Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sülh hüququ pozulmuş hər bir azərbaycanlının beynəlxalq məhkəməyə müraciət hüququ var
Sülh hüququ pozulmuş hər bir azərbaycanlının beynəlxalq məhkəməyə müraciət hüququ var

Ermənistan Avropa Şurası İnsan Haqları Məhkəməsinə dövlətlərarası şikayət yazaraq 44 günlük müharibə zamanı Azərbaycanın beynəlxalq konvensiyalara zidd olaraq, Ermənistanda və Qarabağda yaşayan ermənilərin hüquq və azadlıqlarını pozduğunu, şəxsi əmlak və təhsil haqqını əlindən aldığını bildirib. Bax belə yerdə deyərlər, oğru elə bağırdı, ev yiyəsinin bağrı yarıldı.

Hüquq elmləri doktoru, professor Əmir Əliyev məsələ ilə bağlı Bizimyol.info saytına danışarkən bildirdi ki, Ermənistanın bu addımı Azərbaycanın hazırlaşdığı geniş miqyaslı məhkəmə proseslərinə bir növ qarşılıq məqsədi daşıyır.

Professor Əmir Əliyev Əmir Əliyev

“Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1965-ci ildə İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiya qəbul edildi. 1996-cı il mayın 31-də Azərbaycan da bu konvensiyaya qoşulub. Bu qanun dövlətlərarası şikayət prosedurunu da müəyyən edib, yəni istənilən dövlət digər dövləti həmin komitəyə şikayət edə bilər. Komitəyə müraciət etmək üçün 2 qayda mövcuddur.

Birinci komitənin özünə müraciət edirsən (irqi ayrıseçkiliyin ləğvinə dair ayrıca komitə yaradılıb), ikinci qayda BMT Beynəlxalq Məhkəməsinə beynəlxalq normaların pozulmasına dair müraciətdir. Bu da beynəlxalq səviyyəli hay-küy qoparmaq üçündür”,- deyə hüquqşünas qeyd edib.

O, əminliklə bildirib ki, Ermənistanın müraciəti ilə bağlı heç bir fakt, dəlil, sübut yoxdur.

“Ermənistanda yaşayan əhalinin 99 faizi ermənilərdir. Azərbaycanda isə 100 minə yaxın erməni yaşayır. Əhalinin 90 faizi Azərbaycan türkləri, qalanları milli azlıqlar və etnik qruplardır. Azərbaycanın multikultural dəyərlərə hörmət etdiyi beynəlxalq aləmdə bilinir. Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, müxtəlif qurumlar səviyyəsində Ermənistanı beynəlxalq məhkəməyə veriləcək. Ermənistan artıq anlayır ki, vəziyyət gərgindir və buna görə də qabağa düşüb, lakin çox gülünc bir iddia qaldırıb. Bu məsələ ilə bağlı sözügedən komitəyə bu günə qədər cəmi 3 şikayət daxil olub. Maraqlıdır ki, ermənilər bu iddiada özlərini armenoid irqi adlandırıb, özləri ayrıseçkilik yaradıblar.

Qeyd edim ki, BMT- nin insan haqları ilə bağlı 9 komitəsi var uşaq hüquqları, işgəncələr və s. üzrə .

Biz ən effektiv mexanizm kimi Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmişik. Lakin bununla kifayətlənməyəcəyik. Ermənistanın vurduğu ziyan bir neçə istiqamətdədir. Əmlaka vurulan ziyan, insanların məcburi köçkün həyatı sürməsi ilə bağlı vurulan ziyan, insanların əsir alınması, kölə kimi işlədilməsi, bizim şərəfli və təhlükəsiz qayıdış hüququmuz var, bu da pozulur, çünki ərazilər minalanıb, mina xəritələri verilmir. İşgəncələrlə bağlı əlimizdə böyük faktlar var. Bundan başqa bizim Qarabağdakı dini abidələrimizin farslaşdırılması, ekoloji cinayətlər. O qədər külli miqdarda ziyan vurulub ki, məbləğini hesablamaq mükün deyil. Azad yaşamaq hüququ, təhsil almaq hüququ, uşaq hüquqları pozulub, yəni o qədər geniş miqyaslı cinayətlər törədilib ki, bunun üzərində uzun müddət iş görülməli, araşdırmalar aparılmalıdır. Bu gün insanların sülh hüququ var. Bizim xalq olaraq bu hüququmuz pozulur. Vurulmuş ziyanla yanaşı əldən çıxmış faydalar var. Məsələn bu 30 ildə həmin ərazidə tikiləcək müəssisələrin verə biləcəyi faydalar ola bilərdi, 30 ildir biz qaçqın və köçkünlərimizə şərait yaradırıq, halbuki bu maliyyəni ümumi inkişafımıza həsr edə bilərdik. Ola bilər ki, bu məsələlərin hamısına bir ildə, bir gündə baxılmasın, böyük və çətin prosessdir. Lakin iddia müddəti yoxdur, vaxt gələcək Ermənistan mütləq məsuliyyətə cəlb olunacaq”,- deyə professor qeyd edib.

Qarşı tərəfin həyasızlığının həddi hüdudu yoxdur. Haqsızkən belə beynəlxalq səviyyədə haqq davası döyə bilirlər. Bəs biz niyə susmalıyıq? Eyni addımı fərdi qaydada hər bir azərbaycanlının atmaq hüququ var və ilk nümunə də mövcuddur. Lakin eyni addımı bizm azərbaycanlılar da ata bilər, 30 illik qaçqın köçkün həyatına görə təzminat tələb edə bilərdi.

16 il öncə bir azərbaycanlı ailəsi Ermənistanı beynəlxalq məhkəməyə verdi.

“Çıraqov və digərləri Ermənistana qarşı (ing. Chiragov and Others v. Armenia) adlı məhkəmə işini xatırlatmaq istərdim.

Azərbaycan Respublikasının vətəndaşları Elxan Çıraqov, Adışirin Çıraqov, Ramiz Cəbrayılov, Akif Həsənov, Fəxrəddin Paşayev və Qaraca Cəbrayılovun 6 aprel 2005-ci il tarixdə verilmiş iddiası üzrə Avropa İnsan Haqları Məhkəməsi 16 iyun 2015-ci il tarixdə qərar qəbul etdi.

Ərizəçilər bildirmişdilər ki, onlar Laçın rayonunda yaşamış Azərbaycan kürdləridir və əcdadları orada yüz illər boyu yaşayıb. 1992-ci il mayın 17-də onlar rayondan Bakıya məcburi köçüblər. Həmin vaxtdan erməni işğalına görə öz evlərinə və mülklərinə qayıda bilməmişlər. Ərizəçilər şikayət etmişlər ki, öz əmlakı üzərində bütün nəzarətin, habelə ondan istifadə etmək, onu satmaq, vəsiyyət etmək, girov qoymaq, inkişaf etdirmək və ona malik olmaq imkanların itirilməsi 1 nömrəli Protokolun 1-ci maddəsinin davam edən pozuntusunu təşkil etmişdir.

Ərizəçilər iddia etmişdilər ki, onlar etnik və dini mənsubiyyətinə görə cavabdeh hökumət tərəfindən ayrı-seçkiliyə məruz qalmışlar.

Ərizəçilər maddi ziyana görə təqribən 7,9 milyon avro, hər birinə dəyən mənəvi ziyana görə isə 50 min avro tələb etmişdi. 2013-cü il oktyabrın 6-na olan vəziyyətə məhkəmə xərcləri 41703,37 funt sterlinq təşkil etmişdi ki, bu da qarşı tərəfdən tələb olunmuşdu.

Məhkəmədə Çıraqovların xeyrinə qərar çıxarıldı, amma Ermənistan adekvat və lazımlı cavabı hələ də verməyib. Cavab verilməsə belə Avropa məhkəməsi susmadı, cavab verdi. Çıraqovların praktikasını fərdi qaydada hər bir məcburi köçkün ailəsi təkrarlaya bilər. Lakin bir qədər daha düşünülmüş formada. Məsələ bundadır ki, Çıraqovların müraciətində onların etnik mənsubiyyətləri, kürd olmaları vurğulanmışdı. Bu məsələ bir qədər təhlükəli istiqamətə də yön ala bilər, qarşı tərəf təxribatçı məqsədlər üçün istifadə edə bilər, çünki bu gün düşmənlərimiz Türkiyə və Azərbaycana qarşı terrorçu kürd qruplaşmaları amilindən istifadə üçün istənilən yola baş vururlar. Lakin ümumilikdə Çıraqovların nümunəsi təqdirəlayiqdir və hesab edirəm ki, təkrarlanmalıdır. 1 milyon qaçqın və məcburi köçkünün yarısı deyil, hətta dörddə biri ümumi iddia ilə müraciət edə bilərdi.

Həm də yalnız məcburi köçkün ailəsi yox, istənilən azərbaycanlı. Bu gün bizim sülh hüququmuz pozulubsa, övladlarımız Ermənistanın təcavüzü nəticəsində baş verən müharibədə həlak olubsa, 30 il ərzində iqtisadi cəhətdən əziyyət çəkmişiksə haqqımızı tələb etmək, beynəlxalq məhkəməyə müraciət etmək hüququmuz var və dövlət də bu məsələdə arxamızdadır. Döyüş meydanında işlər başa çatıb. İndi siyasi və hüquqi müstəvidə mübarizə gedir. Bu mənada öz hüququnu yaxşı bilən hər vətəndaş mübarizəyə qatılmaqla əsgər rolunu oynayır. Həm vətən, həm öz haqları naminə.

İlhamə Rəsulova, Bizimyol.info

Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyini onlayn media subyektlərinin (veb-saytların) inkişafına maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.3. İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması

Son xəbərlər
Bütün xəbərlər »