Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Bakı və Tehran sonunda “ortaq məxrəc” tapacaqlar”
“Bakı və Tehran sonunda “ortaq məxrəc” tapacaqlar”

“Bakı və Tehran arasında kompromisin əldə olunacağına müəyyən işartılar var”.

Bu fikirləri Bizimyol.info saytına danışan təcrübəli diplomat, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov səsləndirib.

Tofiq Zülfüqarov Tofiq Zülfüqarov

“Düzdür, bu baş verənlər mətbuat və sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadı. Azərbaycanda bir çox ekspertlər, politoloq və siyasətçilər sərt reaksiyalarını bildirdilər. Lakin düşünürəm ki, Azərbaycanın siyasi hakimiyyəti bu məsələni dialoq və kompromis yoluyla həll etmək yolu tutub. Və bu istiqamətdə artıq müəyyən işartılar var”, - deyə sabiq nazir qeyd edib. Onun sözlərinə görə, bütün xoşagəlməz hallara baxmayaraq, bu baş verənlər Azərbaycan-İran münasibətlərinə ciddi təsir göstərməyəcək.

“Ciddi problemin olacağını düşünmürəm. Adətən belə problemlərin həlli üçün bir neçə görüşün keçirilməsi, qızğın müzakirələrin aparılması lazım gəlir. Bu, bir diplomatik prosesdir. İnanıram ki, məsələ diplomatik danışıqlar yolu ilə həll olunacaq, Bakı və Tehran sonunda “ortaq məxrəc” tapacaqlar”, - deyə T.Zülfüqarov qeyd edib.

Sabiq nazir rəsmi Tehranın Bakıdan nə “umduğu” ilə bağlı sualı belə şərh edib: “İranın Azərbaycandan konkret nə gözlədiyini deyə bilmərəm. Lakin düşünürəm ki, hər iki tərəf öz mövqelərini, baxışlarını irəli sürəcəklər, müəyyən müzakirələrdən sonra ortaq bir razılaşma əldə olunacaq”.

Fəzail Ağamalı Fəzail Ağamalı

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı isə Bizimyol.info saytına bildirib ki, İran tərəfinin beynəlxalq hüquq normalarını pozmasına heç bir şübhə yoxdur: “O bağlı çənlərin içərisində separatçılara nə aparıldığı məlum deyil. Ona görə də, İran tərəfi heç bir şəkildə özünə haqq qazandıra bilməz. İranlı diplomatlar hər zaman bəyan edir ki, onlar bölgədəki siyasətlərində tarazlığı qorumağa çalışırlar, hər iki ölkəyə eyni cür, ədalətli yanaşma göstərirlər. Lakin işğalçı ilə işğala məruz qalan tərəflərin hansı ölkələr olduğu aydındır. İşğalçı – Ermənistan, işğala məruz qalan tərəf isə Azərbaycandır. Belə olduğu halda, hansı tarazlıqdan, ədalətli yanaşmadan söz gedə bilər? Bütün dünyada siyasətçilər, ekspertlər bildirirlər ki, Ermənistan ən çətin vaxtlarında, hətta 44 günlük müharibə zamanı İran tərəfdən dəstək görüb. İşğalçıya dəstək vermək hansı beynəlxalq hüquqa, əxlaqi dəyərlərə, ən əsası, İslam dövlətinin siyasi xəttinə uyğun gəlir? İran tərəfindən Ermənistana silah-sursat daşınması ilə bağlı videolar da sosial şəbəkələrdə geniş yayıldı. Bu və digər faktları danmaq mümkün deyil”.

O qeyd edib ki, İranın siyasi dairələrində kök salan Ermənistan yanlı yanaşma Azərbaycan cəmiyyətində qıcıqdan çox, nifrətə səbəb olmaqdadır: “Biz istərdik ki, İranla münasibətlərimiz dostluq və qardaşlığa söykənsin. Lakin İranın siyasi dairələri sanki məqsədli şəkildə özlərinə qarşı Azərbaycan cəmiyyətində nəinki qıcıq, hətta nifrət yaradırlar. Bu məqamlara diqqət yetirmək lazımdır. İranın yeni hakimiyyəti Azərbaycanla isti münasibətlərdə maraqlıdırsa, mütləq kompromisə yönələn addımlar atmalı, Bakı tərəfindən səsləndirilən iradları nəzərə almalı, bu münasibətlərə zədə vuran problemləri köklü həll etməlidir. Əgər bu gün hansısa problemə səthi yanaşılsa, gələcəkdə o problem daha çox böyüyər, daha xoşagəlməz fəsadlara yol açar. Ona görə də, Tehran bu məsələnin üstünə vaxtında düşməli, bütün anlaşılmazlıqları vaxtında aradan qaldırmalıdır”, - deyə F.Ağamalı əlavə edib.

Rüfət Əhmədzadə, Bizimyol.info

Paylaş »
››› DTX Hacı İlqar İbrahimoğlunu niyə saxlayıb: "Məni gəlib evdən götürmüşdülər"
››› "Güzgülər böyük gücə malikdir, həm də böyük təhlükədir" - Güzgülərin mistikası
››› “İran şəbəkəsi”nin Azərbaycanda hədəfləri və maliyyə dövriyyəsi
››› Adı “Zəhra Bulağı”, qabı “Sirab” şüşəsi, içi arx suyu
››› İlkin ipoteka ödənişini az qoymaqla müştərini cəlb edirlər və aldadırlar...
››› Kirayə mənzil bazarında qiymətlər: Yüksək qiymətli kirayələrdə kimlər qalır?
››› Həkimlər insana donuz böyrəyi köçürüblər
Son xəbərlər
Bütün xəbərlər »