Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...
Ölüləri diriltmək mümkündürmü: Elm və din bu barədə nə deyir...

Ölülərin dirildilməsi hər zaman elm adamlarının hədəfi olub. Tarix boyu bu istiqamətdə araşdırmalar aparılıb. Alimlər ölüləri diriltmək, ölməmək, uzunömürlü olmaq mövzuları barədə daim düşünüblər. Hələ ki, xəyal kimi görünən, reallaşacağı təqdirdə dünyanın sonu olacağı düşünülən ölü insanların dirildilməsi mövzusunda alimlərin bu günə qədər apardıqları araşdırmalar, addım-addım olsa da realaşa biləcəyini göstərir.

İnsanların ölüləri diriltmə cəhdləri 1800-cü illərə təsadüf edir. Belə ki, 1800-cü ildə fizik Covanni Aldini ölü insan və heyvan cəsədlərinə elektroşok verərək həyata qaytarma cəhdləri populyarlaşmışdı. Cəsəd parçalarını birləşdirdikdən sonra bədənlərinə bir batareya bağlayan Aldini bu cəhdlərini bir tamaşaya çevirmişdi. Onlarla insan,"bu dəfə Aldini, ölüləri dirildə biləcəkmi?" sualına cavab tapmaq üçün bu tamaşalara həvəslə gəlirdi. Aldininin cəhdləri heç bir zaman reallaşmadı. Hətta bu cəhdlər dövrünün düşüncələri ilə uyğun olmadığı üçün insanlar, Aldinidə Tanrıya qarşı kompleksin olduğuna inanmağa və daha çox araşdırma aparmasına mane olmağa başladılar.

Reanimasiya sahəsində ən tanınmış adlardan biri, 1930 cu illərdə işləri ilə populyar olmuş amerikalı bioloq Robert E. Korniş idi. Tanınmış bioloq, heyvan cəsədlərinə antikoaqulan və steroid qarışığı iynə vuraraq, iki ölü iti hərəkətə gətirmiş və qan dövranı əldə etməyi bacarmışdı. Korniş, bu uğurundan sonra insan cəsədləri üzərində də araşdırmalar aparmağa hazır olduğunu açıqlamışdı. Korniş üçün ilk namizəd, Kaliforniyada edam məhkumu olan Tomas MacMonigl idi. Tomas edam edildikdən sonra bədənini Kornişin təcrübələri üçün bağışlayacağını bildirmişdi. Ancaq Kaliforniya əyaləti edam məhkumunun bu istəyini rədd edərək, Kornişin araşdırmalarına əngəl yaratmışdı.

Əgər fikir vermisinizsə, bəzi filmlərdə ölən insanlar həyata zombi olaraq geri dönür. Bir zamanlar bizim kimi yaşayan insan öldükdən sonra şüursuz şəkildə sadəcə, insanlarla qidalanan canlıya çevrilir. Bəli, filmlərdə olan bu fikir yəni ölən insanın dünyaya zombi kimi qayıtması araşdırması, Yale Universitetinin alimləri tərəfindən aparılıb. "Ölüm sondurmu?" sualına cavab axtaran alimlər, 4 saat əvvəl kəsilmiş bir donuzun başını labaratoriya şəraitində xüsusi cihazlara bağlayaraq beyin hüceyrlərini geri qaytarmağa çalışıblar. Süni qidaları beyinin şəbəkələrinə çatdıra bilmək üçün BrainEx adlı sistem yaradan araşdırmaçılar uzun sınaqlardan sonra beynin hüceyrələrindən siqnallar almağa başlayır. Ancaq bu siqnallar beynin yaşayan bir beyin olduğunu göstərmirdi. Araşdırmanın müəlliflərindən olan Zvonimir Vrselja yayımlanan məqalədə əldə edilən siqnalların yaşayan bir beynin deyil, sadəcə hüceyrələrin yenidən aktiv olduğunu vurğulayıb. Yəni ölü donuzun beynindən alınan siqnallar yaşayan bir donuzun əksinə, hər hansı bir şey hiss etməz və düşünməz halda idi. Donuzu donuz edən şüuru siqnal almasına rəğmən yox idi. Vrselja bu araşdırmanın bir ölünü diriltməkdən əlavə daha çox beyin ölümünün mərhələlərini anlamaq üçün işə yaradığını qeyd edir.

Lazarus sindromu, son dərəcə nadir bir vəziyyət olaraq ölən bir insanın həyata qayıtması olaraq qəbul edilir. Əslində bu fenomen sadəcə, beyin ölümü baş vermiş xəstələrdə müşahidə edilir. Türkiyə alimi Həmid Hancı, Lazarus fenomenini belə açıqlayır:

"Lazarus əlaməti klinikada beyin ölümü diaqnozu qoyulan, yəni ölən xəstələrdə bədənin fərqli yerlərinə toxunulan zaman ölünün refleks olaraq hərəkət edib qollarını hərəkət etdirməsi, oturmaq istəyirmiş kimi hərəkətləri qarşımza çıxan kliniki vəziyyətdir. Lazarus fenomeni xəstənin dirilməsi deyil. Lazarus fenomeni, beyin ölümü diaqnozu qoyulan xəstələrdə nadir olaraq müşahidə edilən onurğa beynindən qaynaqlanan bir refleksdir".

Professor qeyd edib ki, bu refleksiv hərəkət onunla ilk dəfə qarşılaşan insanlarda qorxuya salır. Ancaq sadəcə, bu refleks ölüm diaqnozunu dəyişdirmir. Buna baxmayaraq, bəzən bu vəziyyət klinika əməkdaşları tərəfindən ölümün rədd edilməsinə səbəb olur. Lazarus əlaməti ölüm reallığını dəyişdirmir. Ölmüş şəxs bu əlamətləri göstərdikdən sonra əvvəlki vəziyyətinə qayıdır.

2007-ci ildə Britaniya alimləri tərəfindən aparılan araşdırmalarda, Lazarus əlaməti göstərən xəstələrdən 35 faizinin yenidən həyata davam etdiyi məlum olub. ABŞ-ın Bioquark şirkəti Reanima Project adı altında beyin ölümü baş vermiş insanlar üzərində kök hüceyrələrə istiqamətlənmiş bir müalicə üsuluna başlayıb. Beş il əvvəl başlayan bu araşdırmanın əsas məqsədi, beyin ölümü diaqnozu qoyulmuş ölən insanları həyata qaytarmaqdır.

Ölü insan dirilsə, nə baş verər?

Əslində bu suala cavabı bu günə qədər baxdığımız filmlərdə tapa bilmişik. Artan əhali, milyardlarla insana çatmayan qida qaynaqları və qıtlıq insanların bu dünyada yaşaya bilməsinə çətinliklər yarada bilər və dünya yaşanılmayacaq bir yerə çevrilər. İnsanlar yaşaya bilmək üçün başqa planetlərdə yer axtramağa başlayar, tapa bilmədikləri zaman isə kütləvi soyqırımlar baş verər. Ancaq nəticə etibarilə bir ölünü diriltmək bir yenilik ola bilər. Elm adamları bu gün mümkünsüz kimi görünən bu məsələyə alternativ olaraq insan ömrünü uzatmağın yollarını axtarır.

İahiyyatçı Ramin Yusifovun sözlərinə görə, ölən insanların dirilməsi barədə Qurani Kərimdə qeyd olunub. Hətta bu barədə hədislər də var.

"Bir nəfər əlinə bir sümük parçası götürüb Məhəmməd (ə.s) peyğəmbərin yanına gəlib, istehza ilə deyir. "Ölülərin diriləcəyini deyirsən, bu çürümüş sümük necə dirilə bilər" - deyə soruşur və sümüyü ovxalayıb, qırır. Peyğəmbər cavab verir: "Əlbəttə kainatı yoxdan Yaradan Allah, onu canlandıra bilər. Səni də öldürüb yenidən dirildə və cəhənnəmə göndərər".

Mənbələrə görə, bu hadisədən sonra Yasin sürəsinin 77-79-cu ayələri nazil olur. Ayələrdə deyilir: "İnsan bilmirmi ki, biz onu bir damla nütfədən yaratmışıq. O, bizə açıq şəkildə düşmən kəsilərək, öz yaradılışını düşünmədən bizə məsəl gətirməyə çalışaraq "kim bu çürümüş sümükləri dirildə bilər" deyir. De ki: Onları ilk dəfə yaradan dirildəcəkdir".

İlahiyyatçı qeyd edib ki, ölən insanları ancaq Allah dirildə bilər. Bunun üçün alimlər nə qədər çalışsalar da, araşdırmalar aparsalar da, heç nə əldə eə bilməzlər. Bundan başqa, kliniki ölüm zamanı dirilmələr, Allahın məsləhətindədir: "Kliniki ölüm keçirən insanlara Allah qısa müddətə ölümü daddırır. Onlar yenidən həyata qayıdan zaman daha fərqli davranışlar sərgiləyirlər. Ancaq ölən insanın dirildilməsi mümkün deyil".

Qeyd edək ki, tarix boyu ölənləri diriltməyə çalışan, ölüləri diriltməyi bacardığını iddia edən kifayət qədər alim, dələduz və s. olub. Ancaq bu günə qədər hələ heç kim ölən insanı dirildə bilməyib.

Bu yerdə Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri yerinə düşür. Yazıçı əsərində insanların daim ölüləri dirildə bilən birinə ehtiyacı olduğunu, bunun mümükn olmadığını başa düşüb və insanların savadsızlığından istifadə edərək mənfəət qazanan şəxslərin olduğunu vurğulayıb.

Bəs siz necə, ölülərin dirilməsinə inanırsınızmı?

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »