədə sabitliyin təmin edilməsi və mümkün təxribatların qarşısının alınması istiqamətində səylərini davam etdirir”, – deyə Anar Eyvazov əlavə edib.

Bu məsələni Bizimyol.info saytına şərh edən politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov xatırladıb ki, Ağdam rayonu ərazisində Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi fəaliyyət göstərir.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Bu mərkəzin vəzifəsi və səlahiyyətləri bölgədə atəşkəsə nəzarət etmək, hər hansı pozuntu, şübhəli hərəkətlilik olanda onları qeyd etməkdir. Lakin Monitorinq Mərkəzi sadəcə müşahidə edir, hər hansı tədbir görmək imkanlarından xaricdir. Lakin bu aylar ərzində Monitorinq Mərkəzi bircə dəfə açıqlama verməyib ki, atəşkəsi kim pozub, əslində nə baş verir. Adətən hansısa beynəlxalq təşkilatlar, qurumlar vaxtaşırı ​ hesabatlar verirlər, ümumi də olsa, öz fəaliyyətləri barədə məlumat açıqlayırlar . Lakin sözügedən mərkəzin fəaliyyəti barədə ictimaiyyətə çox az şey məlumdur”.

Sabiq nazirin fikrincə, əgər atəşkəsi pozan Azərbaycan tərəfidirsə, qeydlərdə bu olmalıdır.

“Azərbaycan tərəfi tələb edə bilər ki, həmin qeydlər ortaya qoyulsun və Azərbaycana qarşı ittihamlar sübut olunsun. Aydın məsələdir ki, Rusiya bölgədəki proseslərdə təşəbbüsü əlində saxlamağa çalışır. Lakin Birgə Monitorinq Mərkəzində türkiyəli zabitlər də var. Onlar hər halda bölgədə baş verənləri qeyd edirlər, yazırlar. Konkret tələblər qoyulmalıdır ki, bu mərkəz vaxtaşırı olaraq və bitərəf şəkildə atəşkəsin pozulmasına dair ictimaiyyətə dolğun açıqlamalar versin.”, - deyə T.Zülfüqarov əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »