Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neft ölkəsinin işləməyən neft emalı zavodu - Aləmi bəzər özü...
Neft ölkəsinin işləməyən neft emalı zavodu - Aləmi bəzər özü...

Bu günlərdə benzinin qiymətinin dünya bazarlarında növbəti dəfə bahalaşması ən çox müzakirə olunan mövzulardandır.

Avropadan fərqli olaraq, Azərbaycanda əhalinin pul gəlirlərinin az olması, üstəlik, neft- qaz ölkəsi olmağımıza baxmayaraq, Avro standartlarına cavab verən benzini xaricdən almağımız haqlı narazılıqlara səbəb olur. İstər-istəməz sual yaranır: Nə üçün özümüzün Neft Emalı Zavodumuz işə salınmır? Bəlkə bunda maraqlı olan tərəflər var? Türkiyədə fəaliyyət göstərən STAR NEZ-dən nə üçün benzin almayıb, üz tutmuşuq Rusiyaya, Rumıniyaya.

Öncə qeyd edim ki, SOCAR 2008-ci ildən etibarən Türkiyədəki fəaliyyətini törəmə şirkəti olan STAR NEZ-də davam etdirir. Şirkətin səhmlərinin 87 faizi SOCAR-a, 13 faizi isə “Goldman Sachs” şirkətinə məxsusdur. Zavodun səhmlərinin 60 faizi Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR Turkey Enerji A.Ş.), 40 faizi isə Azərbaycanın İqtisadiyyat Nazirliyinə məxsusdur. Dövlət Neft Şirkətinin məlumatında deyilir ki, zavod illik 10 milyon ton neft emal edəcək. İldə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu və 160 min ton kükürd istehsal edilir, "Azeri Light", "Urals" və "Kərkük" neft növləri emal olunur.

Eldəniz Əmirov Eldəniz Əmirov

İqtisadçı ekspert Eldəniz Əmirov bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib ki, Azərbaycanda NEZ-in açılması qəsdən ləngidilmir.

“Sadəcə, bu zavodun yenidənqurulmasına və 95 markalı benzinin istehsal olunmasına investisiya vaxtında yatırılmadı. Gec qaldılar. Hazırda bu istiqamətdə işlər gedir, müəyyən dəyişikliklər aparılır, emal prosesinin təmin olunması üçün çox şey dəyişməldiir. Söhbət ciddi texnoloji yeniliklərin tətbiqindən gedir. Bu da vaxt və maliyyə tələb edir. Sadəcə, bu, illər öncə edilməliyid. Hesab edirəm ki, yaxın illərdə 95 markalı benzini istehsal etsək də, yenə xaricdən asılı vəziyyətdə qalacağıq. Yəni bu zavod yerli tələbatı qismən ödəyəcək və qiymətlərdən asılılıq qalacaq.

O ki qaldı benzini niyə Türkiyədəki STAR NEZ-dən deyil, Rusiya və Rumıniyadan alırıq sualının cavabına, gəlin, öncə baxaq görək o zavod Türkiyənin daxili tələbatını ödəyirmi? Bu marketinq siyasətidir. Alsaq, belə qiymətdə çox fərq olmayacaq və bu zavod Türkiyənin daxili tələbatının ödənməsinə yönəlib. Biz 95 markalı benzini əsasən Rusiyadan alırıq. Rusiyanın özündə də istehsal həcmi daxili tələbatı ödəmir deyə qiymətləri yüksəldir”,- deyə ekspert vurğulayıb.

2016-cı ildə verilən xəbərə görə, SOCAR Bakının Qaradağ rayonunda neft-qaz emalı və neft-kimya kompleksinin (OGPC) tikinti layihəsinin reallaşdırılmasına dair fəaliyyətini müvəqqəti dayandırıb. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar bu qərar qəbul edilib. SOCAR H.Əliyev adına NEZ və “Azərikimya” İB-nin müəssisələrinin modernləşməsinə diqqət yönəldəcək.

Ekspert İlham Şaban isə bildirir ki, yeni NEZ-in tikintisinin başa çatmamasının əsas səbəbi həddən artıq böyük layihənin nəzərdə tutulmasıydı.

Ilham Şaban İlham Şaban

"Azərbaycan hökuməti əvvəlcə 19 milyarddan artıq pul tələb edən layihə nəzərdə tutdu, sonra kapitalı azaldıb 14.4 milyard elədi, sonra daha da aşağı saldı. Öncə neft emalı zavodunun təmirinin daha baha başa gələcəyini dedilər, yenisini tikməyə qərar verdilər, sonra yenisini tikməkdən əl çəkib Sumqayıt və Bakıdakı mövcud zavodları maliyyələşdirmək üzərində fokuslaşdılar. Belə çıxır ki, 2050-ci ilə qədər Bakı və Sumqayıt şəhərlərinin əhalisi neft emalı zavodları ilə iç-içə yaşayacaq ki, bu da böyük ekoloji problemdir”.

Premium benzinin qiymət artımı uzun perspektivdə dövlətin səhiyyə xərclərini artıracaq. 2014-cü ildən sonra Qərbdə istehsal olunan avtomobillərin əksəriyyəti premium benzinlə işləyir. Premium benzinlə 92 oktanlı benzin arasında 60 faizlik qiymət fərqi, insanları istehsal ili köhnə olan, daha çox karbon qazı emissiya edən avtomobil almaģa sövq edir. Nəticədə avtomobil idxalından gömrük yığımı azalır, ekoloji vəziyyət pisləşir, ekoloji vəziyyəti gərgin olan böyük şəhərlərdə, xüsusən paytaxtda səhiyyə xərcləri artır. Səhiyyə isə son iki ildə əmin olduq, əyani şəkildə gördük ki, çox gəlirli sahədir.

Bir neft ölkəsində indiyə qədər premium benzin istehsal edilməməsi mülayim desək, iş görməməklikdir. Fəsadlarını isə hamılıqla, elliklə hiss edirik. Çünki söhbət təkcə 95 markalı benzinin bahalaşmasından getmir.

Hər dəfə əhali qiymət artımından, enerjinin azalmasından şikayət edəndə yuxarıda oturanlar məsləhət bilirdilər ki, ayağınızı yorğanınıza görə uzadın. Bəs bu boyda layihəyə milyardlarla pul töküb, onu sonra yarımçıq qoyanların yorğanı nə böyüklükdə idi? Dünyanın müxtəlif ölkələrində SOCAR-ın YDM-ləri, törəmə şirkətləri fəaliyyət göstərir, amma biz xaricdən asılı vəziyyətdəyik.

Sizə bir tapmacam var: Aləmi bəzər, özü lüt gəzər. Açması?..

İlhamə, Bizimyol.info

Paylaş »
››› "Bunun bığı vardı, indi yoxdur" - Ərdoğandan Cahangir Əsgərova zarafat (Video)
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Turistlərin axışdığı adanın sakinləri onların gəlməsini istəmir
››› Nazirlikdən faktiki hava açıqlaması
››› “Elə sahibkarlar var ki, şəxsi kapitalları belə qalmadı və tamamilə iflas oldu”
››› Oktyabrın 27-nə olan hava proqnozu
››› Ömürlük status təklifi və veto hüququ
Son xəbərlər
Bütün xəbərlər »