Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”
“Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər”

​Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşünə hazırlıq gedir.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib. “Putinlə danışıqlar üçün Ərdoğanın Rusiyaya səfərinin geniş gündəliyi hazırlanır”,- deyə Peskov bildirib.

D.Peskov qeyd edib ki, Rusiya Prezidenti Vladimri Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan ikitərəfli münasibətləri və Suriya problemini müzakirə etməyi planlaşdırırlar: “Ərdoğanın Rusiyaya işgüzar səfərinə hazırlıq gedir. Gündəlikdə olan məsələlər genişdir, ikitərəfli münasibətlər çoxplanlıdır, prezidentlər üçün hər zaman bu kontekstdə danışmağa mövzu var. Lakin əlbəttə ki, Suriya və digər regional münaqişələr də müzakirə olunacaq”.

Bizimyol.info xatırladır ki, R.T.Ərdoğan hazırda ABŞ-da səfərdədir və səfər öncəsi jurnalistlərə Ermənistan baş naziri Nikol Paşinyanın onunla görüşmək arzusunda olduğunu bildirib: “Gürcüstanın baş naziri cənab Qaribaşvili mənə dedi ki, Nikol Paşinyan görüş arzusundadır. Əgər Ərdoğanla görüş arzu edirsənsə, müəyyən siyasi addımlar atmağa qadir olmalısan”.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

​Bizimyol.info saytına danışan politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Erdoğan-Putin görüşündə Qarabağ məsələsinin də geniş müzakirə olunması istisna deyil: “Düşünürəm ki, bu görüşdə Qarabağ münaqişəsi, Azərbaycan-Ermənistan sərhədlərində olan gərginliyə xüsusi diqqət yetiriləcək. Ərdoğanın Moskva səfəri regiondakı gərginliyi azalda bilər. Həmçinin, bundan əvvəl Ərdoğanın “yeni format”la bağlı açıqlamalarını nəzərə alsaq, düşünürəm ki, bu görüşdə region ölkələrinin səmərəli əməkdaşlığı üçün zəmin yaradılması barədə fikir mübadiləsi gedəcək. Əlbəttə, Türkiyənin Azərbaycanla və Ermənistanla bağlı mövqeyi məlumdur. Lakin bu problemləri Türkiyə-Rusiya tandemində həll etmək, ATƏT-in Minsk qrupu formatından daha məqsədəuyğundur”.

​T.Zülfüqarov Paşinyanın Ərdoğanla görüş arzusu barədə məlumatları da şərh edib: “Sual yaranır ki, Paşinyan Ərdoğanla nədən danışmaq istəyir? Nə xahiş edəcək və nə təklif edəcək. Yoxsa, Türkiyəni də boş vədlərilə aldadacağına, vaxt qazanacağına ümid edir. Aydın məsələdir ki, Paşinyan Ermənistan cəmiyyətinin hələ Zəngəzur dəhlizinin açılmasına hazır olmadığını deyib vaxt qazanmağa çalışacaq. Lakin bunun üçün siyasi iradə lazımdır. Görünür, Paşinyan həm üçtərəfli bəyanatı icra etməmək istəyir, həm də Ankara və Bakı ilə münasibətlər yaratmaq istəyir. Bunların ikisini eyni anda təsəvvür etmək mümkün deyil”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »