Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir
Boşanmanın qadağan olunduğu ölkə: Cütlüklərin yarısı evlənmir

Filippin Vatikanla yanaşı boşanmanın qadağan olunduğu iki ölkədən biridir. Hətta xəyanət də birlikdə yaşamaq istəmədiyin adamdan ayrılmağa şərait yaratmır. Yeganə şans həyat yoldaşının ağıldan kəmliyini sübut etməkdir. Adətən, buna varlılar müyəssər olur.

Bizimyol.info xəbər verir ki, Fransa mətbuatında Filippində insanların boşana bilməməyə görə necə əzab çəkməsi barədə çox maraqlı yazı dərc olunub. Jurnalist Manon Tomtsiq xeyli filippinli ilə söhbətləşib. 50 yaşlı Heyzel ona deyib ki, ölmədən əvvəl ən böyük arzusu həyat yoldaşından ayrılmaqdır: “25 ilimi qurban vermişəm”.

Filippin əhalisinin 80 faizi katoliklərdir. Asiya ölkəsi katoliklərin sayına görə dünyada üçüncü yeri tutur. Din ölkədə getdikcə daha çox yayılır. Rəsmi olaraq din dövlətdən ayrıdır. Əslində isə onların arasında sərhəd çox şəffafdır. Katolik kilsəsi boşanmanı qəbul etmir. Heyzel evlənəndən iki il sonra anlayıb ki, çox səhv qərar verib. Əri hər gecə evə sərxoş gəlirmiş. Bunun ardınca xəyanət və fiziki işgəncə gəlməyə başlayıb.

“Beş uşağımı da döyüb. Hər gün boşanmaq arzusu ilə yuxudan oyanıram. Amma bu, mümkün deyil”.

Filippində son illər konqresdə bir neçə dəfə boşanma barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Senator Risa Hontiveros həmkarlarını qanunun qəbulunun vacibliyinə inandırmağa çalışıb. 2017-ci il sorğusuna görə, ölkədə hər dörd qadından biri fiziki təzyiqə məruz qalıb. Senator deyir ki, boşanmanın həyata keçirilə bilməməsindən uşaqlar da çox əziyyət çəkir.

Ateneode Manila Universitetinin müəllimi Meri Reslis qanun layihəsinin qəbuluna konservatizm və patriarxallığın mane olduğunu düşünür. Sosioloq deyir ki, Filippində kişilərə istədiyi kimi davranmaq imkanı yaradılır.

“Cəmiyyət hesab edir ki, kişinin kənarda sevgilisi də ola bilər. Qadın isə ailəni qorumalıdır. Düşünürlər ki, qadın əziyyət çəkirsə, öz günahıdır”.

Filippin qanunvericiliyi cütlüklərin ayrılması üçün iki prosedura şərait yaradır. Birincisi, onlar nikahda qalmaq şərti ilə ayrı-ayrı evlərdə yaşayırlar. İkincisi, həyat yoldaşının ağıldan kəmliyi işə yaraya bilər. Bunun üçün böyük mübarizə aparmaq lazımdır. Üstəlik, azı 3000-3500 avro xərcin çıxa bilər. Nəzərə almaq lazımdır ki, Filippində orta əməkhaqqı 260 avrodur. Yəni hər kəs belə addımı özünə rəva görə bilmir.

32 yaşlı Tsarena ayrı yaşamaq prosedurunu seçib. Beş ildir həyat yoldaşı ilə eyni evi bölüşmür. Tsarena onun haqqında danışanda hələ də həyəcanını gizlədə bilmir. Çünki hər şey gördüyü əzabları xatırladır.

“Heç bilmirəm onu necə adlandırım. Ər? Keçmiş ər? Hər dəfə ona görə qəbul etdiyim soyadımı görəndə özümü əsir kimi hiss edirəm. Nikah qalır deyə, heç kimlə görüşə də bilmirəm. Ərim xəbər tutsa, məhkəməyə verər. Bizi yalnız ölüm boşayar”.

2017-ci ilin sorğusu onu da göstərir ki, filippinlilərin 53 faizi boşanma haqda qanunun qəbulunun tərəfdarıdır. Meri Reslis cütlüklərin 50 faizinin boşana bilməmək dərdinə görə evlənmək istəmədiyini deyir. Amma sosioloq əvvəl-axır boşanma haqda qanunun qəbul olunacağına inanır.

Bizimyol.info

Paylaş »
››› Türkiyədə dolların rekord bahalaşması Azərbaycana təsir edəcəkmi...
››› Putin Azərbaycan və Ermənistan rəhbərlərinin çıxışlarına münasibət bildirib
››› Lotereyada udacağını yuxuda gördü və milyonçu oldu
››› Ermənistanın cinayət ortağı ifşa olundu
››› 40 yaşlı kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
››› Məsciddə partlayış törədilib, ölənlərin sayı 30 nəfərdən çoxdur
››› Müdafiə Nazirliyi açıqlama yaydı
Son xəbərlər
Bütün xəbərlər »