Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan
“Azərbaycana 4 "İsgəndər" buraxdıq, hamısını tutub məhv etdilər” - Hambartsumyan

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan "İskander" taktiki raket sistemlərindən 4 dəfə istifadə etdi. Bunu hərbi ekspert Van Hambartsumyan deyib.

“İki dəfə Şuşaya, daha iki dəfə isə Bakı istiqamətində atəş açdılar. Lakin raketlər Azərbaycan tərəfindən tutuldu və məhv edildi ”,- Ambartsumyan bildirib.

Ekspert “İskander M” raketlərinin 9M723 modeli (ixrac üçün nəzərdə tutulmayan) olması barədə Azərbaycanın məlumatlarını təsdiqləyib.

Tovuz hadisələri barədə də danışan ekspert deyib ki, Ermənistan tərəfi Azərbaycanın boş qoyduğu postlardan birini ələ keçirib və o postu yoxlamağa gələn, içində zabitlər olan “UAZ” markalı avtomobili vurub: “Hər şeyi Ermənistan başladı. Paşinyana piar lazım idi. Azərbaycan ordusunda o qədər zirehli texnika var, adi “UAZ”la hücuma keçməzdilər. Qaz kəmərinə nəzarəti ələ keçirmək istədilər, amma gənclərini qurban verdilər”.

O hazırda Azərbaycanın İsrail, İspaniya, Ukrayna və Türkiyədən müasir texnologiyalara söykənən yeni silah, texnika və RLS sistemləri aldığını, həmçinin, Pakistandan JF-17 hərbi təyyarələri də alacağını əlavə edib: “Ermənistan isə Rusiyadan silah almağı planlaşdırır. Burada yeni silıahlardan çox da söz getmir. Daha doğrusu, Rusiya öz inventarında olan bəzi silahları Ermənistana verəcək”.

Onun sözlərinə görə, Bakıda istəsəydilər, Xankəndinin əsas meydanındakı "hökumət binalarını" asanlıqla vura bilərdilər. Ambartsumyan həmçinin Azərbaycanın yüksək məxfilik dərəcəsinə malik, xüsusi texnologiyalarla təmin olunmuş REM (radio-elektron mübarizə) birliklərinin Ermənistan tərəfini necə çaşqın vəziyyətə saldığını, Ermənistan ordusunun tezliklərini ələ keçirərək, artilleriya bölmələrinə yalnış koordinatlar ötürdüyünü əlavə edib.

Van Ambartsumyanın sözlərini Bizimyol.info saytına şərh edən azəraycanlı hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ambartsumyanın dediklərində həqiqət payı var: “Artıq Tovuz döyüşləri barədə ictimaiyyətə hər şey məlumdur. Bu hadisələr məhz Ermənistanın təxribatı nəticəsində baş verib. Artıq bunu öz ekspertləri də etiraf edirlər. Biz danışanda, deyirdilər ki, siz öz ölkənizi müdafiə edirdiniz”.

Ədalət Verdiyev Ədalət Verdiyev

Ədalət Verdiyev vurğulayıb ki, Azərbaycan 44 günlük müharibənin sonuna qədər hərbi hədəfləri prioritet tutub: “Ermənistandan fərqli olaraq, biz mülki obyektləri yox, hərbi obyektləri hədəf alırdıq. Məhz bunu bilən Ermənistan komandanlığı, yüksək rütbəli generallar da bəzən uşaq bağçalarında toplaşır, öz silah və texnikalarını xəstəxanaların, hospitalların və digər mülki obyektlərin ərazisində gizlədirdilər. Amma Ermənistan tərəfi mütəmadi olaraq bizim mülki obyektlərimizi, yaşayış məntəqələrini atəşə tutur, əhali arasında itkilərə səbəb olmağa və xaos yaratmağa çalışırdılar”.

Ekspertin sözlərinə görə, Azərbaycan silahlı qüvvələrində HHM sistemləri yetərincə güclü potensiala malikdir: “Lakin dünyanın heç bir ölkəsi kütləvi hücumlardan sığortalanmır. Əgər havada onlarla, yüzlərlə raket vurulursa, onlardan bir neçəsinin mülki obyektlərə düşməsi mümkündür. Əgər müharibə yenidən başlayarsa, Ermənistanın yenə də Azərbaycan şəhərlərinə raket atacağı istisna olunmur. Ölkə rəhbərliyi hazırkı mərhələdə Azərbaycan SQ-nin hava hücumundan müdafiə sistemlərinin imkanlarını artırmaq üzərində çalışır”.

O qeyd edib ki, Azərbaycan ərazisinə təhdidlər yalnız Ermənistan tərəfindən gözlənilmir. “Azərbaycan öz arsenalını zənginləşdirərkən, əsasən Qarabağ və Şərqi Zəngəzurdakı yerli şəraiti nəzərdə tutsa da, yalnız Ermənistan tərəfdən gələn təhdidlər diqqətə alınmır. Azərbaycan əlindəki yeni silah və texnikaların hamısını Qarabağda istifadə etmədi. Hazırda Azərbaycanın həm hərbi silah-sursat ehtiyatı, həm də yenilənmə tempi qənaətbəxş səviyyədədir. Yeni alınan texnologiyalar, yeni silahlar daha ciddi təhdidlərə, müxtəlif təxribatlara hazır olmaq üçün bizə yardımçı olacaq. Azərbaycan hazırda Türkiyə, Pakistan, İsrail və Ukrayna ilə sıx əməkdaşlıq edir. Gələcəkdə arsenalımızda Rusiya silahları ilə paralel, daha çox bu ölkələrdən əldə olunan silah və texnikaya üstünlük veriləcək”.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »