Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
"Yuxarı Qarabağda əhali Rusiyanın girovluğundadır"
“Bölgədə sülhə, barışa, birgəyaşayışa nail olmaq, rus sülhməramlılarından tez qurtulmaq istəyiriksə vətəndaşlarımıza sahib çıxmalıyıq!”

Bu fikirləri bizimyol.info-ya siyasi şərhçi Mirzə Rəşad Bakuvi səsləndirib.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

“Hazırda Qarabağda yaşayanlar oradan getməyəcək. Getmək istəsələr belə, öz məkrli imperialist planlarından dolayı buna rəsmi Moskva imkan verməyəcək, daim gərginlik yaradacaq ki, nələrsə əldə etmək məqsədilə (siyasi-iqtisadi alver predmeti olaraq) ya Azərbaycanla konfrantasiyaya getsin, ya da fürsət əldə etsə, Qarabağı bizdən qoparmağın zəminini yaratsın; zatən bu gün əhali Yuxarı Qarabağda məhz Rusiyanın girovluğundadır, yoxsa ağlı olanın yoxluqla ölüm-qalım savaşının verildiyi bugünkü Xankəndidə və ətraf ərazilərdə nə iti azıb”,- deyə o qeyd edib.

Ekspert Qarabağda yaşayanların Azərbaycan vətəndaşı kimi qanunlarımıza tabe olmaları üçün ən real yolu onlara sahib çıxmaqda görür. “Rusiya sülhməramsızlarının bölgədən getməsini sürətləndirmək (xalq, cəmiyyət bunu çox istəyir) üçün isə, Qarabağda yaşayanların məişət, sosial, iqtisadi, humanitar problemləri ilə əlaqədar bütün təşəbbüsləri Ermənistanın və Rusiyanın əlindən almalıyıq. Yolunu azanlara real çözüm yollarına söykənən doğru yolu göstərməlidir Azərbaycan hökuməti. Əgər Qarabağda yaşayanlar Ermənistana və Rusiyaya tərəf yol azıbsa, son ümidi bizdə yox, oralarda axtarırsa, o zaman torpaqlarımızı bütövləşdirmək naminə ən doğru bildiyimiz istiqamətə yönəlməliyik. Sözdən əmələ keçməyin tam zamanıdır. Bunu etmədikcə Qarabağda yaşayanlar Azərbaycandan daha çox qopub Ermənistanın və Rusiyanın asılılığında qalacaq ki, bu da gələcəkdə status məsələsini hər dəfə başımızın üstündə "Domokl Qılıncı"na çevirəcək. Qarabağın statusu məsələsi, biz istəməsək də, onlara bu statusu verməkdən daha çox, qlobal güc mərkəzlərinə Azərbaycanı daim siyasi-iqtisadi təzyiq altında saxlamaq üçün bir alətə, siyasi alver predmetinə çevirmiş olacaq. Ölkəni üz-üzə qoyan bu qarmaqarışıq vəziyyət bizə lazımdırmı?”.

Mirzə Rəşad Bakuvi bildirib ki, əslində dava status davası deyil, güc mərkəzlərinin Cənubi Qafqazdakı paylaşıla bilməyən maraqları gərginlik yaradır. “Elə bilməyin ki, Rusiya, Fransa, ABŞ, hətta İranın Ermənistandan və əhalisindən ötrü ürəkləri gedir deyə bu statusun ipindən bərk-bərk yapışıblar, xeyr, insanların taleyi onların heç vecinə də deyil. Hər bir dövlət Şərqlə-Qərbin, Şimalla-Cənubun birləşdiyi strateji baxımdan əlverişli nöqtədə mənzil olan Cənubi Qafqazda öz dövlət maraqlarının, çıxarlarının davasını güdür. Bu qovğada güc mərkəzləri arasında kim kimdən nə qopardı vayşüvənliyi gedir bölgəmizdə. Daha doğrusu, mövqe savaşı deyək buna. Elə ona görə də, status məsələsindən birdəfəlik qurtulmağın tək yolu, bütün bu oyunları pozmaqla Azərbaycan Dövlətinin əvvəldən elan etdiyi kimi, Qarabağda yaşayanların həyatın bütün sahələri üzrə ölkəyə inteqrasiyasını təmin etməkdir.

44 günlük Vətən Savaşında işğaldan azad etdiyimiz suveren ərazilərimizdə olduğu kimi, yerdə qalan ərazilərimizdə də yuridiksiyamızın qəbul etdirilməsinin tək yolu Azərbaycan dövlətinin beynəlxalq hüquqla ayrılmaz tərkib hissəsi olan Yuxarı Qarabağdakı vətəndaşlarına sahib çıxmasıdır! Çoxmillətli dövlət olaraq, bu, çoxdan atılmalı olan addım olsa da, ziyanın yarısından dönməkdə bir fayda var. Şimaldan və Qərbdən gələn hər növ yerli-yersiz təzyiq dalğasına baxmayaraq, rəsmi Bakı orada yaşayan vətəndaşları barədə siyasətini və planlarını konkretləşdirməli və real plana otuzdurmalıdır. Şimalın və Qərbin bütün bəhanələrini əllərindən almalıyıq. Xankəndi sakinlərini dışlamaqla öz torpaqlarımızdan uzaq düşürük. Hazırda daha rasional və çevik qərarların verilmə zamanıdır. Ən rasional və çevik çözüm isə orada yaşayan Azərbaycan vətəndaşlarına həyat zəmanəti vermək, bir dövlət olaraq onların arxasında dayanmaqla, onların, Əliyevin təbirincə desək, yollarını azmaması üçün real sosial-iqtisadi, humanitar şərait və şərtlər məqsədilə əlverişli zəmin yaratmaqdır, onları buna inandırmaqdır. Qarabağ sakinləri Azərbaycan Dövlətini Ermənistandan da, Rusiyadan da daha çox yanında hiss etməlidir. Bu zəmanəti və qayğını görmədikcə, sahibçıxmanı hiss etmədikcə bölgədə sülhdən, barışdan, birgəyaşayışdan, ən əsası isə əmin-amanlıqldan danışmağa dəyməz!”.

İlhamə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »