Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”
“Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb”

Sosial şəbəkələrdə Azərbaycan polisinin Gorus-Qafan yolunda Ermənistana məxsus maşınlardan separatçı rejimə aid nişanları bıçaqla pozmasına dair görüntülər yayılıb.

Bu görüntülər Ermənistanın sosial şəbəkə istifadəçiləri tərəfindən də birmənalı qarşılanmayıb. Lakin Ermənistan vətəndaşları Azərbaycan polisindən çox, öz hökumətlərini tənqid edir, vəziyyəti bu həddə çatdırdığına görə qınayırlar.

Həmçinin, sözügedən yolun Azərbaycana aid hissəsindən keçən yük maşınlarının gömrük rüsumu ödəməli olması da müxtəlif müzakirələrə səbəb olub. Artıq Ermənistan mətbuatında yanacaq, tikinti materialları və ərzaq qiymətlərində bahalaşma başladığı barədə məlumatlar yayılıb.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan İranın yük maşınlarının Qoris-Qafan yolunun Azərbaycan polisinin nəzarəti altında olan hissəsində yoxlanılmasının mümkün səbəbini açıqlayıb. Paşinyan bildirib ki, ötən ilin dekabrında nəqliyyat vasitələri və yük tranziti üçün bu yoldan maneəsiz istifadəyə dair razılıq əldə olunub: “Razılıq mətnində xarici yüklərin keçməsindən söhbət getmir, buna görə də Azərbaycan bundan istifadə edir. Çox güman ki, bizim 9 noyabr və 11 yanvar tarixli bəyanatlarda Ermənistandan dəhliz verilməsindən bəhs edilmədiyi haqqında bəyanatlarımıza cavab olaraq”.

Zəngəzur dəhlizinin açılmaması üçün Ermənistanın inadları, delimitasiya və demarkasiya üzrə danışıqların yubanması bu gərginliyin daha da artacağından xəbər verirmi? Bu gərginliyin davam etdiyi müddətdə Azərbaycanın növbəti addımları nə ola bilər?

Bizimyol.info saytına danışan müstəqil deputat, iqtisadçı-alim Rüfət Quliyev bildirib ki, Zəngəzur dəhlizinin açılması Azərbaycandan çox Ermənistanın iqtisadi maraqlarına cavab verir.

Rüfət Quliyev Rüfət Quliyev

“Rəsmi İrəvan nədənsə anlamaq istəmir ki, bu dəhlizin açılması buzları əridə bilər və növbəti illərin perspektivində Ermənistan bir neçə dəfə arta bilər. Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması Ermənistan büdcəsinə milyardlarla dolların daxil olması, vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşması və əlverişli biznes mühitinin bərqərar olması deməkdir. İllər boyu ümidini tranşlara, kreditlərə və Qərbdəki Ermənistanyönlü diasporun yardımına bağlayan Ermənistan hökuməti nəhayət, özündə iradə taparaq sağlam bir iqtisadiyyat qura bilər. Bunun üçün isə ilk növbədə müharibə əhval-ruhiyyəsində olmayan və qonşuluqda düşmən axtarmayan Ermənistan görməliyik”,- deyə deputat vurğulayıb.

Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycan rəhbərliyi post-müharibə dövründə öz siyasəti xəttini bölgənin iqtisadiyyatının dirçəldilməsinə kökləyib. “Lakin hər şey bir tərəfdən asılı deyil. Üçtərəfli bəyanatda Azərbaycan tərəfinin üzərinə nə düşürsə, onu da edir. Düşünürəm ki, o bəyanatda elə bir şərt yoxdur ki, Azərbaycana aid olsun və rəsmi Bakı onu icra etməkdən imtina etsin. Lakin Ermənistanın inadları və Rusiyanın bəzi hərbi-siyasi dairələri tərəfindən öz prezidentləri Vladimir Putinin imzasına hörmətsizlik bölgəni daha da gərgin saxlamağa davam edir. Belə olduğu halda, Ermənistan iqtisadiyyatında hansısa sıçrayışdan və böyük həcmdə xarici yatırımlardan söz gedə bilməz. Paşinyan hakimiyyəti təcili surətdə bu vacib məqamlar ətrafında düşünməli, qərar verməlidir”,- deyə iqtisadçı-alim söyləyib.

Deputatın fikrincə, bu gedişlə, Azərbaycan öz qüvvələrini Laçın dəhlizi istiqamətində irəli çəkə bilər. “Əgər Ermənistan öz üzərinə düşənləri etmirsə, Azərbaycan da suveren hüquqlarından istifadə edərək, ərazi bütövlüyünə nəzarəti ələ alacaq. Laçındakı sərhəd-buraxılış məntəqəsi və yolboyu postlarda Azərbaycan sərhədçiləri və polisləri xidmət keçə bilər. Laçın dəhlizində də Azərbaycan polisinin görünməsinə az qalıb. Proseslərin inkişafı onu deməyə əsas verir ki, o gün elə də uzaqda deyil”,- deyə R.Quliyev əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »