Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Narkotik vasitələr insanı xoşbəxt, şən, gərgin və ya narahat birinə çevirə bilər"
"Narkotik vasitələr insanı xoşbəxt, şən, gərgin və ya narahat birinə çevirə bilər"

Asılılıq yaradan maddələr çox qazanclı bir ticarəət qaynağıdır. Sakitləşdirici və stimullaşdırıcı təsirləri olan, getdikcə daha çox qəbul etmə istəyi və qəbul edilmədiyi zaman məhrumiyyət əlamətləri yaradan kimyəvi maddələr narkotik maddələr hesab edilir.

Asılılıq şəxsin istifadə etdiyi maddə üzərində idarəetməsini itirməsi və onsuz yaşaya bilməməsidir. Bu gün təəssüflər olsun ki, aramızda narkotik maddə istifadəçiləri kifayət qədərdir. Əvvəlcə əyləncə, stressin atılması, rahatlama məqsədilə qəbul edilən bu vasitələr sonradan insanın kabusuna çevrilir. Uzun müddət narkotik vasitə qəbul edənlər maddi-mənəvi-fiziki baxımdan yoxsullaşır.

Həkim narkoloq İkram Əliyevin sözlərinə görə, narkotik maddələr duyğulara təsir edən zaman müxtəlif əlamətlər ortaya çıxır. Ancaq bu əlamətlərin heç biri real olmur.

"Narkotik vasitələr insanı xoşbəxt, şən, gərgin və ya narahat, halusinasiyalar görən birinə çevirə bilər. Ortaya çıxan bu dəyişikliklərin səbəbi, narkotik maddənin beynin kimyasına və beyindəki sensorlara təsir edərək onları dəyişdirməsidir. Maddələrin bu rahatlıq hiss etdirən təsirləri, psixoloji vərdişlərə və ya asılılığa səbəb olur. Psixoloji vərdiş bir maddəni istifadə etdiyiniz zaman yenidən onu istfadə etmə istəyidir. Bu istək eyni gecə və yaxud iki həftə sonra ortaya çıxsa belə nəticə eynidir".

Həkim qeyd edir ki, narkotik vasitələrin ən ağır təsiri isə fiziki asılılıqdır. Bu zaman bədən təkrarlanan maddə istifadəsi zamanı maddənin ani təsirlərinə qarşı müqaivət göstərir və fiziki asılılıq meydana gəlir. Fiziki asılılğın aradan qaldırılması üçün bəzən illərlə sürən müalicəyə ehtiyac olur. Fiziki asılılıq ortaya çıxdıqdan sonra istifadə edilən maddənin miqdarını azaltmaq və ya tamamilə kəsmək cəhdləri çox sayda problemin ortaya çıxmasına səbəb olur. Narkotik istifadəçisi bədənin müqaviməti yarandığı üçün zaman keçdikdə qəbul etdiyi narkotik vasitənin miqdarını artırır. İlk dəfə aldığı həzzi almaq üçün bu miqdar hər dəfə bir qədər artırılır.

Narkotik vasitələrdən heroin, kokain, amfetmin, marixuana, ekstazi, halusinegenlər, sintetik kannabionid (bonzai, jamaykan) və s. çox istifadə edilən maddələr sırasındadır.

  • Marixuana, ruhi xəstəliyə səbəb ola bilər. Belə ki, marixuana istifadəçilərinin şizofreniya olma riski sağlam insanla müqayisədə 7 dəfə çoxdur. Mütəmadi olaraq və tez-tez istfadə edildiyi zaman asılılıq yaradır. Şəxsin düşünmə, öyrənmə və problemləri həll etmə gücünü azaldır. Panik atak və depresiyaya yol açmaqla yanaşı; tənbəllik, paranoya, küskünlük, həssaslıq, yuxu pozuntusu və s. səbəb olur.

    Marixuana, uzun müddət istifadə edildiyi zaman ağciyər xərçənginə yol aça bilər.

  • Heroin, güclü asılılıq yaratma qabiliyyətinə malikdir. Ürək bulanması, qusma, mədə spazmları, baş gicəllənmə, qəbizlik, diş çürüməsi, cinsi istəyin azalması, nəfəs çatışmazlığı və ölümə səbəb olur.
  • Kokain; burun qanamaları, beyin damarlarında tıxanma, beyindaxili qansızma, cinsi iqtidarsızlıq, miqren və  başağrılarına səbəb olur.
  • Ekstazi; yuxusuzluq, müvəqqəti paranoya, ürək çatışmazlığı, təzyiq və epilepsiya xəstəliyi olanlarda ciddi problemlərə səbəb olur. Diş sıxma, keçməyən qulaq cingiltisi, ürək atışının sürətlənməsi, titrəmə, iştahsızlıq, həddən artıq hərəkət səbəbilə su itkisi və bədən hərarətinin artması səbəbilə ilə ölümə yol açır. Eyni zamanda, böyrək və qaraciyər çatışmazlığı yaradır.
  • Amfetamin; iştahın azalmasına, yuxusuzluq, narahatlıq, şübhəçilik və düşmənlik duyğusu yaradır. Beyin damarlarında, ürəkdə və həzm sistemində əks təsirlərə səbəb olur.
  • Sintetik kannabionid; sürətli və kəskin asılılıq yaradır. Öyrənmə və yaddaşa mənfi təsir edir. Marixuanadan 90 dəfə güclü təsirə malik olan sintetik ölümə səbəb olur.
  • Halusinogenlər; ürək bulanması, qusma, paranoya, psixoz, panik-atak, yüksək təzyiq və qəlb atışnın artmasına yol açır.

Həkimin sözlərinə görə, bəzi şəxslər uçucu maddələrə üstünlük verir. Yapışdırıcılar və çaxmaq qazı beyin hüceyrələrinə toksik təsir göstərir. Baş gicəllənməsi, görmə qabiliyyətinin itməsi və s. mənfi təsirləri var.

Mütəxəssisin fikrincə, narkotik vasitələrin istifadəsinə gənc və yeniyetməlik yaşında meyillilik daha çox olur. Maraq, dostların təsiri, problemlər qarşısında çarəsizlik, özünü sübut etmə hissi gənci narkotik istifadəçisinə çevirir.

"Valideynlər övladlarını yaxşı tanımalıdır. Övladınız özünü ifadə edə bilmirsə, həddən artıq həssaslıq nümayiş etdirirsə, stresə dözümsüzdürsə, münasibət qurmaqda çətinlik çəkirsə, aqressiv davranışlar, üsyankarlıq, məktəbdə uğursuzluq, psixoloji problemlər müşahidə edirsinizə, onun narkotik istifadə edə biləcəyini düşünməlisiniz. Bəzən valideynlər düşünür ki, uşağı müalicə etdirirsə, o, bu problemdən birdəfəlik uzaqlaşacaq. Bu yalnış fikirdir. Bəzən isə hər kəsin istifadə etdiyi fikri də yaranır. Bu da yalnış fikirdir. "Gəncikdə belə şeylər olur, gələcəkdə tərgidəcək", "dostumun narkotik qəbul etməsi mənə təsir etməz", "marixuana, spirtli içki və siqaretdən təhlükəli deyil", şəxs hər gün narkotik maddə qəbul etmirsə, o, aludəçi deyil", "mən bacararam, mən asılı olmaram" fikirləri yanlış fikirlərdir."

Həkim qeyd edir ki, övladınızı narkotik vasitələrdən uzaq saxlamaq üçün onun ətrafını tanımaq və uyğun olmayan şəxslərdən uzaqlaşdırmaq lazımdır.

"Övladınız yaxşı yata bilmirsə, dalğınlıq, halsızlıq, yorğunluq və istəksizlik müşahidə edirsinizsə, arıqlayırsa, yaxşı yemək yemirsə, gözləri qan çəkibsə, göz bəbəklərində daralma və ya genişlənmə görürüsünüzsə, danışanda çətinlik çəkirsə, dərisində ləkələr və ya yaralar, iynə izləri varsa ondan şübhələnməlisiniz.

Övladınız anidən dostlarını dəyişirsə, bəzən sakit, bəzən əsəbi olursa, sizinlə söhbəti azaldıbsa, evdə az olursa, tez-tez çimirsə, çox pul xərcləyirsə, özünə baxmırsa narahat olun. Panikaya düşmədən sakitcə söhbət etməyə çalışın. Vəziyyəti bir müddət nəzarətdə saxlayın. Övladınızın əhatəsini araşdırıb problemi tapmağa çalışın. Və nəhayət, həkimə müraciət edin. Çalışın həkimin tövsiyələrinə əməl edəsiniz" - deyən mütəxəssis qeyd edib ki, problem vaxtında həllini tapmasa, sonradan bu daha ağır sonla nəticələnə bilər.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »