Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"

"Bizim başqa Vətənimiz yoxdur!"

"Azərbaycanın hər qarışına əl uzadanın əlini qırarıq, dil uzadanın dilini kəsərik. Bunu xarici güclər də bilsin, hökumət də bilsin, içəridəki ipiqırıqlar da belə bilsin!"

Son günlər sosial şəbəkələrdə xarici qüvvələrin Azərbaycanda etnik çaxnaşma yaratmaq istəkləri barədə xəbərlər yer alır. Bu çoxmillətli dövlət olaraq bizi narahat etməyə bilməz. Aktivistlər, QHT və partiya sədrləri, müstəqil ekspertlər artıq öz etirazlarını bildirirlər. Mövzu barədə siyasi şərhçi Mirzə Rəşad Bakuvi ilə danışırıq.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

- Rəşad bəy, 90-cı illərdə biz qorxulu bir tendensiya ilə qarşılaşdıq, milli azlıqların xarici güclərin təsiri altında ayağa qaldırılması cəhdləri ilə. Bu məqsədlə niyə məhz Azərbaycan seçilir? Biz zəif bəndik?

- Azərbaycanda yaşayan bütün xalqlar öz etnik kimliklərini, keçmişlərini, dillərini, dini etiqadlarını qorumaqda sərbəstdirlər və dövlətin qanunlarının yol verdiyi həddə qədər bütün xalqlar bu dəyərləri yaşadırlar. Dövlətin ən üst məqamında oturan adam siyasi-iqtisadi, sosial, humanitar - bütün yerli və beynəlxalq platformalarda Azərbaycan Respublikasının multikultural və tolerant dövlət olduğunu bəyan edir, dövlət səviyyəsində bu bəşəri dəyərləri, o cümlədən dözümü təcəssüm etdirə bilən dünyada tək-tük ölkələrdən biri olduğumuz üçün fəxr edir. Həyat-məmat, tarixi gedişat elə hökm verib ki, hər bir qövm, millət özünə dövlət qura bilmir və bunun da öz köklü, siyasi-tarixi səbəbləri var. Bu gün dünyada iki mindən çox xalq var, ancaq bunlardan yalnız 200-dən bir qədər çoxuna dövlət qurmaq müəssər olub. Fəqət bu, başqa xalqlara əsas verməməlidir ki, dövlət qurmağı bacaran xalqlara qarşı qısqanc, paxıl, gözgötürməz, həsəd kimi ziyanlı münasibət formalaşdırsın. Məhz Azərbaycan kimi, min illərdir eyni Vətəni, eyni adət-ənənələri, yaşayış tərzini, tarixi bölüşən, şərdə-xeyirdə birlikdə oturub-duran, yan-yana döyüşlərdən döyüşlərə atılan, əminamanlıq içində yaşayıb bu günə varid olan çoxsaylı millətlərin yaşadığı yerdə, yalnız düşmənləri sevindirən bu cür eybəcərliklər, çirkinliklər baş verəndə, dərhal hiss olunur ki, bu məkrli dalğa elə həmin dalğa, hiyləgər koordinat elə həmin koordinatdır. O qədər qaynayıb qarışmışıq ki, o qədər doğma, mehriban, həmrəyik ki, bir balaca ağzı-gözü əyilənlər olan kimi, başa düşürük ki, yox, bu həna o hənadan deyil, mütləq altında bir naxoşluq, bir pislik var...

- Təxribatçılar tərəfindən etnik qrupların ana dilində təhsil imkanları qabardılır.

- Məsələ burasındadır ki, lap tutaq ki, talış, ləzgi, udin, tat, yəhudi və s. xalqların uşaqları təhsillərini öz ana dillərində almaq istədilər, valideynləri də bunda təkid etməyə başladılar və hökumət də bu işi təşkil etdi; axı bu dildə məktəbi bitirmək üçün gərək bütün fənlər üzrə bilik, savad qəbul etsinlər həmin balalar, bundan ötrü o dillərdə dərin tədris proqramları olmalıdır, o tədris bu işin öhdəsindən gələ biləcəkmi və ya nə dərəcədə gələcək? Orta məktəbi bitirdikdən sonra o uşaq necə edəcək, ali məktəblərə necə imtahan verəcək, yaşadığı ölkədə ünsiyyəti hansı formada quracaq, ətrafındakı xalqlarla sosiallaşma prosesini necə keçəcək? Ümumiyyətlə, o xalqların real sayına uyğun neçə samballı müəllim, pedaqoq var orta məktəb səviyyəsində, neçə ali təhsil müəllimi, professoru, akademiki var? O dillərdə, ümumiyyətlə, orta və ali təhsil dərslikləri varmı, ədəbiyyatı varmı, yazılıbmı, işlənibmi? Ölkədə 20-30 xalq yaşayırsa, onların hamısının dili rəsmi olmalıdır? Axı yoxdur belə bir reallıq. ABŞ dünyada bütün millətlərin cəm halında yaşadığı bir ölkədir, ancaq rəsmi ana dili ingilisdir. İndi orada hər bir xalq qalxıb bunun davasını aparmalıdır?! Yox əlbəttə! Yəni, məsələnin içinə daxil olduqca suallar dərinləşir, daha da çıxılmaza girir.

- Etnik azlıqların fərqli sahələr üzrə qarşılaşdıqları problemlər varmı , varsa çözüm yolları nələrdir?

- Düşünürəm ki, ümumi planda etnik azlıqların fərqli sahələr üzrə qarşılaşdıqları problemlərin yoluna qoyulması istiqamətində çözüm yolları yox deyil. Çözümü olmayan yeganə şey ölümdür. Sağlam düşüncə, sağlam yanaşma, millətlərarası doğmalıq, həmrəylik və dövlətçiliyə sədaqət fonunda yaranmış hər bir sıxıntının bir həll yolu mütləq vardır. Hesab edirəm ki, sırf humanitar əsasda prosesə düzgün yanaşmaqla, Dövlət Baba ölkədə yaşayan etnik azlıqlarla bağlı ayrıca bir qurum formalaşdırmalıdır, bu qurumda etnik azlıqları təmsil edə bilən akademik biliyə, analitik araşdırma qabiliyyətinə, ümumi dünyagörüşünə malik, işləməyi bacaran səriştəli insanlara şərait yaradılmalıdır və bu qurum etnik azlıqların A-dan Z-yə bütün məsələləri, problemləri, qarşılaşdıqları maneələr və digər sair sıxıntıları, istəkləri barədə geniş, dərin və real əsaslara söykənən hesabatlar hazırlamalıdırlar. Bu hesabatlar əsasında qısa, orta və uzun vadəli həllərə, çözümlərə dair Yol Xəritələri işlənməlidir və bənd-bənd bu problemli məsələlərin üzərinə gedilməlidir ki, öz həllini tapsın, kimsə də inciməsin, nə şiş yansın, nə kabab. Axı nəticə etibarilə bu insanlar Azərbaycan Vətəndaşlarıdırlar!

Problemləri xalça altına süpürüb yığıb "palaz tərtəmizdir" deməklə də olmur, çünki zamanla bu palazın altındakı zir-zibil çürüyür, iy verir və palazı yararsız hala salır. Yaşadığımız insan cəmiyyəti də belədir, problemlərdən qorxmaq yox, onları aradan qaldırmaq üçün təşəbbüskar olmaqda fayda var.

Əslində, bizdə etnik zəmində yaradılan süni söz-söhbətlər həm də ona görə ortaya çıxır ki, etnik azlıqların problemlərini bu cür qabardanlar məsələlərə akademik, dərin dövlət təfəkkürü ilə yanaşmırlar, qaldırdıqları məsələləri məhz həmin problemlərin həllindən ötrü qabartmırlar, hazırladıqları hesabatlarda mütləq sakini, vətəndaşı olduğu dövlətə, çiyin-çiyinə yaşadığı qurucu xalqa qarşı hansısa bir alçaldıcı, cığalçı, kinli siyasi baxış, dövlətçiliyə ziyan vuran eyhamlı fikirlər yer alır ki, bu da qətiyyən yolverilməzdir və belə olduğu üçün də dərhal qarşı tərəflərdə istər-isəməz qıcıq oyadır. Dərhal hiss olunur ki, etnik azlıqların problemləri adıyla hazırlanan belə yarımçıq qərəzli hesabatların, əslində, məqsədi tamamən fərqlidir. Məsələ, doğrudan da, diqqəti ölkədəki etnik azlıqların problemlərinə çəkmək olsaydı, nə vardı ki?! Ancaq belə deyil axı.. Vallah belə deyil!

Bu ölkə türkü, talışı, ləzgisi, udini, rusu, yəhudisi, tatı, dağlıları və s. ilə birlikdə bizim qurduğumuz ölkədir və onun bütövlüyünü, suverenliyini, sərhədlərini qorumaq, gələcək nəsillərə tam ötürmək hər birimizin borcudur. Düşmən dörd tərəfdən bizi əhatə edib və rahat coğrafiyada yerləşmədiyimizi anlamalı, buna görə danışmalı, fikir yürütməli, hərəkət etməyi öyrənməliyik. Ani axmaqcasına bir səhv ciddi bəlalara, faciələrə yol aça bilər. Ona görə bu dəqiqə kimsənin bu yanlışı etməyə mənəvi və hüquqi haqqı yoxdur. O cümlədən ölkəmizin ayrılmaz parçaları olan etnik azlıqların! Yox, əgər kimsə bu ölkəni özününkü hesab etmirsə, onun himnini, gerbini, bayrağını qəbul eləmirsə, xub, düşmənlərimizə alət olmadan - dünyada yer çoxdur - buyurub oralarda özünə ayrı bir vətən düzəltməkdə azaddır. Buna görə kimsə onları qınamayacaq. Ancaq 86.6 min km2 ərazi ilə işiniz olmasın, bu ərazidə yerləşən Azərbaycan bizim ölkəmizdir! Bizim başqa Vətənimiz yoxdur! Varsa da budur, yoxsa da! Azərbaycan adlı Vətən həm də bizim Anamızdır! Anamıza əl uzadanın əlini qırarıq, dil uzadanın dilini kəsərik.

İlhamə Rəsulova, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »